Milli kino tariximizdən-“Fətəli xan”-75

1947-ci ildə Bakı kinostudiyası “Fətəli xan” filmini istehsalata buraxır. Tarixi-bioqrafik janrda çəkilən, XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan Fətəli xanın mübarizəsindən danışan filmin ssenarisini yazıçı, dramaturq Mehdi Hüseyn və  Ənvər Məmmədxanlı yazır .

Yeri gəlmişkən, Quba xanı Hüseynəli xan(1726-1758-ci illərdə) ölümündən sonra oğlu Fətəlinin(1958) 23 yaşında hakimiyyətə gəlməsi və gənc olmasına baxmayaraq az bir vaxtda Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınması artıq bir tarixdir və bütün bunlar filmdə öz əksini tapıb.

1940-cı illərdə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri üçün görkəmli dövlət xadimləri haqqında bədii əsərlər yaratmağa geniş şərait yaradılır. Məhz həmin ərəfədə yazıçı Ənvər Məmmədxanlı “Fətəli xan” bədii filminin ədəbi ssenarisini yazıb kinostudiyaya təhvil verir.

Kinostudiyaya təqdim olunan ssenari müzakirə olunarkən bir sıra dəyişikliklərə məruz qalır. Sınaq çəkilişləri zamanı isə rejissorların və aktyorların təyin olunub, sonra başqaları ilə əvəz olunması kimi məqamlar hazırlıq prosesinin gedişatına öz mənfi təsirini göstərir.

RƏSUL RZA: “FƏTƏLİ XAN” FİLMİ KİNO SƏNƏTİNİN BÜTÜN GÜCÜNÜ GÖSTƏRMƏLİ, BİZİM BAYRAĞIMIZA ÇEVRİLMƏLİDİR

Rəsul Rzanın kinostudiyaya rəhbərlik dövrü 1942-1944-cü illəri əhatə edir. Onun rəhbərliyi dövründə Bakı kinostudiyasında iş şəraiti yaxşılaşdırılmış və əməli tədbirlər həyata keçirilmişdi.

21 oktyabr 1943-cü il…Bakı kinostudiyasında keçirilən istehsalat müşavirəsində 1943-1944-cü illər üçün istehsalat planı müzakirə olunub. Həmin müzakirədə Rəsul Rzanın dediklərindən: “İrəlidə bizi böyük işlər gözləyir. “Arşın mal alan”, “Qubalı Fətəli xan” və “Robinzon Kruzo” bədii filmlərinin istehsal planı artıq təsdiq olunmuşdur… “Qubalı Fətəli xan” iri həcmli tarixi film olacaq. Bu film kino sənətinin bütün gücünü göstərməli, bizim bayrağımıza çevrilməlidir. Məhz bu filmlə biz sovet kinematoqrafiyasının ön cərgəsinə çıxmalıyıq. Ssenari öz poetikliyi, mənalı məzmunu, fəlsəfi ümumiləşdirmələri, xalqımızın tarixi keçmişini göstərməsi ilə fərqlənir. Bizim milli yazıçılarımız tərəfindən yazılmış bu ssenari Komitədə (SSRİ Dövlət Kinematoqrafiya Nazirliyi – A.K.) razılıqla qarşılandı və çox kiçik düzəlişlərlə qəbul olundu. “Fətəli xan” rejissorlardan Adil İsgəndərov, Mikayıl Mikayılov və operator Əsgər İsmayılova tapşırılmışdır. Digər operator isə dəvət olunacaqdır… Rəssam Nüsrət Fətullayevdir”.

18 avqust 1944-cü il…

Kinostudiyanın Bədii Şurası filmin rejissor ssenarisini tənqid hədəfinə çevirirlər. Rejissorlara düzəlişlər aparmaq tövsiyə edilir və bundan sonra filmin çəkilişinə icazə verilir.

“Vışka” qəzeti “Bakı kinostudiyasında” məqaləsində yazırdı: “Bakı kinostudiyasının pavilyonunda… böyük tarixi “Fətəli xan” filminin çəkilişləri başlandı. Filmin quruluşçusu… A.İsgəndərov, rejissoru A.Naroditskidir (O, M.Mikayılovla əvəz olundu – A.K.). Filmi baş operator Ə.İsmayılov və operator A.Nərimanbəyov çəkirlər…”

Filmin müzakirəsilə bağlı kinostudiyada keçirilən iclasların birində əsas qəhrəmanlardan olan, Əmir Həmzə obrazını oynayan İsmayıl Əfəndiyev çıxış etmək üçün söz alır: “Mən çox ciddi şəkildə bildirirəm ki, biz öz rejissor gücümüzlə “Fətəli xan” kimi filminin öhdəsindən gələ bilmərik. Təhmasib, Mikayılov, Quliyev yoldaşlar və başqaları qoy məndən inciməsinlər, onlar bu filmi üzə çıxara bilməzlər…”

Və beləliklə də filmin istehsalı prosesində çəkilmiş materiallar sənətkarlıq baxımından mərkəzin kino rəhbərlərini qane etmədiyi üçün SSRİ Kinematoqrafiya Nazirinin əmri ilə film 1946-cı ilin may ayında istehsalatdan çıxarılır.

