S.Sultanova: ``ADMİU tələbələrdən texniki keyfiyyət yox, yaradıcı keyfiyyət tələb etməlidir``
Kinotənqidçi Sevda Sultanova milli kinematoqrafiyamızın aktual problemləri ilə bağlı Azlogos saytı üçün yeni məqalə hazırlayıb. Məqalədə ADMİU-da təhsil alan tələbələrin problemlərinə də toxunulub. Adıçəkilən məqalənin həmin hissəsini təqdim edirik.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplom filmi çəkən tələbələrinin şikayətlərini ictimailəşdirmək istəyirəm. Universitetin “Kino-televiziya sənətləri” kafedrasında kinorejissorluq ixtisası üzrə təhsil alan tələbələr, diplom filmlərinin çəkilməsi üçün onlara əlverişli şərait yaradılmamasından şikayətlənirlər. Dediklərinə görə, universitet diplom filmlərinə maliyyə ayırmadığı halda onlara yüksək tələblər qoyur. Məsələn, diplom filmlərinin 4K formatında çəkilməyi tələb olunur, bu isə tələbələrə maddi cəhətdən baha başa gəlir. Halbuki daha ucuz başa gələn HD formatı artıq dünyada peşəkar format hesab olunur. Lakin tələbə üçün bu formatda çəkmək də maddi yükdür.
Bundan başqa, tələbələr film çəkmək üçün texnika sarıdan ciddi problemlər yaşadıqlarını deyirlər. Universitetin bazasındakı montaj aparatı bütün tələbələr üçün əlçatan deyil, çünki aparatdan istifadə üçün növbə çoxdur. Digər tərəfdən, montaj aparatının keyfiyyətində də problem olduğu deyilir.
Tələbələrin sözlərinə görə, diplom filmlərini öz hesablarına çəkir, icarədarlardan bahalı texnika götürmək məcburiyyətində qalırlar. Bəzən filmə 1000-2000 AZN, hətta daha çox pul xərclənir.
Yaxşı olardı ki, rəhbərlik diplom mövzularını təsdiqləyəndə, böyük xərc tələb etməyən ssenarilər seçilsin. Sadə, azbüdcəli (və ya büdcəsiz), tələbələrin öz həyatına, şəxsi təcrübəsinə istinad edən, peşəkar aktyorların cəlbinə ehtiyacın olmadığı ssenarilər məsləhət görülsün. Peşəkar aktyorlar da bəzən tələbədən qonorar tələb edirlər. Dünya praktikasında rejissorların debüt işlərində məşhur aktyorlar təmənnasız çəkilir. Bu təcrübə bizdə də var: Məmməd Səfa, Elşən Rüstəmov, Zemfira Əbdülsəmədova, Gülzar Qurbanova və başqaları debüt işlərə qonorarsız çəkilirlər.
Tələbədən texniki keyfiyyətin yox, yaradıcı keyfiyyətin tələb olunması (aktyorla iş qabiliyyəti, hadisəyə müəllif mövqeyi, vəziyyətlərin psixoloji təsvir həlli, montaj və ssenari qurmaq bacarığı) doğrudur. Yəni tələbə, mobil telefonla çəksin, amma yaradıcılıq baxımından keyfiyyətli iş görsün.
Ümumiyyətlə, universitet diplom işlərinə maliyyə ayırmırsa, texniki baxımdan yüksək iş tələb edə bilməz. Yox, əgər tələb edirsə, onda, universitet filmdə bir növ prodüser qismində iştirak etməlidir. Əgər universitetin maliyyəsi və yaxşı texnikası yoxdursa özəl prodakşnlarla, xüsusilə, “Azərbaycanfilm”lə, AzTV, İTV ilə sıx əməkdaşlıq edə bilər ki, bu qurumlar tələbələrə təmənnasız texniki dəstək versinlər.
Bu məsələylə bağlı Universitetin Mətbuat Xidmətinə sorğu yollamışam. Cavab gələrsə, mövqeyi haqda yazacağam.
Sevda Sultanova