65 ilin işığı
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor-rəssam, Əməkdar incəsənət xadimi Adil Azayın ad günüdür, 65 yaşı tamam olur.
Adil Azay 12 fevral 1957-ci ildə Gəncə şəhərində dünyaya göz açıb.1972-1976-cı illərdə Rostovda Kino və Televiziya Texnikumunda, 1984-1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. İki sahə üzrə təhsil almaq Adil Azayın həyatında böyük rol oynayır və 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor-rəssam kimi fəaliyyət göstərməyə başlayır.
Çalışdığı bu illər ərzində onlarla filmlərdə rejissor-rəssam kimi yaradıcı gücünü sınayıb. Bu baxımdan da rejissor-rəssam kimi çəkilişinə qatıldığı filmlərdə (“Ötən ilin son gecəsi”-rəssam assistenti, “Gümüşgöl əfsanəsi”- rəssam assistenti, “Bircəciyim” – rəssam assistenti, “Hücum” -rəssam, “Qəzəlxan” – geyim rəssamı, “Səmədbəy” – rejissor, “Yük” -geyim rəssamı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” – rəssam, “Kleopatra” – rəssam, “Oyun” – rəssam, “Vahimə” – rəssam və s.) janr etibarilə fərqli olduğu qədər də, maraqlıdır.Bundan başqa, Adil Azay 2000-ci ildə ABŞ istehsalı olan “Ağrı” (2000, rejissor Oleq Harrincar) filmində də rəssam kimi çalışıb.
Adil Azay deyir ki, bəzi rejissorlar hazır interyerlərdə rəssamdan istifadə etmir: “Ancaq bu düzgün deyil. Rejissorun filmdə rəssam kimi də çıxış etməsi vizuallığa daha çox kömək edir, çünki rəssam özü səhnəni çəkir, sadəcə onu rejissor canlandıraraq sinemaya çevirir. Yaxşı operatorun dostu yaxşı rəssamdır”.
1995-ci ildə Nahid Hacızadənin ssenarisi əsasında rejissor Rövşən Almuradlı “Qayalarda qalan səs” filmini çəkir. Hadisənin bir mağarada baş verdiyi filmin quruluşçu rəssam işi Adil Azaya həvalə edilir. Filmdə qəhrəmanların timsalında Azərbaycan xalqının başına gətirilən bəlalar əks etdirilir.
Adil Azayın rəssamı olduğu digər filmlərdən biri olan “Ömürdən uzun gecə” filmi 1996-cı ildə lentə alınıb. Rejissor Vaqif Əsədovun çəkdiyi film Hidayət Orucovun eyniadlı povesti əsasında ekranlaşdırılıb. Filmdə vəzifə sahibi Təvəkkülün başı işə qarışdığından o, ən əziz adamlarını-atasını və bacısını tamamilə unutmuşdur. Ekran əsərində laqeydlik, biganəlik və soyuq münasibət fonunda bir ailənin faciəsindən bəhs olunur.
Eləcə də 1997-ci ildə çəkilən “Qobustan” filmində rəssam, yer kürəsinin ən qədim insan yaşayış məskənlərindən biri, sivilizasiyanın başlanğıc nöqtəsi olan Qobustan və onun qayaüstü təsvirlərinin mənaları haqqında olan filmdə maraqlı rəssam işi nümayiş etdirib.
2007-ci ildə ekranlaşdırılan “Cavid ömrü” filmində Adil Azayın üzərinə bir rəssam kimi daha böyük məsuliyyət düşüb.
Belə ki, dram janrında olan filmdə hadisələr Azərbaycan şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatının son dövrləri üzərində qurulub. Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun çəkdiyi filmdə xronikal kadrlardan istifadə olunub.
A.Azay çəkilişində rəssam kimi iştirak etdiyi müxtəlif janrlarda olan filmlərə hər janra uyğun maraqlı tərtibatlar verib ki, bu da onun öz işinə böyük məsuliyyət və peşəkarlıqla yanaşmasından irəli gəlir.
Qeyd edək ki, Adil Azay 40-a yaxın filmdə rejissor və quruluşçu rəssam kimi çalışıb. Ekran əsərləri yerli və beynəlxalq kino festivallarında uğurla nümayiş olunub. Onun rejissor kimi son illərdə çəkdiyi sənədli filmlərdə kino dilindən geniş istifadə etməsi və müraciət etdiyi mövzuları parlaq ifadə etməsi diqqətdən qaçmır.
Rejissorun 2014-cü ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkdiyi “Xəlvətdə qalmış müdrik” filmində XIV əsrdə yaşamış azərbaycanlı övliya Seyid Yəhyanın həyatından, onun yaratdığı xəlvətilik sufi təriqətindən bəhs edir.
2015-ci ildə çəkdiyi “Vulkanın nəfəsi” filmi isə Azərbaycandakı palçıq vulkanlarından bəhs edir. Palçıq vulkanlarının dünyada ən çox cəmləşdiyi yer məhz Azərbaycandır. Palçıq vulkanları Azərbaycanın milli sərvəti kimi dəyərləndirilir və xüsusi mühafizə olunan ərazilər siyahısındadır. “Vulkanın nəfəsi” sənədli filmi Azərbaycandakı palçıq vulkanlarının sirli aləminə səyahət edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Adil Azayı yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Aki.az