Əli İsa Cabbarov: DOKUBAKU filmləri Azərbaycan sənədli kinosu üçün diaqnozdur

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı davam edir və festivalın əsas mövzusu “Hisslər ±” dır.

Qeyd edək ki, təqdim olunacaq filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli isa Cabbarov festival haqqında düşüncələrini Aki.az-la bölüşüb: “Bu dəfə də proqram zəngin və düşündürücüdür. Maraqlı burasıdır ki, mən filmlərə baxanda öz sənədli kinomuz haqqında düşünürəm. Düşünürəm ki, televiziya, sənədli kinomuzu tam məhv etmə ərəfəsindədir. Sənədli kino bütün dünyada televiziya estetikasından əziyyət çəkib amma həmişə müqavimət göstərib. Bizdə isə son vaxtlar sənədli kino iddiasında olan, əslində isə televeriliş estetikasında və ya buna yaxın stildə çəkilən sənədli videolar çoxluq təşkil edir. Televizia sənədli filmi bərabər hüquqlu müstəqil janrdı və “danışan başlar”, iri planların çoxluğu bu format üçün normaldır. Amma sənədli filmin həm də kino formatı var və bu formatda bizim çox uğurlu nümunələrimiz var. İndi isə sənədli filmlərimiz kinosuz, kino estetikasız qalıb. Sənədli kinodan “sənəd” gedib “təbliğat” qalıb. Səmimi və sadə insan hekayələri yoxdur”.

Ə.İ.Cabbarov onu da qeyd edir ki, Xamis Muradovun Aydın Dadaşovla birgə çəkdiyi insan dramları indi sənədli kinomuzda yox səviyyəsindədi, Teymur Bəkirzadənin “Dissonas” filmindəki kimi  təsvir həllərinə ümumiyyətlə rast gəlmirik, sanki  sənədli kinoda təsvir həlləri olmamalıdı: “Mədəniyyət Nazirliyinin aidiyyati şöbəsi bu  mövzuda çox diqqətli olmalıdı. Dövlətin dotasiyasında olan studiyalar kino formatında sənədli filmlər çəkməlidir. Televiziya sənədli filmlərini onsuzda telekanallarımız çəkir. O telekanalların büdcəsi kinomuzun büdcəsindən dəfələrlə çoxdur. Kinoya ayrılmış maliyyə vəsaiti telekanallarla kooperasiyada çəkilən sənədli filmlər arasında kino estetikasında çəkilmiş filmlər əsas yer tutmalıdır. İnsan səmimiyyətinə, insan hekayələrinə, maraqlı vizual həllərə, təsirli hekayələrə həsrət qalmış sənədli filmlərimizə, böyük hərflə KİNO qayıtmalıdı. Kino isə ilk növbədə insan deməkdir, onun hiss və fikirlərinin inikası deməkdir”.

Xatırladaq ki, 7  noyabr tarixinə qədər Azərbaycan Kinematoqrafçılarının Kino Evində, Daş Salnamədə və Kapelhausda DOKUBAKU filmlərinin nümayişi davam edəcək.

aki.az