İsmayıl Osmanlı – 120

“Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”. Bu fikirlər “Bakıda küləklər əsir”filmində Əlibala, “Bir məhəllədən iki nəfər”də usta Mahmud, “Dəli Kür”də Məmmədəli, “Əsl dost”da usta Şirəli, “İyirmialtılar”da Şahbazov, “Nəsimi”də Fəzlullah Nəimi, “Mən ki, gözəl deyildim”də Şərif dayı, “O olmasın, bu olsun”da Rza bəy, “Yenilməz batalyon”da dərzi Yusif, “Ulduzlar sonmür”də Hacı Zeynalabdin Tağıyev, “Yeddi oğul istərəm”də Kələntər və s. filmlərdə müxtəlif səpgili obrazlar yaradan İsmayıl Osmanlıya aiddir.

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti İsmayıl Osmanlının yubiley yaşı tamam olur, 120 illiyidir.

İ.Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə anadan olub. Uşaqlıq illərindən 1920-ci ildə Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçür və 6 il buradakı həvəskarlar teatrında çalışır. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. İlk böyük uğuru Cəfər Cabbarlının “1905-ci ildə” pyesinin tamaşasında Bahadur bəy obrazı olur”.

Yeri gəlmişkən, İsmayıl Osmanlı həmin illərdə Cəfər Cabbarlı ilə bir teatrda çalışırdı. Aktyor və rejissor İsmayıl Hidayətzadə ilə bir səhnəyə çıxdığına görə özünü xoşbəxt sanırdı.

Xatirələrində deyirdi ki, o vaxt belə düşünürdüm ki, mənə daha məktəb lazım deyil: “İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu”.

Onun böyük sənət yoluna qədəm qoyması belə başlayır. Aktyorluq sənətinə olan məhəbbəti onu qısa müddət ərzində tamaşaçılara sevdirib. Sənət dostlarından fərqli olaraq İsmayıl Osmanlının obrazlar qalereyası öz rəngarəngliyi ilə seçilib.

İsmayıl Osmanlı teatrla yanaşı kinoda da müxtəlif səpgili rollar qalereyası yaradıb.

1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Yeddi oğul istərəm” filmi ekran həyatı qazanır.

Film süjet xətti qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar – 20-ci illərin komsomolçuları haqqında romantik hekayə üzərində qurulub.

İsmayıl Osmanlı filmdə mənfi obraz kimi tanıdığımız Kələntəri yaradıb. Hətta obrazı o dərəcəd inandırıcı oynayıb ki, nəticədə də tamaşaçı nifrətilə qarşılaşıb.

Aktyor xatirələrində yazıb ki, bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim: “Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:
– Əlin qurusun! Cəlalı Gəray bəyə necə satdın? Oldu.
Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.
– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?
Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm.
Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.
Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:
– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oynadığı rola görə sevgi qazana bilsin.
– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.
– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.
Mən də Şəki ləhcəsi ilə zarafata salıb:
– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə…”

İsmayıl Osmanlını tanıyanlar onun sadə olduğu qədər də, olduğu kimi görünən, göründüyü kimi olan biri olduğunu qeyd ediblər. Bəzi hallarda aktyorun müsbət rolları da təzyiqlə qarşılaşıb…

1971-ci ildə yazıçı İsa Hüseynovun ssenarisi əsasında rejissor Əjdər İbrahimov “Ulduzlar sönmür” filminə quruluş verir.

Tarixi-bioqrafik janrda çəkilən film şərq xalqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycan Xalq Komissarları Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri, həkim, yazıçı Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətindən bəhs edir. Bir neçə novelladan ibarət olan filmdə Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri yer alıb.

O, bu filmdə Hacı Zeynalabdin Tağıyev obrazını yaradıb və rol çox uğurlu alınıb. Hətta aktyor Tağıyev obrazını o dərəcədə millətpərəst, xalqını sevən xeyriyyəçi kimi gözəl yaradıb ki, nəticədə də filmin başı bəlalı olub.

Azərbaycan kinosuna böyük dəyər verən siyasi xadim, ulu öndər  Heydər Əliyevin sayəsində filmi xilas etmək mümkün olub. Bakı erməniləri şikayət məktubları yazaraq “Nə üçün millətçi Nərimanovu, milyonçu Tağıyevi gənclərə nümunə kimi təqdim edirsiniz?” deyə etiraz səslərini yüksəltmək istəsələr də Ulu öndər böyük xeyirxahlıq göstərərək büroda bu məsələni həll etmiş və filmin 40 gün kinoteatrlarda nümayiş etdirilməsi ilə bağlı göstəriş vermişdir.

İsmayıl Osmanlı teatrdakı, filmlərdəki rollarına görə 1940-cı ildə Əməkdar artist, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür.

Onun keçdiyi işıqlı ömür yolu sonralar gələn aktyorlar nəslinə də öz müsbət təsirini göstərdi.

Daima oynadığı obrazlarla xatırlanan, keçdiyi həyat və sənət yolu örnək göstərilən görkəmli aktyor İsmayıl Osmanlını 120 illik yubileyində böyük hörmət və ehtiramla yad edirik!

X.QİYAS