O, xalqını incəliklərinə qədər duya və anlaya bilirdi

“O, xalqını incəliklərinə qədər duya və anlaya bilirdi” – Rüstəm İbrahimbəyovun Heydər Əliyev barədə xatirələri (Elmira Axundovanın unikal arxivindən)

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Bu münasibətlə biz Azərbaycan xalq yazıçısı Elmira Axundovanın Ümumilli Liderin doğmaları və yaxınları, silahdaşları və iş yoldaşları ilə unikal söhbətlərinin dərcinə başlayırıq.

On beş cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsəri üzərində çalışarkən Elmira xanım çoxlu sayda insanlarla görüşüb. Bu gün onun arxivində 150-yə yaxın müsahibə və söhbət var. Üstəlik, belə bir kədərli faktı da nəzərə alsaq ki, həmin adamların əksəriyyəti dünyalarını artıq dəyişiblər, onların Heydər Əliyev haqqında qiymətli xatirələri tariximiz üçün müstəsna əhəmiyyət kəsb edir.

Xalq yazıçısının bizə iltifatla təqdim etdiyi materialların dərci bütün 2023-cü il ərzində davam edəcək.


Elmira Axundova:
Sizin Heydər Əliyevlə münasibətlərinizin uzun bir tarixi var. Onu müxtəlif mərhələlərdə – şöhrətin zirvəsində və eləcə də ən ağır şərtlərdə görmüsünüz. Sizcə, bu şəxsiyyətin unikallığı nədədir? Və ümumiyyətlə, bu, unikallıqdırmı?

Rüstəm İbrahimbəyov: – Heydər Əliyev həyatım boyu qarşılaşdığım ən unikal, genişmiqyaslı, çoxşaxəli, özündə ən ziddiyyətli keyfiyyətləri birləşdirən şəxsiyyətlərdən biridir. Bir maraqlı epizoddan başlayım. Xəstəliyindən il yarım əvvəl o, Müslüm Maqomayevin doğum günü münasibətilə Azərbaycan ziyalılarından bəzilərini öz hökumət bağında topladı. Biz 15-20 nəfər idik. Nə üçünsə söhbət onun bağ evini necə dəyişdirməsindən düşdü. “Əvvəllər burada daha üç ev vardı, – Heydər Əliyev üzünü Fərhad Xəlilova tutdu. – Sənin yadında olar, sən o vaxt burada yaşayırdın”. Fərhad heç də dərhal və əminliklə razılaşmadı. Sonra Heydər Əliyev ağılasığmaz bir hadisəni danışdı. “Bir dəfə necə oldusa, komendantı çağırıb soruşdum: niyə Xəlilovun oğlu çimərliyə getmir. O, söz verdi ki, yoxlayıb mənə məruzə edəcək”. Səhərsi gün mən məlumat aldım ki, oğlan öz otağında oturur və bütün günü şəkil çəkir. Soruşdum ki, o nə çəkir? Ertəsi gün komendant məruzə elədi: “O, mənzərə – dəniz və qayalar çəkir”.

Mən çox təəccüblənmişdim. Kommunist Partiyasının birinci katibi 18 yaşlı oğlanın nə üçün hamıyla birgə çimərliyə getməməsi ilə maraqlanmışdı. Oğlanın şəkil çəkdiyini biləndə isə, Heydər Əliyevə maraqlı gəlmişdi ki, o məhz nə şəkli çəkir. Bundan başqa, o, qırx il əvvəlki adamları, təfərratları yadında saxlamağı bacarmışdı, birinci katibin maraq obyektinin özü isə bütün bunları bir o qədər yaşı xatırlamırdı.

Bu cür hadisələrdən çox danışırlar, onlardan biri də şəhər kənarındakı iqamətgahın tikintisi ilə bağlıdır. Onu inşa edən fəhlələr, bütün proletarlar kimi çox pis söyüş söyürdülər. Onların səsi kabinetdə də yaxşı eşidilirdi. Heydər Əliyev “prorab”ı yanına çağırır. “Prorab” içəri daxil olanda Heydər Əliyev sanki onu görmədən öz masası arxasında işləməyə davam edir. “Prorab” prezidentin nə deyəcəyini gözləyir, amma o, susqunluğunu qoruyur. Bu, təxminən iyirmi dəqiqə çəkir, sonra pəncərədən yeni söyüş silsiləsi eşidilir. O zaman Əliyev başını qaldırıb, qınaqla “prorab”a baxır və deyir: “Gedə bilərsən”.

