Mirbala Səlimli: Mütəxəssislər dəyişir, studiya rəhbərləri dəyişir və bu dəyişmələr çaşqınlıq yaradır

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, teatr və kino rejissoru, Əməkdar İncəsənət xadimi Mirbala Səlimli Teleqraf.com-a müsahibə verib

Rejissor müsahibədə Azərbaycan incəsənətinin, xüsusilə teatrın və kinonun durumundan bəhs edib.

Kino ilə bağlı olan məqamlarda diqqət II Qarabağ müharibəsində Azərbaycan xalqının möhtəşəm zəfərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətini, Azərbaycan ordusunun sücaət və qəhrəmanlığını əks etdirən filmlərin hələ də çəkilməməsinə yönəlib.

Mirbala Səlimli əminliklə bildirir ki, Qarabağ müharibəsi ilə bağlı çox ssenarilər yazılır: “Özü də bir aspektdən deyil. İşğala məruz qalmış şəhərlər, əsgərlərimizin taleyi, zəfəri, şücaəti haqqında ssenarilərin yazıldığından xəbərim var. Elə mən də bu hadisələri əks etdirən ssenari yazmışam”.

“Ssenarilər yazılsa da, ekranlara gəlmir” fikrinə isə belə bir cavab verib: “Məncə, istehsalat bu baxımdan gecikir. Filmin çəkilişi üçün böyük vəsaitlər lazımdır, bu heç kimə sirr deyil. Bu mənada ləngimə gözəçarpacaq dərəcədədir. Əvvəlki müsabiqədə Qarabağ haqqında ssenarim qalib gəldi. Amma təəssüf ki, istehsalata buraxılmadı. Vəzifədə olan adamlar dəyişdi. Kinomuzdakı qəribəliklərdən biri budur. Mənə elə gəlir, müsabiqə elan olunmalı, mexanizm dəqiq qurulmalıdır. Əgər müsabiqələrin mexanizmi dəqiq qurulmasa kinorejissorların, ssenaristlərin inamı itir. Heç kimin yenidən müsabiqəyə ssenari verməyə həvəsi olmur” deyir M.Səlimli.

Müsabiqələrin keçirilməsinin çox yaxşı hal olduğunu və bunun davamlı olmasına diqqəti çəkən rejissor onu da əlavə edir ki, müsabiqələrin mexanizmi dəqiq işlənməlidir: “Elə işlənməli və nəzarət edilməlidir ki, müəlliflərdə inam yaransın. Onlar inanmalıdırlar ki, ssenari hər hansı müsabiqədə qalib gəlsə, deməli, çəkiləcək. Bu mənada çatışmayan cəhətlər çoxdur. Kinomuzda son illərdə çox sürətlə dəyişikliklər baş verir. Mütəxəssislər dəyişir, studiya rəhbərləri dəyişir. Bu dəyişmələr çaşqınlıq yaradır”.

Mövcud problemlərə baxmayaraq rejissor Azərbaycan kinosunun gələcəyinə ümid bəsləyir: “İnanıram ki, bu ildən etibarən kinoya yeni nəfəs gələcək, müxtəliflər mövzularda: Qarabağ zəfərimiz, qəhrəman döyüşçülərimiz haqqında filmlər çəkiləcək. Müsabiqələr keçirmək ən doğru yoldur. Amma yenə də deyirəm, işə sona qədər nəzarət həyata keçirilməli və nəticə olmalıdır”.

aki.az