Fransız kino şedevrlərinin nümayişi davam edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı fransız kino şedevrlərinin nümayişini davam etdirir. Bu həftə “Azerbaijan sinema” kinoteatrında tamaşaçıların baxışına təqdim olunan film Jan Viqonunun “Atalanta”sıdır.

Fransa kino mütəxəssisi Murad Abıyev deyir ki, sözü gedən film rejissorun əvvəlki filmlərindən fərqli olaraq heç bir siyasi mesaj daşımır. Ancaq film üslubuna görə inqilabi film sayılır.

Nümayişə Fransanın Azərbaycandakı səfiri Zakari Qros da qatılıb. Səfir bildirib ki, fransız filmlərini izləmək üçün bu qədər çox tamaşaçının gəlməsi onu təsirləndirib.

Film 20-ci əsrin əvvəllərində Fransada inkişaf edən peotik realizm cərəyanının ilk nümunələrindəndir. Əhvalat “Atalanta” gəmisinin kapitanı Janın, kənd qızı Cülyetta ilə evliliyi ilə başlayır. O işindən ayrılmadan, adət etdiyi marşrutla Parisə doğru bal ayı səfərinə çıxır. Səyahət boyu cütlüyü qısqanclıqlar, mübahisələr və Jül adlı komik qoca obrazı müşayiət edir.

Tədbirə moderatorluq edən kinoşünas Sevda Sultanova filmdən danışarkən operator Boris Kaufmanın işini unutmamağı bildirib: “Yeri gəlmişkən, bu filmi çəkərkən onların kameraları olmayıb. Qardaşı məhşur kino nəzəriyyəçisi Dziga Vertov onlara kömək olaraq kamera göndərib. “Atalanta” filmi məhz o kameranın köməyi ilə çəkilib. Filmdə fikir verdinizsə, interyerlərdə çəkiliş prosesi çox rahat başa gəlmir. Amma Boris Kaufmanın ustalığı nəticəsində biz o atmosferi – qəhrəmanların dünyasını hiss edə bilirik”.

Kino mütəxəssisləri nümayişdən sonra film haqqında təəssüratlarını bölüşüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bu filmə ilk dəfə baxsa da, filmdən təsirləndiyini deyib: “Biz bundan öncə Bressonun filmini izləmişdik. O daha tragik məsələlərə toxunan bir müəllifdir. Bu filmi izləyərkən zövq ala-ala düşünürdüm ki, sənətin borcu, funksiyası tamaşaçını ölümə, çətin ittihamlara hazırlamaqdır ya zövq verməkdir? Yəni, bu film təbii ki, sevməyi öyrədir, amma Bresson ölümün üzünə baxmağı öyrədir. Sənətin borcu nədir? Bəlkə ikisi də olmalıdır? Yəni ölümə hazırlayan sənətlə sevməyi öyrədən sənət əl-ələ verməlidir”.

Kino tənqidçisi Hacı Səfərov filmdəki Cülyetta obrazını fransız ədəbiyyatının qəhrəmanı Madam Bovari ilə eyniləşdirib: “Əsərdə də Madam Bovarinin əsas motivasiyası odur ki, o əyalətdə yaşamaq istəmir. Daima arzusu Parisə getməkdir, amma ora getmək ona heç də xoşbəxtlik gətirmir. Digər tərəfdən film 1930-cu illərdə çəkildiyinə görə biz dramatik axsamalar müşahidə edirik. Məsələn Jül obrazına həddindən artıq çox yer ayrılıb. Nə qədər əyləncəli obraz olsa da, bu da bir yerdən sonra tamaşaçıları sıxmağa başladı. Buna baxmayaraq Jülün və onların sadə həyatlarının sehrli anlarını o qədər orijinal şəkildə göstərə bilib. Filmdə oğlanın “korluğu” və Cülyettanı görə bilməməsi, bəlkə də film tarixində ən maraqlı vizual həllərindən biridir. Jan suya baş vurur və ondan sonra axır ki, qızı görə bilir. Bununla da onun qıza qarşı olan münasibətinin necə dəyişdiyi, obrazın arkası bizə aydın olur”.

Fransa kino günləri çərçivəsində 21 iyunda təqdim olunacaq son filmlər Kris Markerin “Uçuş zolağı”nda bədii filmi və “Sibirdən məktublar” sənədli filmidir.

aki.az