Bu il Kazan şəhərində sentyabrın 6-dan 11-nə kimi növbəti “Altın Minbər” Beynəlxalq kino festivalı keçirildi. Artıq iyirmi il Tatarıstan Respublikasının paytaxtında geniş şəkildə qeyd olunan bu festivalın əsas qayəsi onun şüarında yazılıb – mədəniyyətlərarası dialoqdan, dialoq mədəniyyətinə.
Dialoq mədəniyyətinin nə demək olduğunu gerçəkdən anlayıb duymaqdan ötrü, qədim Kazan əlverişli imkan yaradır. Buranın tarixi mərkəzi sayılan küçələrində ard-arda düzülən iki-üç mərtəbəli memarlıq nümunələrinin, binaların, qapıların, haşiyələrin, üstü əlavə naxışlarla işlənmiş çərçivəli pəncərələrin, böyük küçələr arasında əlaqə açan döngələrin, ara-sıra rasta çıxan böyüklü-kiçikli abidələrin hər biri əsrlərdən bəhs edir, neçə-neçə nəsillərin həyatından söz açır. Doğrudan da, tarixi binalar şəhərə yeni tikililərdən, səpələnmiş şəkildə boy atan müasir göydələnlərdən daha artıq əzəmət verir. Çünki belə evlər göylərə deyil, tarixlərə doğru uzanır.
Əgər bir şəhərin qədim əfsanələri yoxdursa, deməli, orada tarixin özü də yoxdur, yaxud da unudulub. Kazanda tarixi əfsanələr çoxdur. Məsələn, deyirlər İvan Qroznı şəhəri işğal edəndə xanın dul arvadına evlənmək təklifi edir. Xanın zövcəsi cavab olaraq, çarın qarşısına şərt qoyur – yeddi günə yeddi mərtəbəli qəsr tikilsin. Çar bu şərti qəbul edib yeddi günə yeddi mərtəbəli qəsr tikdirir. Qəsr hazır olan kimi xanın qadını yeddinci mərtəbəyə qalxaraq oradan özün yerə atır. Şəhərin sakinləri bu qəsrə qadının adını qoyurlar – Süyünbikə.
Amma əslində, qəsrin tikintisinə iki ildən artıq vaxt sərf olunub. 1552-ci ildə İvan Qroznı şəhəri alandan sonra Süyünbikəni özü ilə Moskvaya aparıb, orada onu knyazlardan birinə ərə verib, Kazan isə bu günə qədər Rusiyanın Şərqə doğru ən güclü istehkamlarından biri olaraq qalmaqdadır. Tarixlə bağlı maraqlı faktlardan biri də odur ki, Kazan alınandan sonra rusların “tatar” adlandırdıqları türk əsilli yerli əhali Volqa çayından o biri sahilinə köçürülmüş, orada özlərinə Tatar kəndi deyilən bir ərazi salaraq yüzillərlə doğma şəhərdən bir sahil aralı düşmüşlər. Əfsanələrdən biri də deyir ki, qış bayramlarında şəhərdə yerləşdirilmiş ruslarla kənddə yaşayan tatarlar, donmuş Volqa çayının üstündə bir-birilə yumruq yarışına çıxar, bir-birlərinə isti münasibətlərini yumruq dilinə çevirərdilər.
– Mədəniyyətlərin dialoqu, – bu maraqlı əhvalata biz festival iştirakçıları zarafatla belə ad verdik. Belə bir zarafatın əslində yeri var idi.
