Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev – 100

2 may 1998-ci il Azərbaycan kinosunun 100 illiyi ilə bağlı baş tutan “Festivallar festivalı”nda…

“Biz bir kəşf etdik, sübut etdik ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır, onun 100 ili tamam olur. Biz 1916-cı ili başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun yaşını əgər belə demək olarsa 10 il, yaxud, neçə il artırmaq ümumən heç də sadə məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycana gəlib…” deyən Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilən, 1991-ci ildə müstəqilliyini bərpa etdiyi Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində xidmətləri böyük olan,

1993-cü ildə prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitliyi qoruyub saxlayan. siyasi, iqtisadi və sosial islahatlar həyata keçirən, 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıraraq atəşkəs sazişi olan Bişkek protokolu imzalayan, ölkəmizin gələcək iqtisadi yüksəlişini təmin edən “Əsrin müqaviləsi” adlanan neft sazişini imzalayan və onlarla ölkə üçün önəmli layihələrə imza atan Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyidir.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadi-sosial, siyasət, mədəniyyət, ümumiyyətlə bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. Milli dəyərlərimizin bütün dünyada tanınması, mədəniyyət və incəsənət xadimlərinin təbliğ olunmasına geniş şərait yaradan Ulu Öndərin incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da xidmətləri danılmazdır.

Azərbaycan kinosu onun qayğı və dəstəyini Ulu Öndərin hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən kinomuz yeni inkişaf yoluna qədəm qoyub. Ekranlara buraxılmayan filmlər onun təşəbbüsü ilə ekrana çıxıb. Kinoda Azərbaycan tarixini, mədəni abidələrini, dahi şəxsiyyətlərini canlandıran “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi ekran əsərləri məhz onun dövründə meydana gəlib.

Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra isə kinoya dair ilk sərəncamlarından biri Dövlət Film Fondunun yaradılması barədə olub və bununla da o, Azərbaycan filmlərini məhv olmaqdan qorudu.

Heydər Əliyev milli kinonu inkişaf etdirmək, onun təbliğinə geniş meydan açmaq məqsədilə 1998-ci ilin 3 iyul tarixində “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladı və bununla da milli kinomuz qarşısında konkret vəzifələr, kinematoqrafiyamız qarşısında çoxillik proqram qoydu. Qeyd edək ki, son dövrlərdə dövlət sifarişi ilə çəkilən uğurlu filmlər də elə bu proqramın tərkib hissəsidir. Bütün bunlar Azərbaycan kinosunun artıq inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir.

1969-cu il… Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında görkəmli rejissor Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filmi Bakı həyatından, köhnə məhəllələrin birində yaşayan insanların gündəlik yaşam görüntülərindən bəhs edirdi. Sovet rejiminin ən sərt vaxtlarında ekrana köhnə fikirli obraz gətirmək, feodal düşüncəsi ilə yaşayan qəhrəmanı təbliğ etmək heç də asan məsələ deyildi. Yaradıcı heyətin böyük zəhmətlə ərsəyə gətirdiyi filmə qapalı baxışdan sonra “Qoskino”da (Dövlət Kinematoqrafiya Komitəsi) ciddi tənqid edilir və filmin kütləvi nümayişinə qadağa qoyulur. Həmin ildə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinə birinci katib təyin olunur. Film haqqında eşidən Ulu Öndər “Bir cənub şəhərində” filmini qadağadan qoruyaraq ona ekran həyatı verir.

Qeyd etdiyimiz kimi, ölkəyə rəhbərliyi dövründə hər sahəyə xüsusi diqqət ayıran Ulu Öndər, incəsənəti, xüsusuilə kinonu daha çox qayğı ilə əhatələndirmişdi. H.Əliyev kinoşünaslara kino tarixinin araşdırması ilə ciddi məşğul olmağı tapşırmışdı. Kinoşünasların arxiv sənədlərini araşdırarkən Azərbaycan kinosunun tarixinin heç də 1916-cı ilə deyil, əslində, dünya kinosunun yaranma tarixindən cəmi iki il yarım sonraya – 1898-ci ilə aid olduğunu sübut etməsi artıq tarixi fakta çevrilib.

