“Sizə məktub var” Kino Evində
29 oktyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Məzahir Haşımovun “Sizə məktub var” filminin premyerası baş tutub. Çəkilişlərinə 2019-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə başlanan filmin təqdimatında moderatorluğu kinoşünas Sevda Sultanova edib. Qarabağ müharibəsi fonunda yaşanan məhəbbət hekayəsindən bəhs edən melodramın nümayişində filmin rejissoru, operatoru Cəbrayıl Rəfiyev, baş rol ifaçıları Dəniz Tacəddin, Əli Əlizadə və Məhəmməd Əlili iştirak edib. Nümayişdən sonra film heyəti auditoriyanın suallarını cavablandırıb.
Rejissor Məzahir Haşımovun söylədiyinə görə, çəkilişləri “Mən ki, gözəl deyildim” filminin baş tutduğu Daşkəsən rayonunda keçən ekran əsərini cəmi 4 günə yekunlaşdırıblar: “Bizə məkan olaraq Daşkəsənə getməyi məsləhət gördülər. Biz də gedib, məkana baxdıq. Geri qayıdanda, təsadüfən, rayonun Bayan kəndinə də getdik. Orada öyrəndim ki, “Mən ki, gözəl deyildim” filmi həmin kənddə çəkilib. Sonra qərar verdik ki, elə həmin kənddə, həmin filmin çəkildiyi evdə çəkiliş edək. Filmi cəmi 4 günə çəkmişik. Buradan Akif Rüstəmova (Filmin ikinci rejissoru Akif Rüstəmov nəzərdə tutulur- İ.A.L.) çox təşəkkür edirəm. Əgər o olmasaydı, biz yəqin ki, bunu çatdıra bilməyəcəkdik. Çünki 4 günə həm gecə, həm gündüz çəkilişlərini etmək asan deyil. Komandamız da çox sağ olsun, biz gündüz çəkilişlərini edəndə, onlar gedib, gecə çəkilişlərinə hazırlaşırdılar. Bizim bəxtimizdən bu 4 gün içində biz Daşkəsəndə həm yağış, həm qar, bütün fəsilləri gördük. Amma buna rəğmən, çəkilişləri yekunlaşdırmağa nail olduq”.
Filmdə operator işinin xüsusi ilə seçildiyini deyən Sevda Sultanova əhvalatda çatışmazlıq olduğunu da bildirib: “Əslində, biz “Eliza” filminizdə də görmüşük ki, sizin rejissor kimi çox gözəl estetik zövqünüz var. Bu filmdə də bu, hiss olunurdu. Müəyyən mənada film fransız melodramlarını da xatırladır. Mən operatoru da təbrik etmək istəyirəm. Çünki operator işi çox gözəl idi. Amma bütün bunlarla yanaşı, sanki filmdə əhvalat vahid bir nizama tabe olmayıb. Film sanki epizodlar toplusunu xatırladır. Bunun səbəbi nə idi? Montajda yoxsa, ssenaridə problem var idi?”
Sözügedən filmin müəyyən mənada onun üçün axtarış olduğunu deyən rejissor suala cavabında bildirib ki, əslində, səbəb sadəcə sifarişçinin ona senzura tətbiq etməsi olub: “Doğrudur, bunları danışmaqla özümə bir az düşmən yığacam (gülür-İ.A.L.), amma nə isə. Əslində bizim material tamam başqa idi və başqa yöndə gedirdi. Ssenaridə müharibəni pisləyirdim. Qəhrəmanım Nadir əslində, patriot deyil və müharibəni istəmir. O, sadəcə olaraq müharibəyə kişi olduğunu sübut etmək üçün gedir. Amma nəticə etibarı ilə, mən komissiyanın təzyiqi ilə məcburən ssenaridə bu və digər hissələri dəyişdirməli oldum”.