Bu il Beynəlxalq Kazan Kino festivalının keçirilməsinin iyirminci ili tamam olurdu. Yubiley ilində müsabiqədə iştirak etməkdən ötrü dünyanın 47 ölkəsindən müxtəlif format və janrlarda çəkilmiş beş yüz adda film göndərilmişdi. Festivalın seçim komissiyası onların içindən əlli bir filmi seçib əsas yarışa daxil etmişdilər. Razılaşın ki, beş yüz filmdən əlli birini seçmək əziyyətli işdir. Ondan da əziyyətli, bu seçilmiş əlli bir filmdən yalnız birini ən yaxşı film kimi ayırıb, onu Qran-priyə layiq görmək idi. Bu məşəqqət isə münsiflər heyətinin üzərinə düşürdü. Bəlkə də elə buna görə dünyanın on müxtəlif ölkəsindən, Türkiyədən, Hindistandan, İraqdan, Omandan, Misirdən, Özbəkistandan, Rusiyadan, Qırğızıstandan, Tatarıstandan olan münsiflərin müzakirəsi həddən artıq gərgin keçirdi. Müzakirələr bəzən mübahisələrə çevrilir, bəzən isə, hətta qış vaxtı donmuş Volqa çayının üzərində, yuxarıda mədəniyyətlərin dialoqu nümunəsi kimi xatırlatdığım bayram yarışmasını oxşayırdı. Doğrudur, o yarışmadan fərqli olaraq, buradakı meydanda sözün gücü, inandırmaq və əsaslandırmaq bacarığı ilə mübarizə aparılırdı. Münsiflər heyətinin sədrinin, türkiyəli, Kazanda məşhuri-cahan olduğuna əmin olduğum “Ərtoğrul” serialının rejissoru Mətin Günayın çılğın xarakterini də nəzərə alsaq, müzakirələrin hansı səviyyədə getdiyini təsəvvürə gətirmək çətin olmaz.
Mən NETPAC bölümünün münsiflər heyətinin sədri idim. Bizim qrup əsas müsabiqənin tammmetrajlı bədii nominasiyasına daxil olan filmlərdən birini NETPAC-in xüsusi mükafatına layiq görməliydi. Ona görə də bu hesabat yazımda yalnız bu nominasiyaya daxil olan on filmdən danışacağam.
Qazax rejissoru və ssenari müəllifi Ashat Kuçinçerekovun “Baurına Salu” filminin adı heç bir dilə tərcümə olunmur. Bu söz Qazaxıstanda qədim bir adəti bildirir. Uşaq doğulanda valideynlər işləri çox olduğundan onu böyüdüb tərbiyə etməkdən ötrü nənəsinə verirlər və nənə yanında böyüyən uşaq həddi-büluğa çatıb valideyn evinə qayıdanda, sanki yad adamların əhatəsinə, yad mühitə düşür. Bu yadlıq ata və oğul arasında, az qala, keçilməz səddə çevrilir. Əgər müsabiqədə “Ən yaxşı uşaq rolu” nominasiyası olsaydı, ona bu filmdə baş rolu ifa edən yeniyetmədən yaxşı namizəd ola bilməzdi. Ümumiyyətlə, Qazax filmi, daha çox, aktyorların təbii oyunu ilə yadda qalır. Hər kəsin orada öz işi var, biri mətbəxdə ucqar kəndlərdə gündəlik yeyilən təamlardan birini bişirir, biri ərzaqları istidə xarab olmaqdan qorumaq üçün buz daşıyır, digərinin başı əkin işlərinə qarışıb, o birisi qəbir qazır, atanı oynayan aktyor evə təzəcə gətirilən vəhşi atdan təsərrüfatda istifadə etmək üçün, onu əhliləşdirməklə məşğuldur. Sadaladığım və həmçinin unutduğum məişət işlərinə başları qarışan aktyorların bəlkə də yadlarından çıxır ki, filmə çəkilirlər və elə buna minnətdər olaraq əksər epizodlar reportaj təsiri bağışlayır. Bu, təqdirəlayiq üslubdur, tamaşaçını inandırır. Aktyorları məşğul etməkdə məharət göstərən rejissor, dramatik materialıın öhdəsindən gəlməkdə çətinlik çəkir, bu da təbiidir, çünki qədim xalq adətinin fəsadı həddən artıq şişirdilib, sonluq verə bilmir.