Ulu Öndər ölkəyə rəhbərliyi dövründə bir çox tarixi filmlərin yaranmasına şərait yaratmaqla yanaşı, həmin çəkiliş proseslərini nəzarətdə saxlayıb. Həmin filmlərdən “Ulduzlar sönmür” (1971), “Nəsimi” (1974), “Dədə Qorqud” (1975), “Nizami” (1982) və s. misal göstərmək olar.

1973-cü il… İsa Hüseynovun ssenarisi əsasında Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” bədii filmi Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunur. Hətta ilk dəfə “Nəsimi” filmi valyuta ilə alınan kino plyonkasına çəkilib ki, keyfiyyətli olsun. Bundan başqa, kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən də pul ayrılıb. Ulu Öndərin istəyilə filmin rejissor işi Həsən Seyidbəyliyə həvalə olunub. H.Əliyev bu barədə deyib: “Azərbaycanda respublikanın rəhbəri işləyərkən kino sənətinin inkişafına böyük diqqət yetirirdim. O vaxt böyük şairimiz Nəsiminin 600 illiyini qeyd edirdik və onun haqqında film yaratmağı qərara almışdıq. Rejissor Həsən Seyidbəyli bu filmin yaranmasını öz üzərinə götürdü. Xatirimdədir, ssenari çox mürəkkəb, çox çətin idi. Çünki tarixi təhlil etmək, aydınlaşdırmaq lazım idi ki, nəyi göstərməli, nəyi göstərməməli… Mən hesab edirəm ki, tarixi baxımdan bu film Azərbaycan kino sənətinin əslində ilk fundamental filmi idi. Onda mən Həsən Seyidbəyli ilə görüşdüm, söhbət etdim və soruşdum ki, bəs Nəsimi rolunu kim ifa edəcək? O, dedi ki, bilirsinizmi, mən bir yaxşı, perspektivli cavan tapmışam. Mən onu sınaqdan çıxarmışam, baxmışam… Rasim Balayev Nəsimi rolunu həqiqətən gözəl ifa etdi”.

1979-cu il…Ənvər Məmmədxanlının ssenarisi, Eldar Quliyevin quruluşu ilə çəkilən “Babək” filmi 1979-cu ildə istehsalata buraxılıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyevin ölkəyə rəhbərik etdiyi dövrdə yaranan tarixi filmlərin büdcəsi Sovet dövründə çəkilən filmlərin büdcəsindən qat-qat artıq olub. Xalq qəhrəmanı Babəkə həsr edilən “Babək” filminin çəkilişləri üçün ümumittifaq büdcəsindən ayrılmış vəsaitdən əlavə indiki məzənnə ilə hesablansa 4-5 milyon dollar pul ayrılıb. Beş mindən artıq adam çəkilişlərdə iştirak edib.  Moskvadan “Mosfilm”in “Kavaler polku”ndan 170 atlı gətirilib. 60-a yaxın ölkə tərəfindən alınan film təkcə bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənilib. Filmin çəkilişləri, Naxçıvanda, Ramana qalasında, “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda, Suraxanıdakı “Atəşgah” məbədində aparılıb. Tamaşaçılar tərəfindən həmişə maraqla izlənilən Bəzz qalası və həmin ərazidə gedən qanlı döyüşlərin səhnələri Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın və Ərəzin kənd­lərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağda lentə alınıb.

Maraqlı faktlardan biri də odur ki, “Babək” filminin Naxçıvandakı çəkilişləri üzüm yığımı vaxtına təsadüf etdiyindən kütləvi səhnələrə yerli əhali də cəlb olunurdu. Üzüm yığımı ilə əlaqədar camaatı tam səfərbər etmək mümkün olmurdu. Belə bir məqamda Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev işə qarışır. O, Naxçıvan rəhbərliyinə tapşırıq verir ki, “Babək” filmi üçün lazım olan bütün şərait yaradılsın, hətta “eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar” deməyi də unutmur.