ADİL İSGƏNDƏROV FİLMİN İLK REJİSSORU KİMİ

Teatr rejissoru kimi, kinoaktyor kimi əvəzsiz sənət nümunələri yaradan Adil İsgəndərovun kinorejissorluq fəaliyyəti heç də təsadüfi olmayıb. Əslində o, “Əhməd haradadır?”(1963) filmini çəkməmişdən çox-çox əvvəl “Fətəli xan” filmini çəkmək fikrində olub. Ancaq nəticədə filmin rejissor işi Azərbaycana yad olan, tariximizi, mədəniyyətimizi bilməyən bir rejissora tarşırılır..

“Fətəli xan” filmi Adil İsgəndərovdan alınsa da qüdrətli sənətkar ruhdan düşmür, uzun illər mübarizə aparır və 1963-cü ildə “Əhməd haradadır?” filmini çəkməklə özünü kinorejissor kimi təsdiq edir.

1966-1974-cü illərdə Adil İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməsi və direktor kimi fəaliyyət göstərdiyi 8 il ərzində milli ruhlu rejissorların, aktyorların yetişməsindən tutmuş milli ruhlu filmlərin çəkilişinə kimi çox böyük rol oynaması artıq kino tarixinə yazılıb. Ancaq rejissor heç bir vaxt vəzifəsindən istifadə edərək hər hansı bir ssenariyə özü quruluş verməyib. Halbuki “Vaqif” dramının 2 hissəli ekran variantını yaratmaq onun ən böyük arzusu olub. Ölümündən əvvəl dram üzərində iş aparmış, hətta aktyorların seçimini edibmiş. Günlərin birində ona filmin çəkilişlərinə nə vaxt başlayacağı ilə bağlı sual verəndə “Əsas qəhrəman olan Vaqifi (Vaqif obrazını yaradacaq aktyor nəzərdə tutulur) tapan kimi çəkilişə başlayacağam” deyib. Ancaq ömür vəfa etmədi ki, böyük sənətkar bu arzusunu gerçəkləşdirsin.

“FƏTƏLİ XAN”A İKİNCİ MÜRACİƏT YEFİM DZİQANA HƏVALƏ EDİLİR

“Fətəli xan” bədii filminin çəkilişlərinə ikinci dəfə 1947-ci ilin mart ayında başlanılır və filmin istehsalı həmin ilin sonunda başa çatdırılır. Filmin rejissoru Yefim Dziqan o vaxta kimi “Biz Kronştatdanıq” tarixi-inqilabi filmini çəkmiş və məşhurlaşmışdı. Sonralar “Dəmir axın” epik bədii filminə quruluş vermişdi.

Doğrudur ki, “Fətəli xan” filminin rejissor işi Azərbaycanla bağlılığı olmayan bir rejissora həvalə edilib. Ancaq unutmamalıyıq ki, ədəbi ssenarinin yaradıcıları dövrün ən görkəmli qələm sahibləri idi. Eləcə də filmin yaradıcı heyətinə yalnız bir neçə nəfər kənar studiyadan dəvət olunub. Bu da bir daha sübut edir ki, kino rəhbərlərimiz filmin milli ruhda çəkilməsində maraqlı olublar. Əslində quruluşçu rejissor özü də yaradıcı heyətə tabe olaraq, onların fikrindən çıxış edərək filmi ərsəyə gətirib.

Yeri gəlmişkən, əgər filmin titrinə nəzər salsaq, onda görərik ki, əksər filmlərdə, xüsusilə “Səbuhi”(1941) filmində çəkilən aktyorları bu filmdə də görmək olar.