Özbək kinematoqrafçılarının çəkdiyi “Təkamül” filmi təbiətin dörd ünsürünə uyğun olaraq dörd hissəyə bölünüb və hər bir hissəyə bu ünsürlərin adı verilib – Su, Hava, Od və Torpaq. Hər şey oddan başlayır, Sovetin son illərində məktəbi qızıl medalla bitirən, Şərq və Qərb dillərində doğma dili səviyyəsində danışan vunderkind oğlan, könüllü olaraq Əfqanıstanda vuruşmağa kedir, yaralanır, əsir düşür, oddan keçir, ardınca, onu xilas edən mücahidlərin başçısının qızı ilə evlənməyə hazırlaşır, amma uğursuz alınır. O, qanlı faciə ilə sona yetən toy mərasimdən qaça bilir, hava ilə Qərb ölkələrindən birinə uçur, orada sıfırdan bizneslə məşğul olur, son dərəcə varlı adama çevrilir. Lakin ona qarşı ard-arda sui-qəsdlər edilir və hər dəfə onun əvəzinə başqa bir adam həlak olur, nəhayət, sonda, qocalmış, müflisləşmiş halda doğma evinə, torpağına qayıdır. Bədii əsəri, həmçinin filmi məlum ideyalar, məlum sxemlərlə yükləmək heç vaxt, hətta uğurlu tapıntılara baxmayaraq, lazım olan effekti vermir. Bütün bunlar kinematoqrafik materialın özündən doğanda, filmin özündə kəşf edən zaman baxımlı və düşündürücü olur.
Sovet dövründə kino ilə bağlı tənqidi yazılarda tez-tez istifadə olunan “ideya istiqaməti” ifadəsi, filmin hakim partiya tərəfindən aparılan siyasətə nə dərəcədə cavab verib-vermədiyini nəzərdə tuturdu. Bu ifadəni bu gün, fransız dilindən götürülmüş “anqajement” sözü ilə əvəz edirlər. Anqajement, filmi (yaxud digər başqa yaradıcı məhsulu) istiqamətləndirmək mənasına gəlir. Festivalın tammetrajlı bədii filmlər bölməsində iştirak edən “Furulo” adlı Əlcəzair filmində anqajement dərhal gözə çarpır. Fransa müstəmləkəçiliyindən qurtulmuş bu xalqın bütün çətinlikləri, ucqarlarda yaşayan adamların çox zaman dözülməz həddə çatan ağır həyat tərzinin əsas səbəbi, burada maarifin, təhsilin olmaması ilə əlaqələndirilirdi. Əlcəzairin Maarif və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə çəkilən bu filmin sonunda cavan oğlan, bütün bu dağların əhatəsində yaşayan ailənin ümidi olan Furulo adlı oğlanın məktəbdə təhsil almaq üçün şəhərə göndərilməsi təntənəli sonluğuna çevrilir. Süjeti və ümumi ovqatına görə, müəyyən qədər, Satyacit Rayın “Yol nəğməsi” filmini xatırlatsa da, bu filmdə orijinallıq, inandırıcılıq da yox deyil. Sosial problemlər, etnoqrafik elementlər baxımından diqqət çəkir, zövq verə bilir.
Houşəng Gülməkani İranda kino tənqidçisi, dramaturq və yazıçı kimi tanınır. “Film Emruz” adında kino jurnalının təsisçisi və baş redaktorudur. Onun bu il yetmiş yaşı tamam oldu və elə bu il o özünün romanı əsasında “Ahu” adlanan debüt filmini çəkdi. Film çəkmək, xatirələr, gündəliklər, kitablar yazmaq kimi, heç vaxt gec deyil. Əksinə, tamaşaçılar bu zaman olduqca maraqlı, yeni bir yanaşma ilə tanış olur. Bir də, rejissorların öz filmlərinin ssenari müəllifi olmağı, hazırladıqları tamaşalara pyes yazmaqları getdikcə ənənəyə çevrildiyi kimi, yaxın zamanlarda ssenaristlərin, yazıçıların da yazdıqları əsərlərin özləri tərəfindən ekranlaşdırılması, yaxud tamaşaya qoyulması yaradıcılığın digər formatda davamı kimi adi hal kimi qəbul ediləcək. Niyə də yox? Bunu alqışlamaq lazımdır.