Eyni ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmində hadisələr 1960-cı illəri əhatə edir. Filmin əsas mövzusunu Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiya təşkil edir. Rüşvət, hədiyyə ilə polis orqanlarını ələ alma, təmiz insanları şərləmə və başqa məqamlar filmdə açıq-aydın təsvir olunur. Belə bir filmin çəkilməsi öz dövrü üçün cəsarətli addım idi. Məhz buna görə Sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. “Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara” kimi fikirlər irəli sürərək filmdə əsaslı dəyişikliklər tələb edirlər. Ölkə rəhbəri H.Əliyev bu barədə eşidir və məsələyə qarışır. Çünki filmdə qabardılan məsələlər, onun hakimiyyətə gələrkən dərhal mübarizəyə başladığı cinayətlərdən idi. Bu baxımdan da belə filmlərin daha çox çəkilməli olduğunu deyir: “Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin – korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, Rüstəm İbrahimbəyovla Rasim Ocaqov bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və “İstintaq” filmi böyük şöhrət qazandı…”

Kinorejissor Rasim Ocaqov qeyd edirdi ki, filmdə toy kadrının dəbdəbəli çəkilməsini Heydər Əliyev də məsləhət görmüşdü: “Mən də həmin hadisənin içində yaşadığım üçün bütün halların şahidi olmuşam. Yaxşı yadımdadır, Heydər Əliyevin qadağasına görə heç kim dəbdəbəli toy keçirmirdi, qohum-qardaşdan artıq adamı məclisinə dəvət edə bilmirdi. Bu baxımdan, biz də filmdə toy səhnəsini iki obrazın sözü ilə tənqid etdik”. Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra Moskva Bədii Şurasının ixtiyarına verilib, yenə də maneələr başlayıb. Heydər Əliyevin “Biz filmi bəyənmişik” deməyilə məsələ həll olunub.

Qeyd edək ki, Azərbaycan nefti, neftçilər haqqında yüzlərlə bədii, sənədli, elmi-kütləvi və cizgi filmləri çəkilib. Neftçilərin Böyük Vətən müharibəsi illərində faşizm üzərində qələbənin qazanılmasında çəkdikləri böyük zəhmət, ön cəbhənin yanacaqla gecə-gündüz təmin olunmasında əsl qəhrəmanlıq göstərmələri “Bakının işıqları”, “Bizim Cəbiş müəllim”, “Bakıda küləklər əsir” bədii filmlərində öz əksini tapıb.

Ulu Öndər bu barədə deyirdi ki, tariximizin bir çox mərhələlərini kinoda əks etdirmək, bu günümüz və gələcəyimiz üçün çox gərəkli bir işdir: “Dəfələrlə söhbət aparmışdım ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərini kinoda göstərək. Təəssüflər olsun ki, bunu edə bilmədik. Amma güman edirəm ki, vaxt gələcək bunu edəcəyik. Bu il faşizm üzərində qələbənin 50 illiyini bütün dünya qeyd etdi. Bütün yubiley mərasimlərində – Londonda, Moskvada, Parisdə iştirak etmək mənə nəsib oldu. Qələbənin 50 illiyini qeyd etməyə dünyanın, demək olar ki, bütün ölkələrinin başçıları toplaşmışdı. Mərasimdə olarkən, oradakı nitqləri, çıxışları dinləyərkən daim düşünürdüm və bunu təkcə biz yox, çoxları dəfələrlə qeyd edirlər ki, Azərbaycanın nefti olmasaydı, bəlkə də faşizm üzərində qələbə mümkün olmazdı. Bu qələbədə Azərbaycanın böyük xidmətləri olub. Bu bizim tarixi nailiyyətimizdir. Ona görə də mən çalışırdım ki, bunu kinoda əks etdirək”.

1970-2000-ci illərdə Azərbaycan bədii mədəniyyətinin bütün sahələrinin inkişafında, Azərbaycan sənətşünaslıq elminin inkişafında, şəhərsalma, memarlıq, təsviri və dekorativ-tətbiqi sənətlər, musiqi, teatr və kino sənətlərini əhatə edən qiymətli sənətşünaslıq əsərlərin nəşr edilməsində, xüsusilə Azərbaycanımızın bütün dünya ölkələrində tanınmasında, layiqli şəkildə təmsil olunmasında əvəzsiz rol oynayan Ulu Öndəri,  dünya şöhrətli siyasi xadim – Heydər Əliyevi 100 illik yubiley yaşında böyük sevgi, hörmət və ehtiramla yad edirik!

aki.az