Təsadüfi deyil ki, sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak edib. Hətta nəinki baş rol, eləcə də ikinci dərəcəli rolların hər birinin sınağı keçirilmiş, bir rol üzərində ən azından iki aktyor mübarizə aparmışdır. Aktyor seçimindən də hiss olunur ki, filmin ssenari müəllifləri ilə ikinci planda çalışan rejissorların seçimlə bağlı fikirləri əsas götürülüb. Bəlkə də düzgün seçimin nəticəsidir ki, Fətəli xan obrazında Ələsgər Ələkbərovdan başqa heç bir aktyoru təsəvvür etmək mümkün deyil.

Qeyd edək ki, film kinostudiyanın pavilyonunda və həyətində, qala divarları qarşısında baş verən hadisələr isə Buzovnada lentə alınıb. Əlbəttə, bu cür tarixi mövzuda, iri epik əsəri keyfiyyətlə çəkib ekrana çıxarmaq heç də asan məsələ deyildi. Xüsusilə müharibə dövründə və maddi-texniki təchizatı zəif olan Bakı kinostudiyası üçün. Amma yaradıcı qrupun bütün üzvləri böyük şövqlə işləyiblər.

DANİİL YEVDAYEVİN KİNOSTUDİYANIN DİREKTORUNA MƏKTUBU

Filmin direktoru Daniil Yevdayevin kinostudiyanın direktoru Nüsrət Vəzirova yazdığı məktubda deyilir: “İşıq şəraitinin pis olması, yəni günəşin olmaması ilə əlaqədar iki böyük natura dekorasiyasının – Dərbənd qalasının xarici görünüşünün (Buzovnada) və həmin qalanın iç tərəfinin (kinostudiyanın həyətində) çəkilişlərini günəşli hava bərpa olana qədər saxlamaq lazım idi. Halbuki çox çətinliklə böyük sayda insan və atlı toplanmışdı. Baş operator Ə.S.Atakişiyev və operator A.Nərimanbəyov çəkilişlərin saxlanmasının mümkün olmadığını başa düşərək, bu obyektləri tutqun və günəşli havada çəkməyi üstün tutdular. Bundan ötrü çoxlu sayda hərbi projektorlardan bacarıqla istifadə etdilər. Bunu elə şəkildə gördülər ki, işıq fərqi hiss olunmasın. Əsas çətinlik səmanın müxtəlif tonda olmasında idi. Onun sıxlığını müxtəlif filtirlərlə tənzimləmək lazım gəlirdi. Bundan başqa operatorlar studiyanın həyətində olan böyük dekorasiyanın da gecə çəkilişlərini həmin üsulla aparmalı olmuşlar. Beləliklə, operatorların bacarığı sayəsində biz qısa müddət ərzində bu obyektləri çəkib başa çatdırdıq. Əks halda filmin vaxtında çəkilib qurtarması təhlükə altında qalacaqdı”.

Filmin ikinci çəkilişi dövründə Rəsul Rza artıq Azərbaycan Kinematoqrafiya naziri vəzifəsində çalışırdı. İşinin çox olmasına baxmayaraq o, “Fətəli xan” filminin istehsalını xüsusi nəzarət altında saxlayırdı. Nazir “Fətəli xan” filminin uğurlu olacağına, “Arşın mal alan” musiqili kinokomediyasından sonra bu kino əsərinin də Bakı kinostudiyasına şöhrət gətirəcəyinə nəinki ümid bəsləyirdi, hətta əmin idi.

RZA TƏHMASİB AĞASI OBRAZINDA

Yaradıcı fəaliyyəti boyunca dəvət aldığı filmləri xüsusilə seçən Rza Təhmasib, seçim zamanı ruhən hazırlığı əsas götürürmüş. Bu baxımdan da “Fətəli xan” filminə dəvət alan aktyor bir qədər fikirləşdikdən sonra razılıq verib  və Ağası xan roluna təsdiq olunub. Hətta aktyorun ilk dəvətdən Ağası xan roluna çəkilməyə razılıq verməsi çoxlarını təəcübləndirib. Ancaq R.Təhmasib məhz ona görə “Fətəli xan” filmində Ağası xan rolunu oynamaq fikrində olub ki, filmdə həmin obraz yalnız bir epizodda görür, digər bütün epizodlarda isə kor vəziyyətdə, hardasa əl hərəkətləri ilə görünür.

R.Təhmasib peşəkar aktyor kimi düşünən, rejissor kimi ümumi mənzərəni dərindən dərk etdiyi üçün daima o fikirdə olub ki, kino aktyorunun hər şeydən əvvəl iri gözləri olmalıdır. Çünki kamera qarşısında dayanan aktyor yalnız gözləri vasitəsilə yaratdığı obrazın daxilindən xəbər verə bilər və tamaşaçıya təsir edə bilər.