“Ahu” ingilis, rus dillərinə tərcümədə “Gazelle”, (rus dilində “Газель”) kimi tərcümə olunur. Bir növ bizim dildə qəzəl sözü ilə səsləşir. Rejissor, filmin nümayişindən sonra onu da qeyd etdi ki, Şərq ədəbiyyatında qəzəl deyilən janr var və film bu janrda çəkilib. Doxsan dəqiqəlik “Ahu” filmində süjet, demək olar ki, yoxdur. Hərçənd müəyyən məqamlarda intriqa yaranır, amma hər dəfə tamaşaçıya məlum olur ki, onun hadisə gözləntisi yanlışdır. Dünyanın sonsuz ahəngi qarşısında bütün problemlər mikroskopik şəkildə yarandığı kimi dərhal yoxa çıxır. Yoxa çıxmayan – gözəllikdir. İnsan yalnız gözəllik dilində sonsuzluqla danışa bilər. Ağac üzərində yonma sənət ilə məşğul olan gözəl, cavan bir xanım meşəliklərdən ibarət təbiətin gülşad bir guşəsinə gəlir. Burada hamı gəlmədir və bir gün gəldikləri kimi də yoxa çıxırlar, filmin sonunda qız da yoxa çıxır. Və biz nəhəng, gözəl, həyəcanlandıran, hətta azca vahimələndirən genişliklə üz-üzə qalırıq.
Rejissorla ilə görüşdə tamaşaçılardan biri, ona bu filmi çəkərkən Tarkovskidən təsirləndiyi ilə bağlı sual verdi. Çox güman ki, “Solyaris” filmi nəzərdə tutulurdu. Gülməkani öz filmi ilə əlaqədar Tarkovskinin adının xatırlanmasından məmnun olduğunu bildirsə də, onun daha çox Kşiştof Kislovski və Abbas Kiarostamidən öyrəndiyini dedi. Açığını deyim ki, mən də bu filmin müəyyən epizodlarında “Solyaris”i gördüm. Lakin bu, filmin orujinallığını, yeniliyini zərrə qədər də azaltmır.
Kazan festivalında bir-birinin ardınca filmlərə baxdıqca, sanki adamın gözü tox, doyumlu nahara əlavə desert kimi çəkilən Avropa, Amerika filmlərindən dincəlirdi. Avropa, Amerika kinoda öz sözünü deyib, indi gözə xoş gələn, başalladan desertlər düzəltməklə məşğuldur. Asiya, xüsusilə İslam ölkələrində çəkilən filmlərdə isə sanki yeni ərazilərə qədəm qoyursan, hələ axtarılır, hələ bu ərazilərin tərkində nələrin gizləndiyi kəşf olunmayıb.
NETPAC-ın münsif heyəti “Ən yaxşı film” mükafatını verməkdən ötrü iki filmin arasında tərəddüd edirdi. Onlardan biri Hindistandan olan gənc rejissor Haobam Rahab Kumarın öz ssenarisi əsasında çəkdiyi “İosifin oğlu” (və ya “Yusifin oğlu”) filmi idi. David adlı gənc futbolçu üç gündür getdiyi yerdən evə qayıtmayıb. Ana, atanı oğlunun ardınca göndərir. Ata polisə müraciət edir. Ona deyirlər ki, buradan üç-dörd qəsəbə o yandakı meyitxanada bir gənc oğlanın meyiti var. Ata ora getməkdən ötrü yola çıxır. Dağlarda etnik qarşıdırma son vaxtlar daha da güclənib, hər gün neçə-neçə qətllər baş verir. Buna baxmayaraq, ata, deyilən yerə yollanır. Dəfələrlə ölümlə üzləşə-üzləşə dağları keçib, deyilən yerə çatır, meyitxanada meyitin üzünü açıb baxır. Bu onun oğludurmu? Müəlliflər bunu bizdən gizlədir. Aktyorun üzündən bunu oxumaq istəyirik. Lakin atanı oynayan aktyor da məharətlə bunu bizdən gizlədə bilir. Seansdan sonra rejissorla şəxsi söhbətdən məlum edəndi ki, ata rolunun ifaçısının peşəkar aktyor olmadığını biləndə, ona “əhsən” deməkdən savayı bir sözümüz qalmadı.