Rejissor onu da açıqlayıb ki, “Sizə məktub var”ın ilkin ssenarisi Rusiyada təhsil aldığı universitetdə onun diplom işi olub: “İlkin ssenari kifayət qədər dolğun idi və orada İkinci Dünya Müharibəsindən söhbət gedirdi. Lakin mən onu bizim nazirliyə təqdim edəndə, oradan imtina cavabı aldım. Sonra mən bu ssenarini unutdum. Üzərindən illər keçdi, təxminən 6-7 ildən sonra ssenarini yenidən işləyib, özümüzə uyğunlaşdırdım. Amma yəqin ki, gələcəkdə yenidən birinci ideyama qayıdıb, onu işləyəcəm”.
Kinoşünas Aygün Aslanlı çıxışında deyib ki, filmin sonradan səsləndirilməsi aktyor oyununu qavramağa maneə yaradır: “Səsləndirmə aktyor oyununu qəbul etməyə imkan vermir. Hətta bəzən istəyirsən ki, filmə səssiz baxasan. Səssiz kadrlarda aktyor oyununu görürüsən, amma səs gələndə, dublaj aktyor oyununu öldürür sanki”.
Səsləndirmənin onun üçün filmin təməl sütunu olduğunu vurğulayan M.Haşımov kinoşünasın iradı ilə razılaşdığını deyib: “Çünki səsləndirmə mənim də yaralı yerimdir. Biz əvvəldən filmin səsini yerində yazmağı planlamışdıq və yerində də yazdıq, amma təəssüf ki, kinostüdiyanın texnikasındakı problemlər bizə imkan vermədi. Ona görə yenidən səsləndirmə etməyə məcbur qaldıq”.
“Filmdə çox gözəl operator işi var. Şəxsən mən bu filmdə özüm üçün yeni bir operator kəşf etdim. Bir də film mənə sanki “Azərbaycan filmində müharibə haqda film neçə çəkilməlidir? Və ya necə çəkilə bilər?”, “Məzahir bunu necə çəkə bilər?” kimi suallar ətrafında gəzişmələr, müəllif essesi təsiri bağışladı” – deyə, filmi izləyən rejissor Əli İsa Cabbarov qeyd edib.
İzləyicilərin “Bu qədər müdaxilə ilə işləməkdənsə, dövlətdən asılı olmadan, filmi özünüz çəkə bilməzdiniz mi?” sualına rejissor belə cavab verib: “Əslində, olardı. Sadəcə olaraq, biz müsabiqədə yer tutduq. Sonra film bir müddət qaldı, sonradan çəkilişə razılıq verildi. Mən bunu özüm çəksəydim, film tamamilə başqa cür olacaqdı. Amma belə alındı ki, dövlət büdcəsindən asılı olduğum üçün burada azad düşünə bilmədim. Bunu da açıq deyirəm, çəkinəcək nəyim isə yoxdur. Azad düşünməyə imkan verilmədi. Hansısa çərçivənin içərisində, necə deyiblər, elə çəkmişik”.
Məzahir Haşımov onu da qeyd edib ki, məlum ekran əsəri onun dövlət büdcəsindən asılı olaraq çəkdiyi son film olacaq: “Mən özümə söz vermişəm ki, bundan sonra yalnız azad kino ilə məşğul olacam”.
Prodüser İntiqam Hacılı “Sizə məktub var” haqda danışarkən deyib ki, Azərbaycan aktyorları filmdə çəkilməyə meyilli deyillər: “Dəfələrlə olub ki, aktyorlar az qonorara serialda çəkilməyə razılıq veriblər, amma biz onları eyni məbləğ ilə filmə çəkilməyə dəvət edəndə, imtina ediblər. Halbuki, əskinə olmalıdır. Aktyorlar özləri filmdə çəkilməyə can atmalıdır”.