Bir əhvalat da var. Hələ Sovet dövründə o bir dəfə necəsə məndən soruşdu ki, Bakıda da beynəlxalq kinofestival keçirmək olarmı. Cavab verdim ki, bu cür qərarlar Siyasi Büro səviyyəsində qəbul olunur, hətta Daşkənd festivalı ildə 2 dəfə keçirilir. Amma Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqda mən ona, müstəqil Azərbaycanın prezidentinə bizim söhbətimizi xatırlatdım. Üç il sonra dünya kinosunun yüzilliyi münasibətilə Bakıda ilk beynəlxalq kinofestival keçirildi. Sonradan Amerikanın “Filipp Moris” tütün şirkəti festivalın maliyyələşməsini üzərinə götürdü. Amma iki ildən sonra onu Azərbaycan bazarından uzaqlaşdırdılar. Mənsə artıq növbəti kinofestivalı anons etmişdim. Bu səbəbdən, kömək üçün prezidentə yenidən müraciət etməli oldum. “Sənə nə qədər lazımdır?” – Heydər Əliyev soruşdu. Mən məbləği manatla dedim. “Bu, dollarla nə qədər edəcək”, – o sual verdi. Dollarla məbləği dedim – 100 min. O təəccübləndi: “Nə üçün belə çox?”. “Bu, o qədər də çox deyil, bu, çox azdır”. Bir də onu dedim ki, Respublika Sarayında avadanlığın vəziyyəti acınacaqlıdır, onu dəyişmək lazımdır. “Bəs bu nə qədərə başa gələcək?” “Yarım milyon dollar”, – cavab verdim. “Nə danışırsan, bizdə bu qədər pul yoxdur. Yüz mini isə sənə verərik”.  “Zəhmət olmasa, maliyyə nazirinə zəng vurun”, – mən xahiş elədim. O mənə söz verdi: “Zəng vuraram, narahat olma”. “Xahiş edirəm, mənim yanımdaca zəng vurun. Hər şey tükdən asılıdır”. O mənə qınaqla nəzər saldı, dəstəyi götürüb dedi: “Rüstəm İbrahimbəyov sənə müraciət edəcək, festival üçün ona pul verərsən”.

Festivalın taleyi bir zənglə həll olundu, halbuki maliyyə naziri ilə aylarla sürən danışıqlardan sonra bizə qəti etiraz etmişdilər. Getmək üçün ayağa qalxanda qeyri-ixtiyari dedim: “Heydər Əliyeviç, olar sizi öpüm?” O təəccüblə soruşdu: “Niyə?” “Mən müxtəlif ölkələrdəki nüfuzlu adamlara dəvətnamələr göndərmişdim, sizin köməyiniz olmasa, xəcalətli qalacaqdım”. Ona yaxınlaşdım, yanağını uzatdı. Bir il sonra isə Bakı beynəlxalq kinofestivalının hər il keçirilməsi barədə sərəncam verdi.  Hər il o, açılış mərasiminə gəlir, festivalın qonaqları ilə görüşürdü. Həmin illər Azərbaycan informasiya blokadasında idi. Heydər Əliyev anlayırdı ki, bu, oradan çıxmaq üçün ən səmərəli üsullardan biridir. Axı bütün dünya kinematoqrafiyasının qaymaqları həmin vaxt Bakıda idi. Heydər Əliyev qonaqlarımızda qeyri-adi təəssürat yaradırdı. Görüşlərin birində moldovalı rejissor Emil Lotyanu ona dedi: “Mən çox dövlət xadimi görmüşəm, amma siz görkəmli siyasətçi olmaqdan əlavə, əsl Hollivud aktyorusunuz”. Heydər Əliyev güldü: “Bunu heç vaxt heç kəsə deməmişdim, amma məni Siyasi Büroya seçəndə ən populyar Qərb jurnallarından birində (o, jurnalın adını çəkdi) informasiya dərc olundu ki, Siyasi Büroya Azərbaycan Mərkəzi Komitəsinin keçmiş baş katibi seçilib, o, zahirən tipik Hollivud filmlərinin qəhrəmanlarını xatırladır. O zaman mən bu jurnalı gizlətdim və heç kəsə göstərmədim, amma indi siz mənə bu əhvalatı xatırlatdınız”.