Təqdim olunan əksər filmlərin əsas motivi yol idi. Əslində, burada təəccüblü heç nə yoxdur, bizim həyatımız, ömrümüz də yoldur. Əsas, hara getdiyini müəyyən etməkdir. “Aşiqlər dağı” adlı tatar filmində qəhrəman, orta yaşlarında, özünə uğurlu karyera qurmuş bir kişi heç vaxt üzünü görmədiyi atasının ardınca başqa bir şəhərə yollanır. Onun anası, gənc vaxtı sevdiyi, sonra müharibəyə yola saldığı oğlandan sonra ərə getməyib. Artıq qoca qarı olub, amma hələ də hal-hazırda söküntü üçün plana düşən köhnə evində oturub sevdiyi oğlanın yolunu gözləyir. Oğlu gedib başqa şəhərdə ömrünün bitməsinə az qalmış qoca atasını tapır və onu öz maşınında evə gətirir. Yolda ata və oğul arasında mürəkkəb, gərgin, amma son dərəcə məhrəm münasibətləri müşahidə edirik. Rejissor Salavat Yuzeyev bu filmi öz atasının, Tatarıstanın məşhur dramaturqu olmuş Eldar Yuzeyevin pyesi əsasında çəkib. Rejissor özü filmi çəkə-çəkə sanki mərhum atasının ruhunu çağırıb, onunla yol gedib və demək olar ki, son dərəcə şəxsi film meydana gətirə bilib. Amma, ən maraqlısı odur ki, bu film hər bir tatar tamaşaçısının ürəyinə yol tapır, hər kəsin şəxsi filminə çevrilir. Bunu filmdən sonrakı çıxışlarda, onun necə ruh yüksəkliyi ilə qarşılandığını müşahidə etdim. Açığı, bir az həsəd apardım. Film bir xalq mahnısının üzərində rəvayət kimi çəkilib. Məgər bizdə onilllərlə tatar tamaşaçısı üçün kult kinoya çevriləcək bu filmə bənzər mövzu azdır mı? Rejissorlara deyirəm, desert axtarmayın, Avropa kinosunu təqlid etməyin, xalq mahnılarımızı, anaların dualarını, oğulların borcunu, qoca ataların dəyanətini kinomuza gətirin. Ruhumuzu oxşayın. Tamaşaçı filmi çəkin.\
Şri-Lankadan olan rejissor Prasanna Vizenecin “Cənnət” filmi uğrunda əsl döyüş getdi. Xüsusilə, münsiflər heyətinin üzvü, görkəmli ssenarist və rejissor Yusup Razıkov az qala bu filmin patriotuna çevrilərək, ona Qran-Pri tələb edirdi. Sosial problemlərdən bəhs edən bu filmdə iki gənc, cavan kişi və qız, yaşadıqları ölkənin cənnət sayılacaq bir guşəsinə dincəlməyə gəlirlər. Gecənin bir aləmi onların qaldığı evə girib özləri ilə gətirdikləri notbuklarını oğurlayırlar. Sən demə, hakim dairələrlə yaxın əlaqəsi ilə oğlanın bütün biznesi, özünün dediyi kimi gələcəyi bu notbukda imiş. Odur ki, o, yerli polisdən bir günün ərzində onun notbukunu tapıb qaytarmağı tələb edir. Əks təqdirdə, ən yüksək səviyyədə ciddi ölçü götürüləcək. Bundan təşvişə düşən polis onsuz da çətin durumda olan yerli əhaliyə divan tutmağa başlayır. Bir nəfər günahsız oğlan amansız işgəncələrə davam gətirmir. Onun ölümü xalq kütlələrini ayağa qaldırır. Notbukunu tələb edən oğlan da bu çaxnaşmada həlak olur. Gözümüz qarşısında, cənnət dönüb cəhənnəm olur. Cəhənnəmi yaradan insanlardır, insanlar olmasa dünya cənnət olaraq qalardı.