Baş rol ifaçılarından Dəniz Tacəddin isə prodüserin fikrini belə şərh edib: “Bu, bizim üçün böyük bir problemdir. Təəssüf ki, bizdə aktyorlar agentliklərlə işləmirlər. Bütün dünyada agentliyə bağlı olmayan aktyorlara ciddi yanaşılmır. Məncə, bizdə bu, bir az dövrün də problemidir. Çünki əvvəlki nəslin dövründə bu qədər filmlər və seriallar olmayıb. Ona görə də bu gün baxırsan ki, 50 yaşdan yuxarı hansısa aktyorlarımız öz istedadına baxmayaraq, az məvacibə razılaşır. Sonra sən prodüserə “Mən bu qədər qonorar istəyirəm” deyəndə, dərhal “Bəs xalq artisti bu qonorara razı olur, sən niyə olmursan?” cavabını alırsan. Əgər xalq artisti nəyə isə razılaşırsa, bu, xalq artistinin günahıdır. Gənclər buna razılaşmaq məcburiyyətində deyil”.
Filmə çəkilərkən qonorardan öncə ssenariyə diqqət etdiyini deyən aktrisa Məzahir Haşımovla işləməkdən zövq aldığını da bildirib: “Əgər ssenari, sənin oynayacağın xarakter ürəyinə yatırsa, təbii ki, işləməlisən. Bu, mənim Məzahirlə ikinci işimdir. O məni filmə dəvət edəndə, mən çox sevindim. Çünki onunla işləmək mənə çox rahatdır. Bizim çox yaxşı komandamız oldu. Əslində biz 4 günə ortaya belə bir iş qoymuşuq”.
Tamaşaçılar arasında olan mətnşünas Sadiq Elyerin fikrincə, filmdə aktyor oyunu diqqətəlayiq səviyyədədir: “Film əvvəldən sona qədər baxımlı idi. Sadə tamaşaçı filmi mütləq sevəcək. Qeyd olunan qüsurlara rəğmən, məncə, filmin seviləcək ssenarisi var və insanda isti təəssürat yaradır. Siz detalları qeyd etdiniz və bildirdiniz ki, əslində, ssenariniz başqa cür olub, sadəcə belə çəkməli olmusunuz. Mən sizin qeyd etdiyiniz parçaları özüm üçün birləşdirəndə, görürəm ki, əslində, ssenariniz kifayət qədər dolğun olub, sadəcə onu ortaya çıxarmağa senzura imkan verməyib. Filmin ab-havası əladır, aktyorlar doğrudan, əla oynayıblar. Aygün deyir ki, dublaj aktyor oyununu öldürüb, mən bunu hiss etmədim. Məncə, aktyorlar onlara verilən tapşırığın öhdəsindən çox yaxşı gəliblər”.
Baş rol ifaçılarından Əli Əlizadə məlum filmdə çəkilməkdən məmnun qaldığını dilə gətirib: “Əvvəlcə onu deyim ki, əgər hansısa filmə çəkilmək üçün dəvət alsam və orada alacağım qonorar ailəmi dolandırmağa yetəcək qədər olsa, mən seriala çəkilmərəm. Çünki serial mənim üçün iş yox, gündəlik təhvil verməli olduğum öhdəlikdir. Mən serialın qaçhaqaçla çəkilib, “Sabah efirə verilməlidir, tez çəkib, bitirək” məsələsini xoşlamıram. Bu film mənim “Azərbaycanfilm” kinostudiyası ilə ilk işlərimdən biridir. Mən bu işdən həm proses olaraq, həm də komanda olaraq zövq aldım. İntiqamın dediyində də həqiqət var. Bəli, aktyor filmə çəkilməlidir ki, o zövqü ala bilsin. Serialda bu zövqü yaşamaq mümkün deyil. Amma nə yazıq ki, hamımız buna məcburuq. Doğrudur, öz mənafeyimizi də gözləyirik, həddindən artıq ucuz qiymətə də çəkilmirik. Amma Səbuhi (Aktyor seçimi üzrə rejissor Səbuhi Məmmədov nəzərdə tutulur-İ.A.L) müəllimin dediyi də doğrudur ki, aktyor prodüser və menecersiz işləməməlidir. Artıq biz bu mərhələyə keçməliyik. Belə olmasa, ucuz seriallar, mənasız işlər davam edəcək. Biz yaxşı mənada aktyor kimi özümüzü sata bilmirik. Çünki bizə ssenaridən əvvəl, hətta telefonda qiymət deyirlər”.