“Fətəli xan” filmində Ağası xan obrazının göründüyü kadrlar yalnız üç epizoddan ibarətdir. Şəki xanın hüzurunda, gözləri çıxarıldıqdan sonra qılınca əl basıb intiqam alacağına and içdiyi epizodda və rus ordusunun hücumu zamanı müharibə meydanında bir qədər getdikdən sonra diz çöküb yıxıldığı izdihamlı səhnədə. Məhz bu üç epizod sənətkar təbiətinin bütün incəliklərini aşkar edir. Fürsətdən istifadə edib həmin epizodları bütün təfsilatı ilə olmasa da, müəyyən məqamlarla nəzərinizə çatdırmaq istərdik.

…Gözləri çıxarılmış Ağası xan əlinə qılınc almış arzusunu xüsusi ehtirasla, həyəcanla, hətta fəryad edə-edə Allaha xitab etdiyi vaxt çiyninə bir əl toxunur və “sən onu alacaqsan” deyir. Ağası xan bir an duruxur. Səs gələn tərəfə dönüb əvvəl qətiyyətlə “kimsən?” deyə soruşur. “Sənin dostun” sözlərini eşidəndən sonra əlləri ilə daha dəqiq olsun fikrilə, barmaqlarıyla onun çiynindən tutmuş başını, üzünü, yoxlayır, kimliyini müəyyən etmək istəyir, ikinci dəfə ümid, həsrət, həyəcan, iztirab dolu pıçıltı ilə sanki düyünü açmaq istəyirmiş kimi “kimsən?” deyə soruşur. “Şəki xanı”  cavabını eşidir. Ehtiyatlı, inamsız bir görkəm alır. Axı Şəki xanı Fətəli xanın qohumudur. Lakin inandırma uzun çəkmir. Ağası xan Fətəli xanın ona qarşı “xəyanətinə”, gözlərinin məhz onun əmrilə çıxarıldığına, Şəki xanının yalanına inanır və Fətəli xandan intiqam alacağına and içir. Bu səhnə filmdə ən yadda qalan epizoddur. Aktyor bu səhnədə istedadının səviyyəsini nümayiş etdirir. Əlinə qılınc almış Ağası xan-R.Təhmasib dərindən rahat nəfəs alır, ehtiramla qılıncı öpür. Bununla o, demək istəyir ki, artıq daxili qüvvəsi və inamı özünə qayıtmışdır. İndi o, mübarizəyə hazırdır. Onun qəhrəmanı dünya işığına həsrət qaldığı vaxtda belə daxilən bütöv, iradəli, potensial qüvvəyə malik, başlıcası isə əyilməz, vüqarlı bir insandır.

“Fətəli xan” filmi  öz dövründə böyük maraqla qarşılanıb. Doğrudur ki, əksər filmlərimiz kimi “Fətəli xan” filmi də uzun illər ekranda nümayiş olunmayıb, ancaq ən əsası odur ki, məhz SSRİ dövründə Azərbaycan xanlıqlarından bəhs edən, xüsusilə Quba xanı Fətəli xanın fəaliyytini əks etdirən belə bir film çəkilib.

Film iki dildə-rus və azərbaycan dillərində dublyaj olunub. Bundan başqa film yeni variantda bərpa olunub.

FİLMİN YARADICI HEYƏTİ

Ssenari müəllifi – Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, quruluşçu rejissor Yefim Dziqan, II rejissor Zeynəb Kazımova, quruluşçu operator Əlisəttar Atakişiyev, II operator Arif Nərimanbəyov, rəssam Yuri Şvets, II rəssam-Ağamehdi Qumriyev, bəstəkar-Niyazi, səs operatorları – Kərim Əmirov, Sabir İsgəndərov, qrim-rəssamı-Georgi Parisaşvili, rejissor köməkçisi Məmməd Əlili.

Rollarda iştirak edirlər: Ələsgər Ələkbərov (Fətəli xan), İsmayıl Əfəndiyev (Əmir Həmzə), Leyla Bədirbəyli (Tutu Bikə), Əli Qurbanov (usta Səməndər), Mustafa Mərdanov (Şirin kişi), Nəcibə Məlikova (Xədicə), Möhsün Sənani (Məlikməhəmməd xan), Sidqi Ruhulla (Rza bəy), Əlisəttar Məlikov (Hüseyn xan), Rza Təhmasib (Ağası xan), Kazım Ziya (Mirzə Nadir), Ağasadıq Gəraybəyli (Sərdarın elçisi), Həsənağa Salayev və b.

X.QİYAS

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.