Eynilə Banqladeş rejissoru Liza Qazinin çəkdiyi “Şahanənin adına olan ev” filmində də sosial problemlər qaldırılır. Dipa adlı gənc qız on yeddi yaşında sevdiyi bir oğlanla evdən qaçır. Amma az sonra, qoşulub qaçdığı oğlanın simasız, mənəviyyatsız bir adam olduğunu anlayıb ondan ayrılaraq evə qayıdır. Evdə tənha və xəstə atası onun günahından keçir. Az sonra, varlı, son dərəcə dindar bir adam qıza elçi düşür. Dipa ağır şərtlərə, sərt qaydalara əməl etməyi tələb edən dindar ərinə heç bir ay belə davam gətirməyərək boşanıb evə qayıdır. Dipa üçün daha bir problem, atası ilə yaşadıqları evin keçmiş ərindən də sərt, ənənəçi əmisinin əmlakı olmağıdır. O, əmisinin tələblərini, ən azı xəstə atasına görə yerinə yetirməlidir. Amma bu evin əslində Dipanın mərhum anası Şahanənin adına olmasını öyrənəndə, filmin xoşbəxt sonluğu üçün tam şərait yaranır. Anası yerli ənənələrin ağır, hətta dözülməz şərtlərindən qurtulmaq üçün ölümü seçir, quş kimi, bu evdən uçub gedir, Dipa isə həyatı – Amerikada universitet həyatını seçir. Adət və ənənələrə qarşı, Qərb liberal dəyərlərinə heyranlıq ruhunda çəkilmiş bir filmdir. Filmin adı xoşuma gəldi. Biz Dipanın anasını görmürük, deyilir ki, adı kimi şahanə qadın olub. Buna tamaşaçıda şübhə qalmır. Dipa özü də şahənə qadındır, köhnəliyə, cəhalətə sinə gərməyi bacarır və sonda qalib gəlir. Belə sinə gərən qadın qəhrəmanlar bizim ədəbiyyat və kinomuzda da olub – Sevil, Almaz…
Yakutiya kinosu son on ildə bir çox festivalları fəth edib, baş mükafatlar qazanıb. Kazanda keçirilən builki kino festivalı da istisna olmadı. Münsiflər səs çoxluğu ilə baş mükafatı Aleksey Romanovun “Əbədi qar əfsanələri” filminə verdilər. Qar, od, yurta, kürk, ruhlar və hardansa uzaqlardan gələn monoton musiqi ilə müşayiət olunan nazik, incə zümzümə. Bu ünsürləri əksər yakut filmlərində görmək olar. Nikolay Zabolotskinin rəvayət janrında yazdığı hekayənin əsasında çəkilən bu filmdə də eyni elementlər iştirak edir. Film iki əfsanə üzərində qurulub. Hadisənin baş verdiyi məkandan çox-çox uzaqlarda yaşayan varlı, amma qoca, demək olar ki, ölüm ayağında olan bir knyaz orada gözəl bir qızın olduğunu eşidib qızıllar, hədiyyələrlə elçi göndərir. Qızın atası və anası sevincək bütün bu var-dövləti verib qızlarını ölümə tək getmək istəməyən qoca knyaz üçün yola salırlar. Qızdan istəyib-istəmədiyini heç kim soruşmur. İkinci əfsanə də gözəl bir qız haqqındadır. Onun valideynləri yoluxucu xəstəliyə tutulub ölürlər. Onların qızlarının əfsanəvi gözəlliyinə baxmayaraq heç kim ona yaxın durmur. Qız məcbur olub yol kənarında özünə yurta salır, yoldan keçən gənc yolçular bu qızın yurtasında qalıb, bu məlakə ilə bir gecəlik cənnətə səyahət edirlər. Səhər, hər dəfə öldürüləcəyinə ümidlə, qız onlara yoluxucu xəstə olduğunu açıb danışır. Bunu eşidən cavan kişilər canlarını qurtarmaq üçün buradan qaçır və haradasa ölürlər. Qız artıq buna dözməyib özünü asır. Sən demə onun yanında olan, onunla cənnətə səyahət etmiş kişilərdən biri ölmür, sağ qalır və hazırda o, birinci əfsanədəki qızı qoca knyaz üçün aparan dəstənin başçısıdır. Lakin yoluxucu qızın ruhu sağ qalan adamın canı üçün gəlib tufan qoparır və birinci əfsanədəki ölüm ayağında olan olan knyaz üçün aparılan gəlini xilas edir.
