Əsəd Əsədov - 75

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış kino xadimi Əsəd Əsədovun anadan olduğu gündür.

Əsəd Əsədov 1 mart 1947-ci ildə Bakıda anadan olub.1970-ci ildə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur.

Onun ilk çalışdığı film rejissor Tofiq İsmayılovun “Körpüsalanlar” povesti əsasında ekranlaşdırdığı “Çarvadarların izi ilə” (1974) filmi olub. Bu filmə başlayanda artıq dublyajda işləmək təcrübəsinə sahib idi.

Ə.Əsədov deyir ki, bu peşəyə yiyələnməyi tam təsadüfdür. Orta məktəbi bitirəndən sonra  Leninqradda Kino mühəndisliyi ixtisasına qəbul olunub. Ali təhsili bitirdikdən sonra, 1970-ci ildə kinostudiyaya dəvət olunur. 6 aydan sonra isə səs operatoru kimi dublyaja başlayır. Və beləliklə də filmlərin çəkiliş meydançalarına dəvət edilir.

Ə.Əsədovun səs operatoru və  səs rejissoru kimi çalışdığı filmlər (“Çarvadarların izi ilə” (1974) , “Firəngiz” (1975), “Arxadan vurulan zərbə” (1977), “Mən mahnı qoşuram” (1978), “Qorxma, mən səninləyəm” (1981), “Bəyin oğurlanması” (1985), “Cin Mikrorayonda” (1985), “Qanlı zəmi) (1985), “Süd dişinin ağrısı” (1987), “Tələ (1991), “Fəryad” (1993), “Ailə” (1998), “Etimad telefonu” (2001), “Arxada qalmış gələcək” (2004), “Küçələrə su səpmişəm) (2004), “Əlvida, cənub şəhəri) (2006), “Biz qayıdacağıq” (2007), “Məhkumlar” (2007), “Silahdaşlar” (2019) və s.) janr etibarilə bir-birindən kəskin surətdə fərqlənir.

Əsəd müəllim bildirir ki, mənim vəzifəm qulaq asıb, səsi yazmaqdır, danışmaq mənim peşəm deyil: “Ona görə də danışanda həmişə məsuliyyət hiss edirəm. Bu gün səs yazılışında böyük irəliləyiş var, biz o vaxt səsi lentə yazırdıq. Səs rejissoru olmaq üçün sözsüz ki, insanda qulaq asmaq qabiliyyəti olmalıdır. Səsi yaxşı eşitməsən yaza da bilməzsən. Yumşaq səslərə nisbətən bərk səsləri yazmaq daha çətindir. Mən 150-dən çox filmdə səs rejissoru vəzifəsində işləmişəm”.

1993-cü ildə Ceyhun Mirzəyevin quruluş verdiyi “Fəryad” filmində “Ögey ana”nın balaca qəhrəmanı İsmayılın artıq böyüməsi, batalyon komandiri kimi Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşmasından bəhs olunur.

Yeri gəlmişkən, Qarabağ Müharibəsinə həsr olunan filmdəki hadisələr real faktlara əsaslanır. Filmdə səs operatoru kimi çalışan Ə.Əsədov bildirir ki, “Fəryad” filmində “Ögey ana” filmindən bir kadr var. O səsi yenidən yazmışıq: “Rəhmətlik Ceyhun Mirzəyev dedi ki, alınmaz, bəlkə yazmayaq. Yazdım və aktrisa Almaz Mustafayeva o səsi səsləndirdi. “Güllələnmə təxirə salınır” filmində Nəsibə xanım rəhmətə gedəndən sonra səsyazma yarımçıq qaldı. Həmin ərəfədə Qorxmaz Əlilini dəvət etdik ki, Nəsibə xanımı canlandırsın”.

Onun səs rejissoru olduğu, 2006-cı ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında Ramiz Əzizbəylinin çəkdiyi “Yalan” filmində Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin ağır-psixoloji durumları əks olunur. Belə ki, oğlunun müharibədə şəhid olması xəbərini həyat yoldaşından gizlədən atanın çəkdiyi mənəvi iztirabları filmin əsasını təşkil edir.

Səs operatoru olduğu, rejissor Rasim İsmayılovun 1990-cı ildə quruluş verdiyi “Tələ” filmində hadisələr Qarabağda baş verir. Qaçqınlar üçün qəsəbə tikintisində inşaatçılara köməyə gələn tələbələr və onlar arasında bir-birini sevən iki gəncin bir dəfə erməni quldurlarının uğursuz təxribatının şahidi olması filmin əsas süjet xəttini təşkil edir. Film gənclərin bugünkü həyatından, onların vətən təəssübkeşliyindən söhbət açır.

Ə.Əsədov onu da qeyd edir ki, filmdə aktyorun siması onun səsindən önəmlidir. Lakin səs obraza mütləq uyğun gəlməlidir: “Bir çox filmlərdə səs obraza uyğun gəlmədiyi üçün dəyişdirilib. Həmin filmlərdən “Ögey ana” filmində Nəcibə Məlikovanın canlandırdığı Dilarə obrazını aktrisa Hökümə Qurbanova, “Gün keçdi” filmində Leyla Şıxlınskayanın oynadığı Əsmər rolunu isə aktrisa Amaliya Pənahova səsləndirib. Elə aktyorlar var idi ki, səsləndirmədə işləyə bilmirdilər”.

1991-ci ildə səs operatoru olduğu “Yaramaz” filminə görə Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar mədəniyyət işçisi adına, 2003-cü ildə “Ailə” filmindəki işinə görə “ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti adından tanınmış kino xadimini 75 illik yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Aki.az

 

 

 

 

 

 

.