Heydər Əliyev bir çox kinematoqrafçıları şəxsən tanıyırdı. Öz növbəsində, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini olarkən o, mədəniyyət məsələləri ilə məşğul idi. Kinematoqrafiya ilə bağlı məşhur partiya qətmanəsi məhz onun rəhbərliyi altında hazırlanmışdı. Kino işçilərinin Ümumittifaq toplantısından bir qədər əvvəl bu qətnamə SSRİ Dövlət Kino Komitəsindəki maraqlı bir görüşdə açıqlandı. Məruzəni komitə sədri edirdi. Bu, gələcək Qətnamənin aprobasiyası idi. Müxtəlif respublikaların görkəmli kinematoqrafçıları, Kinematoqrafiya İttifaqının bütün birinci katibləri, komitə sədrləri zalda idilər. Yekun nitqi Heydər Əliyev söylədi. Bu çıxışdan, danışan şəxsin kinodan uzaq adam olduğu qətiyyən hiss edilmirdi. O dedi: “Mən siyasi xadiməm, dövlət adamıyam və kino sənayesinin problemləri məni məhz bu baxımdan maraqlandırır. Kinonun peşəkar xüsusiyyətləri isə sizin sahənizdir”. Bununla belə, ünsiyyətdə olduğumuz saat yarım – iki saatda o, zəruri məlumatları aldı və biz ayrılanda bu informasiyalardan məharətlə istifadə etməyə başladı. Bu mənada o, digər Sovet rəhbərlərindən yaxşı mənada fərqlənirdi, o birilər söhbətin dərinliyinə varmadan hansısa reseptlər, məsləhətlər, tövsiyələr verməyə çalışırdılar və bu, çox zaman gülünc görünürdü. Kinematoqrafçılar öz çıxışlarında ona utanıb-çəkinmədən təşəkkürlərini və hörmətlərini ifadə etməyə çalışırdılar. Mən də orada çıxış etdim və sözümü bu sualla bitirdim: “Qətnamədə göstərilir ki, “Mosfilm” müasirləşdiriləcək. Bunu belə başa düşmək olarmı ki, hər respublikada belə qətnamə qəbul olunacaq və bu, respublika studiyalarını da müasirləşdirməyə imkan verəcək?” Heydər Əliyev elə baxdı, sanki məni ilk dəfədi görürdü. O, Yermaşa müraicət etdi: “Filipp Timofeyeviç, maraqlı sualdır, zəhmət olmasa, buna cavab verin”. Yermaş nala-mıxa döydü, sualdan yayınmağa çalışdı. Bir neçə çıxışdan sonra Eldar Şengelaya mənim verdiyim suala qayıtmağa cəhd göstərdi. O dedi ki, “Mosfilm” bizim liderimizdir, o bizdən irəlidə qaçır, amma yaxşı olardı ki, ona çatmaq üçün bizim də tuman-köynəyimiz olaydı, yəni çılpaq qaçmayaydıq. Heydər Əliyev yenə sualı Yermaşa ünvanladı və o yenə sualdan yayındı. Əlbəttə, Əliyev özü də cavab verə bilərdi, amma respublika studiyalarında heç bir modernləşdirmə gözlənilmədiyindən, o, susmağı üstün tutdu. O zaman mən anladım: demə, sənə peşəcə uzaq adamlarla konkret işgüzar görüş keçirib, eyni zamanda gülüş doğurmayacaq sözlər danışmamaq da olar. Hərçənd, çox zaman bizim başqa rəhbərlər gəlib hər şeyə qarışır, axmaq-axmaq məsləhətlər və gerçəkləşməyəcək yağlı vədlər verirdilər.

E.A. – Siz hansı şəraitdə tanış olmuşdunuz? İlk görüşünüz harada, nə vaxt baş tutmuşdu?