İnsanlar nağılı sevir, ona görə də münsiflər festivalın Qran-pri-sini “Əbədi qar nağılı” filminə verdilər.
Amma bizim, NETPAC-ın “Ən yaxşı film” mükafatına layiq gördüyümüz, türk rejissor Fikrət Reyhanın çəkdiyi “Şüşə pərdə” (“Cam perde”) filmi nağıldan çox-çox uzaqdır, bu da Antik Yunan faciəsi, konkret “Medeya” əsəri ilə müqayisə oluna bilər. Nəsrin, onunla eyni sosial təbəqədən olmasına, dörd yaşlı oğlunun olmasına baxmayaraq, ona tamamilə yad, xaraktercə qəti uyğun gəlmədiyi Ömər adlı ərindən ayrılır. Sevdiyi Səlim adlı gənc kişi ilə evlənməyə hazırlaşır. Həm də, artıq ondan hamilədir. Ömərin ailəsi, ata və anası, qəti şəkildə bildirirlər ki, dörd yaşlı oğlanı Nəsrinə verməyəcəklər. Ömər də oğlunun yad adamın evində böyüyəcəyinə ölsə də imkan verməyəcəyini bildirir. Səlim başqa təbəqənin adamıdır, onun prokurorlar, digər vəzifəli adamlarla yaxın, qohumluq əlaqəsi var və Nəsrindən əl çəkməyən Ömərin yaxşıca dərsini vermək, sonra da onu türməyə salmaq istəyir. Buna Nəsrin imkan vermir. Bundan başqa, Nəsrinin daxilində nə baş verirsə, Ömərlə keçmişini görmədiyi kimi, Səlimlə gələcəyini görmür. O, filmin sonunda abort üçün həkimə zəng vurur. Sonra küçədə harasa gedir, Ömər də onu küçədə izləyir. Daha sonra isə Ömər də, Nəsrin də yoxa çıxır. Biz, qəhrəmanlarsız, səs-küylü həyatını davam edən küçəyə baxırıq.
“Şüşə pərdə” filmini “ciddi kino” adlanan filmlər silsiləsinə aid etmək olar. Kino isə bildiyimiz kimi kameranın obyektivindən çəkilir. Kameranın obyektivi isə şüşədən olur. Deməli bizim gördüyümüzlə, filmdə gösrtərilən real hadisənin arasında şüşədən də olsa, pərdə var. Deməli, biz tamaşaçılar əslində, orada nə baş verdiyinin yalnız otuz faizini görürük. Yerdə qalan faizi pərdənin görünməyən tərəfində qalır.
Belə… Festivaldan zəngin təəssüratla ayrıldım. Otuz faiz görmək, heç görməməkdən xeyli yaxşıdır. Bizdə hələ ki festival keçirilmir, hələ ki kino sənətində hansı proseslərin getdiyini yalnız yazılardan və qonaq düşdüyümüz festivallardan öyrənirik. Yəqin ki, belə festivallardan birinə biz də nə vaxtsa ev sahibliyi edəcəyik.
Nadir Bədəlov