Eldəniz Quliyev – 70

“Azərbaycan kinosu Azərbaycan incəsənətinin, mədəniyyətinin tərkib hissəsidir. Buna diqqət ayrılmalıdır. İndiki vaxtda, bizim informasiya müharibəsində dünyaya çıxışımızın heç də qabaqda olmaması əsas verir ki, kinoya diqqət ayrılsın” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, yazıçı, dramaturq, Eldəniz Quliyevin ad günüdür, 70 yaşı tamam olur.

Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda dünyaya göz açıb.

1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1979-1981-ci illərdə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib.

1981-1987-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor kimi çalışıb və redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü olub.

1987-1992-ci illərdə “Debüt” studiyasının baş redaktoru, 1993-1996-cı illərdə  “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru, 1999-cu ildə ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib.

Onun ssenariləri əsasında – “Belə bir kənd var”(1981, qısametrajlı sənədli film), “Cırtdan-pəhləvan haqqında”-II film(1983, animasiya filmi), “Sehrli ləçək” (1983, animasiya filmi), “Cin Mikrorayonda”(1985, tammetrajlı bədii film), “Kölgədə 40 dərəcə isti”(1987, tammetrajlı bədii film), “Pirverdinin xoruzu”(1987, qısametrajlı bədii film), “Cansıxıcı əhvalat”(1988, tammetrajlı bədii film), “Qara qızılın qara üzü”(1990, qısametrajlı sənədli film), “Abşeronda subtropik bitkilər” (1991, qısametrajlı sənədli film), “777 №-li iş” (1992, tammetrajlı bədii film), “Lal”(1992, qısametrajlı bədii film), “Haray”(II) (1993, tammetrajlı bədii film), “Qoca əsgər” (1993, qısametrajlı sənədli film), “Parlament”(1996, qısametrajlı sənədli film) və s. filmlər çəkilib.

Onu da qeyd edək ki, ssenaristin ssenariləri əsasında çəkilən filmlərdə zamanın aktual problemləri qabardılır, filmin qəhrəmanları mənəvi  seçim qarşısında qalır. Əslində E. Quliyevin qəhrəmanları çoxluqda əriyən yox, onunla konflikdə  olan qəhrəmanlardır. Bu da təsadüfi deyil, çünki Eldəniz Quliyev yaradıcı şəxsiyyət olaraq  daima öz fikri  olan bir  sənət adamıdır. 1985-ci ildə çəkilən “Atları yəhərləyin” (Qaçaq  Nəbi) filmindəki Mirzə obrazını ifa etməklə ssenarist sanki öz daxili portretini yaradıb.

Onun ssenarisi əsasında 1985-ci ildə çəkilən “Cin mikrorayonda” filmindəki hadisələr müasir şəhərlərdən birində baş verir. Nəşriyyat korrektoru içərisində cin yerləşdirilmiş qədim çıraq tapır ki, bununla da onun həyatında müxtəlif hadisələr cərəyan etməyə başlayır.

Ümumiyyətlə filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xarakter daşıyır ki, filmin aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırılır. Göründüyü kimi, filmin mərkəzində dayanan ideya mənəvi-psixoloji səciyyə daşıyır, fəaliyyətsizliyə, ətalətə qarşı yönəlir.

1988-ci ildə lentə alınan “Cansıxıcı əhvalat” filminin mövzusu isə ailə dəyərləri üzərində qurulub. Belə ki, üç övlad böyütmüş valideynlərin yaşlılıq vaxtı tənha, diqqətsiz və qayğısız qalmaları diqqətə çəkilir. Film gənclərin laqeyd münasibətini önə çəkməklə yanaşı, bu problemi yaradan səbəblər ətrafında düşünməyə də vadar edir.

Eldəniz Quliyev deyir ki, kino ən kütləvi incəsənət növü olduğu üçün biz bu məsələdən də düzgün bəhrələnməyə çalışmalıyıq: “Kinonun təsir qüvvəsi atom bombasından da güclüdür. Bunu nəzərə alıb Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ən güclü ssenaristləri, məşhur rejissorları dəvət etməliyik. Hər bir ölkənin kino sənəti o ölkənin vətəndaşının ləyaqətli, əxlaqlı, vicdanlı və mənəviyyatlı yaşayışına prioritet verməlidir. Azərbaycan kinosu da istisna deyil. Ölkədə kino sənəti yarandığı ilk vaxtdan indiyədək kino Azərbaycan mədəniyyətinin, mənəviyyatının tərkib hissəsidir. Ona görə insani münasibət, xoşbəxt, əxlaqlı, mənəviyyatlı insan yetişdirmək Azərbaycan kino sənətinin, kino istehsalının fəlsəfəsi kimi qəbul olunur”.

Azərbaycan xalqının milli-mentalitetini daima yüksək tutan, yüksək əxlaqi keyfiyyətlərə malik olan Eldəniz Quliyevi yubiley yaşı münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

aki.az