Ən yeni tariximiz ekranda
21 fevral tarixində “Azərbaycan” Cinemada Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə, ən yeni tariximizi əks etdirən 3 qısametrajlı bədii filmin – “Mən qardaşımı axtarıram”, “Son payız” və “Hasar” filmlərinin nümayişi keçirilib. “Son payız” və “Hasar” qısametrajlı bədii filmləri Azərbaycanla Ermənistan arasında baş tutan müharibənin izlərini daşıyır. “Mən qardaşımı axtarıram” filmi isə “20 Yanvar” faciəsi zamanı qardaşını axtaran və ona kömək etməyə çalışan qonşunun timsalında bütün günahsız insanların qarşılaşdığı faciələr ümumiləşdirilib. Filmdə real və heç bir yerdə istifadə olunmamış arxiv kadrlardan istifadə olunub. Tamaşaçılar filmləri izlədikdən sonra müzakirələrə qoşulublar. “Hasar” filmi vizual olaraq çox xoşuma gəldi. Operator işi olduqca maraqlı idi. Filmdə nümunələr əslində sülhə xidmət edən nümunə kimi çıxış edirdi. Sadəcə axırda konfliktin həlli o qədər də sülhə aparmadı. Sonuncu səhnədə hasar daşının çırpılması və rejissorun da öz təbirincə desək, bir sərhəd qoydu. Düşünürəm ki, burada daxili auditoriyaya hesablanmış xətt oldu. Çünki sülh üçün olan məsələlərin həllinə getmədi” deyə yazar Orxan Adıgözəl bildirib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov çıxış edərkən Əli-Səttar Quliyevin ərsəyə gətirdiyi “Mən qardaşımı axtarıram” filminin tammetrajlı film potensialının olduğunu bildirib. “Rüstəm bəyin çəkdiyi film kimi filmlərə baxanda həmişə belə bir sual verirsən ki, bəs müsbət erməni yoxdur? Amma orada bir müsbət erməni var – kababçı. Ona görə müəllif baxışı obyektivdir. “Hasar” filmində isə mənim çox xoşuma gələn odur ki, orada erməni millətindən olan ananın fəryadı var. Yəni belə demək olar ki, ananın milləti yoxdur. Onun fəryadı hər yerdə fəryaddır. Balası üçün ağlayan ana hər yerdə, millətindən aslı olmayaraq eyni cür ağlayır”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi növbəti film nümayişi fevralın 28-də “Azərbaycan” Cinemada baş tutacaq.
aki.az