Teatrşünas Aliyə Dadaşova filmi şərh edərkən, “Sizə məktub var”ın ona bir neçə Azərbaycan filmini xatırlatdığını deyib: “Filmin ideyası, “Mən ki, gözəl deyildim” filmi ilə paralelləşməsi mənim çox xoşuma gəldi. Eyni zamanda, “Gün keçdi” və ya “Tütək səsi”i filmləri ilə parallelləşmə, ümumiyyətlə, bu filmdə sanki Azərbaycan filmi ilə bir qohumluq var. Film Azərbaycan filmləri ilə assosasiya olunur. Həmçinin, fransız melodramasına meyilliliyiniz və ya məsələn, Dənizin qəhrəmanı skripka çalanda, mən Çexovun “Rotşildin skripkası”nı – “Heç kim üçün yox, skripkanı mənim üçün çal”- deməsini xatırladım. Filmdə sanki gah Azərbaycan milli kinosu havasına düşürsən, gah fransız melodramı havasına düşürsən. Amma bütün bunlarla yanaşı, sanki filmin içinə girmişkən, nədənsə birdən uzaqlaşırsan. Ona görə də mənə maraqlıdır ki, montajda çox hissəni çıxarmalı olmusunuz?”
Suala cavabında rejissor deyib ki, o, filmdə heç vaxt pozmadığı bəzi kino qaydalarını pozmağa məcbur olub: “Belə deyim də, əslində, film 58 dəqiqə olduğu halda, axırda 38 dəqiqəyə qədər montaj etməli oldum. Mən indi nazirliyin hansı hissələri və nəyə görə çıxarmasının səbəblərini açıqlamayacam. Çünki bu söhbət başqa bir yerə gedəcək. Amma reallıq budur ki, xeyli hissəni montaj etməli oldum. Yeri gəlmişkən, montajı da, korreksiyanı da özüm etmişəm. Bu işləri operatorla ikimiz cibimizdən pul qoyub, etmişik. Dövlətə ağız açmamışıq. Montaj prosesindən danışsaq, mənim filmdə qara ilə çıxmaqdan zəhləm gedir. Filmdən başı çıxan hər kəs bilir ki, bu, xalturanın bir növüdür. Amma mən məcburən montajda kəsilən hissələrin yerinə bu qaralmalardan istifadə etmişəm”.
Rejissor həmçinin, tədbir zamanı səslənən iradlara cavab olaraq deyib ki, o, filminin tənqid olunmasından razıdır: “Tam səmimi deyirəm ki, mən gördüyüm işin hətta pislənsə belə, müzakirə olunmasının tərəfdarıyam. Mən institutda oxuyanda da öz ustadımla mübahisə edirdim ki, mənim qoyduğum tamaşaya, hazırladığım işə fikrinizi bildirin. O, mənə sadəcə “Yaxşıdır, sağ ol” deyirdi, amma erməni və ya rus tələbələrinə ətraflı izah verirdi. Bu isə məni çox əsəbləşdirirdi. Nəhayət, mən 3-cü kursda oxuyanda Solovyev (kinorejissor və pedaqoq S.Solovyev nəzərdə tutulur-İ.A.L.) anladı ki, məni yola vermək olmaz. Yəni, iş pisdirsə, nəyə görə pis olduğunu, yaxşıdırsa, nəyə görə yaxşı olduğunu bildirmək lazımdır”.
Kinotənqidçisi Sədaqət Kamal isə çıxışında filmin təsirini şeirlə müqayisə edib: “Lirik bir şeiri oxuyanda necə təsirlənirəmsə, bu filmdən də elə təsirləndim. Əgər 19 yaşımda olsaydım, filmə baxanda ağlayacaqdım”.
Təbdir filmin müzakirəsi ilə yekunlaşıb.
İzolda Ağayeva Lalə