Əminə Yusifqızının günü
Səsin sehrinə düşmək, sözün məna dəyərini anlamaq, hiss etmək, bir şeri bənd, fikir, misra şəklində deyil, əksinə söz olaraq yaşamaq və bütün bunları dinləyicisinə yaşatmaq bədii qiraət ustasının necə bir ustalıq nümayiş etdirməsinə bağlıdır. Bütün bu işlərdə təcrübə nə qədər çox rol oynasa da, yenə də yaranışdan olan güc əsas götürülür. Bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızının yaranışdan olan söz, səs gücü kimi…
Bu gün Azərbaycanın sevimli aktrisası, dəyərli söz, səs ustası Əminə Yusifqızının yubiley yaşıdır, 85 yaşı tamam olur.
Ə.Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda doğulub. 1958-1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. 1961-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu bitirib. 1964-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışıb. Teatrın səhnəsində bir çox tamaşalarda (Qulu -“Anacan”, Y.Əzimzadə, Səbirə -“Son məktub”, R.İsmayılov, Humay -“Komsomol poeması”, İ.Coşğun; Səməd Vurğunun eyniadlı poeması əsasında, Ülkər – “Söz yarası”, Q.Rəsulov, Əliman -(“Ana tarla”, Çingiz Aytmatov, Esse –“Şeytanın şagirdi”, Bernard Şou və s.) bir-birindən maraqlı obrazlar oynayıb.
Teatr onun üçün bir başqa dünya olsa da, aktrisanın kinodakı istər aktrisalıq, istərsə də dublyaj fəaliyyəti bir başqa əhval-ruhiyyə üzərində köklənib.
1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində böyük işlər görüb, bədii qiraət ustası kimi tanınır. Onun iştirak etdiyi “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə rolları ikinci dərəcəli, epizod rollar olsa da, yaddaqalan xarakterlər yaradıb.
“Pedoqoji institutu bitirəndən sonra, Gənc Tamaşaçılar Teatrının rəhbərliyi mənim bir tədbirdə şer oxumağımı dinləyəndən sonra məni teatrda işləməyə dəvət etdilər. Həmin vaxtlarda uşaq rollarını qocaman aktyorlar ifa etdiklərinə görə, onlar mənə dedilər ki, mənim gəlişim bu boşluğu doldura bilər” deyən aktrisa fəaliyyətə başladığı ilk illərdən diqqəti çəkib. Səs imkanları uyğun olan obrazlarda rejissorlar onu çəkdikləri filmin dublyajına da dəvət ediblər.
Vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslərin tərənnüm olunduğu, Anarın ssenarisi əsasında Tofiq Tağızadənin 1975-ci ildə çəkdiyi “Dədə Qorqud” filmində Banıçiçək (Leyla Şıxlinskaya) rolunu, Alla Axundovanın ssenarisi əsasında Arif Babayevin 1975-ci ildə çəkdiyi “Alma almaya bənzər” filmində Mədinə (Səfurə İbrahimova) obrazını, lirik-psixoloji janrda, həqiqi dostluq haqqında olan, Rüstəm İbrhimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun 1977-ci ildə çəkdiyi “Ad günü” filmində Rəna (Şükufə Yusupova) obrazını, musiqili-komediya janrında çəkilən, mənəvi-məişət mövzusuna həsr edilən, Hüseyn Seyidzadəni 1978-ci ildə quruluş verdiyi “Qaynana” filmində Zərifə (İnarə Quliyeva) rolunu, macəra janrında, Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edən, Rasim İsmayılovun öz ssenarisi əsasında 1988-ci ildə quruluş verdiyi “Alman klinikasına şəxsi səfər” ekran əsərində Tatyana (Liliya Makarova) və s. filmlərdə səsləndirdiyi obrazları səsləndirməklə yanaşı, eyni zamanda onları özününküləşdirib. Sanki Əminə Yusifqızının səsinə bürünən obrazda onu görürük, sanki onun ifasını seyr edirik. Belə bir təsəsvvürün yaranması Əminə xanımın obraza tam hakim olmasından irəli gəlir. Hətta sadəcə öz üzərinə düşən rolu öyrənməklə kifayətlənən sənət adamlarından deyil, əksinə həm də tərəfmüqabilinin oynadığı rolun daxili dünyası ilə maraqlanar, eyni zamanda ümumi ssenarini tam mənimsəyir.
Ə.Yusifqızı obrazı canlandırmaqla yanaşı, onun daxili dünyasını, həyat tərzini, ətrafı ilə olan münasibətlərini də öyrənir, tam olaraq hakim olur ki, bu da onun sənət sevgisinin güclü olmasından xəbər verir.
Yubiley yaşını qeyd edən böyük sənətkarı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, sağlam həyat tərzi yaşamasını arzulayır və əlbəttə ki, yeni-yeni yaradıcılıq uğurları diləyirik!
GülQAR