Ölsəm...bağışla cənub şəhəri!

RÜSTƏM İBRAHİMBƏYOVUN ƏZİZ XATİRƏSİNƏ

Dostlarım “Ad günü”mü “Səhranın bəyaz günəşi” altında “Bir cənub şəhərində” keçirtməyi, “Ürək…ürək” dediyim insanlarla “Anın quruluşu”nu hiss etməyi, bir neçə saatlıq olsa da yeni ssenarilər üzərində müzakirələr apararaq “Özgə ömür” yaşamağı təklif etsələr də,  “O vaxt mən yox dedim”, çünki “Bağlı qapı” arxasında “İşgüzar səfər”im var idi, söhbət, baş verən “Qətldən yeddi gün sonra” keçirilən “İstintaq” üzərində olacaqdı və daha sonra “Park”da gəzintiyə çıxmaq, necə deyərlər, “Həm ziyarət, həm ticarət” etməyi planlaşdırmışdıq…ancaq olmadı, “Ölsəm…bağışla” məni cənub şəhəri!

16 mart 2022-ci il…

Nizami Kino Mərkəzində  incəsənət, mədəniyyət, ədəbiyyat, kino adamları yenə də bir araya gəlmişdilər…Bu bir vida mərasimi idi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun son mənzilə yola salınma mərasimi…

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünya şöhrətli kinodramaturq, saysız mükafatlar sahibi Rüstəm İbrahiməyovun vida mərasiminə gələnlərin, onu göz yaşlarıyla son mənzilə yola salanların sayını demək çətin olsa da, önəmli olan o idi ki, Azərbaycanı dünya ölkələrində layiqli şəkildə təbliğ etmiş ustad qələm sahibi artıq yalan dünyamızla vidalaşaraq həqiqi dünyaya yol almışdı.

Bəzi insanlar var ki, onların dünyaya gəlişi və yaşadığı həyat tərzi xüsusilə diqqətdə dayanır. Məhz belə insanlara seçilmişlər deyilir…

Rüstəm İbrahimbəyov da seçilmişlərdən idi, ən azından ona görə ki, o, hələ gənclik ilərindən qələm gücünə sığınaraq SÖZ demək imkanlarını ortaya qoyanda öz oxucularını təəccübləndirməklə yanaşı, düşündürmüşdü.

22 yaşında yazdığı “Mürəbbəsiz çörək” adlı hekayənin “Yunost” jurnalında dərc edilməsi və müəllifinə yazılan bir kəlimə – bu işi davam etdirin – onun həyat istiqamətini müəyyənləşdirdi, yazıçılıqda atdığı ilk addımlarının bünövrəsi qoyuldu, hətta əsaslı şəkildə qoyuldu.

İllər keçdikcə hekayələrinin sayı artdı, əsərləri yarandı və pyesləri dünyanın 100-dən çox ölkəsinin teatrlarında tamaşaya qoyuldu, ssenariləri əsasında filmlər çəkildi…

Onun ssenariləri əsasında çəkilən filmlər SSRİ məkanında yayıldı, baxıldı, sevildi, əsərləri dünya miqyasında tanındı, dünya teatr tamaşaçıları onun pyeslərindən danışdı, şan-şöhrət, fəxri-titullar hər biri uzun illərin zəhməti sayəsində qazanıldı…Ancaq o, sadəliyindən əl çəkmədi, elə sadə həyat tərzi də ondan əl çəkmədi…Doğma ölkəsinə, doğma paytaxtına olan sevgisi bir an belə bitmədi…harda olmasından asılı olmayaraq yenə də Vətən dedi, Torpaq dedi, vaxt tapmasa belə bir neçə günlük də olsa ölkəsinə, dostlarına, doğmalarına tələsdi, onları görərək sanki yenidən gücləndi…

Rüstəm müəllim deyirdi ki, həyatımın ən vacib illərini Bakıda keçirdim və buna görə də buranın hər bir daşı ruhuma rahatlıq gətirir: “Bizim ata-babalarımız bura müxtəlif rayonlardan gəliblər. Bu isə təbii prosesdir. Hər yerdə belədir ki, hər zaman bütün şəhərlər kənardan gəlmələr sayəsində formalaşır və mən müşahidə etdiklərimdən belə nəticəyə gəlmişəm ki, həmin gəlmələrin daxili intellektləri yerlilərdən daha da yüksək olur”.

Bu baxımdan insanların sahibi olduqları içində daxili intellekt xüsusilə onun üçün çox önəmli idi. Və əsərlərinin qəhrəmanlarında da bu xüsusiyyətləri görmək olurdu.

Ssenariləri əsasında çəkilən (“Bir cənub şəhərində”(1969), “Səhranın bəyaz günəşi”(1969), Çekist haqqında povest”(1969), “O vaxt mən yox dedim”(1973), “Ürək…ürək”(1976), “Ad günü”(1977), “İstintaq”(1979), “Anın quruluşu”(1980), “Bağlı qapı”(1981), “İşgüzar səfər”(1982), “Gəmi saatının sirri”(1983), “Park”(1983), “Özgə ömür”(1987), “Ölsəm…bağışla”(1989), “Qətldən yeddi gün sonra”(1991), “Həm ziyarət, həm ticarət”(1995), “Günəşdən usanmışlar”(19940, “Əlvida, cənub şəhəri”(2006) və s.) filmlər haqqında danışarkən deyirdi ki, mənim işim ssenari yazmaqdır və lazımi səviyyədə ssenari yazanda vətənimiz, milli kinomuz qarşısında öz borcumu yerinə yetirdiyimi hesab edirəm: “Bizim nəslin sıraları tədricən seyrəldiyindən, gənclərə daha çox yer verilməlidir. İstedad Allahdan gəlir, amma peşəkarlığı öyrənmək lazımdır. Bunlar ikisi birləşəndə, deyə bilərik ki, yaxşı ssenarist, rejissor çıxa bilər, ya yox”.

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Rüstəm İbrahimbəyov bir yazıçı, bir rejissor kimi öz oxucusunun, öz tamaşaçısının fikrini daima nəzərə alır, oxucu fikrinə, tamaşaçı düşüncəsinə hörmətlə yanaşır və qeyd edirdi ki, tamaşaçısız kino əsəri olmur: “Şəxsən məni tamaşaçı maraqlandırır. Əsər dəniz kimi olmalıdır. Üzə bilməyənlər elə bir balaca sahildə yaxalanacaq, üzə bilənlər suya girəcək, yaxşı üzgüçülər isə daha dərinlərə baş vuracaqlar”.

R.İbrahimbəyovun ssenariləri əsasında bir çox dəyərli sənət nümunələri yaranıb, hətta zamanla ssenarist özü də bir neçə filmdə rejissor kimi iştirak edib.

Onun yaradıcılıq uğurları, böyük ölkələrin ən nüfuzlu sənət mükafatlarına layiq görülməsi, adının dünyanın ən böyük kino xadimləri ilə yanaşı çəkilməsi, bu sahədə nüfuzlü söz sahibinə çevrilməsi və s. bütün bunlar hamısı yaxın keçmişdə baş verdi.

Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Polşa, Türkiyə, Gürcüstan, Qazaxıstan, Moldova kimi ölkələrdə R.İbrahimbəyovun sənətinə və şəxsiyyətinə göstərilən maraq bir daha sübut edib ki, yazıçının qələminin məhsulu olan əsərlər, ssenari müəllifi olduğu filmlər, pyeslər artıq bir xalqa deyil, eyni zamanda dünya mədəniyyətinə məxsusdur.

1981- ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin birinci katibi, daha sonra sədri seçilən Rüstəm İbrahimbəyov bu illər ərzində Azərbaycan kinosunun inkişafındakı rolu, hər gələn yeni nəslin formalaşmasına şərait yaratması, yeni-yeni layihələrin həyata keçirilməsinə dəstək verməsi və s. hər biri  göz qabağında olub.  Və bütün bunlar onun zəhməti, əzmkarlığı və geniş dünyagörüşü sayəsində baş verib.

Yazdığı əsərlərdə xalqın gücünə inanan, daima dövlətçilik mövqeyindən çıxış edən, dünya ölkələrində Azərbaycanı layiqli şəkildə təmsil etmə gücünü göstərən, Azərbaycana qarşı qərəzli mövqe tutan ölkələrin mükafatlarından imtina etməklə millətçilik duyğusunu üstün tutan, bütün fəxri titullara sahib görkəmli dramaturq Rüstəm İbrahimbəyov haqqında keçmiş zamanda danışmaq çox çətindir.

Ancaq o da bir həqiqətdir ki, insanoğlu gördüyü işlərlə yadda qalır. Onun yazdıqları, yaratdıqları, illərlə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi gördüyü işlər, bütün dünya ölkələrində doğma Azərbaycanımızı layiqli şəkildə təbliğ etməsi, bütün bunlar hər kəsə nəsib olan bir qismət deyil.

Rüstəm İbrahimbəyov sadəcə yaşadığımız dövrün deyil, hər dövrün nəbzini tutmağı bacaran yazıçılardan idi. İllər keçəcək onun əsərləri yenə də öz oxucu audotoriyasını qoruyub saxlayacaq, filmləri baxılacaq, təhlil mövzusu olacaq, bir sözlə, bir yazıçı kimi daima düşündürəcək.

Doğrudur, Rüstəm İbrahimbəyov doğma xalqıyla, şəhəriylə vidalaşaraq “Əlvida, cənub şəhəri” dedi, ancaq “Bir cənub şəhərində” daima yaşayacaq…

Xədicə QİYAS