R.İ. – Bu, 1970-ci ildə olmuşdu. Həmin vaxt mən bir neçə il idi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi seçilmişdim. Gözəl günlərin birində MK-nın şöbə müdiri Azad Şərifov mənə zəng vurub dedi: “Təcili Mərkəzi Komitəyə gəlməlisən. Sabah katibliyin iclası olacaq, orada nomenklatura vəzifələri təsdiqlənəcək. Amma bu gün, Heydər Əliyev təkbətək görüş üçün 5-6 nəfəri seçib, onlardan biri də sənsən”. Həmin vaxt mənim ölkədəki vəziyyətim ağır idi, bizim yazıçı və kinematoqrafçı “dostlarımızın” da bunda əməyi az olmamışdı – “birinci”yə İbrahimbəyov qardaşları haqqında çox danışmışdılar. Buna görə də Kinematoqrafçılar İttifaqında hamı mənim Mərkəzi Komitə katibliyinə təsdiqlənməyimlə bağlı həyəcan keçirirdi. Görüşə bir neçə dəqiqə gecikdim. Şərifov məni liftin önündə qarşıladı və bərk danladı: “Düşünürdüm, sən ciddi adamsan”. Və dərhal dəhlizdə az qala qaçmağa başladı. Mən də arxasınca getdim. Qəbul otağına qaçaraq gəldik və… orada üç saat gözlədik. Çünki otaqda məndən başqa da adamlar – müxtəlif vəzifələrə çoxlu namizədlər vardı. Nəhayət, kabinetə daxil olduq. Salamlaşdıq, oturduq və çox maraqlı söhbət getdi. Bundan bir il əvvəl Heydər Əliyev mənim ssenarim əsasında çəkilmiş “Bir cənub şəhərində” filminə baxmışdı; ekran əsərini bəyənmişdi, amma zarafatla tövsiyəsini də vermişdi: “Daxili işlər nazirinə göstərməyin” (özü həmin vaxt DTK-nın sədri idi).
Əlbəttə, bu dəfə də filmdən söhbət düşdü. O dedi: “Film mənə maraqlı gəldi, amma bir şeyi qeyd etməliyəm ki, siz bizim qüsurlarımızı çox qarışıq, necəsə qara bir ləkə kimi göstərmisiniz. Anlayıram, adam karyerasına başlayanda diqqəti özünə çəkmək istəyir. Çox zaman gənc incəsənət xadimləri qalmaqallı əsərlər yaradırlar. Amma xalqımızın həyatını daha düzgün, dürüst və hərtərəfli işıqlandırmağa çalışmaq lazımdır”. Mən özümə və həmkarlarıma bəraət qazandırmaq istədim: “Bilirsiniz, Heydər Əliyeviç, yəqin ki, bizim filmdə qüsurlar var, bunu dəfələrlə söyləyiblər. Amma kiməsə xoş gəlmək və ya kiminsə diqqətini çəkmək fikrimiz olmayıb. Bircə arzumuz vardı: ekrandan, heç olmasa, bir az həqiqəti göstərmək istəyirdik. Bizim kinematoqrafiya real həyatdan o qədər uzaqdır ki, çox zaman ekranda nağıla bənzər bir şey görürük. Bəlkə də, bir az şişirtmişik, bəlkə, bir qədər yumşaq, daha bədii ifadə edə bilərdik. Bu, artıq məsələnin başqa tərəfidir. Amma niyyətimizdə çox səmimi idik”. Cavabım onun xoşuna gəldi: “Heç diqqət yetirmisiniz ki, biz sizə dəstək oluruq? Sizə, Anara, Maqsuda, Eldar Quliyevə…”. “Bəli, – cavab verdim. – Biz bunu hiss edirik”. O mənə nüfuzedici nəzərlərlə baxdı: “Bilirsiniz, sizi niyə çağırmışıq?”. Cavab verdim ki, bəli, bilirəm. “Sizin vəzifəniz – Kinematoqrafçılar İttifaqının katibi vəzifəsi Kommunist Partiyasının Mərkəzi Komitə katibliyinin nomenklaturasıdır, sabah sizin namizədliyinizi təsdiqləməliyik. Bu barədə nə deyə bilərsiniz? Özünüzü bu vəzifəyə uyğun hesab edirsiniz?” Sual mənə qəribə gəldi. Cavab verdim: “Bilirsiniz, insan öz qabiliyyətlərində yanıla bilər, buna görə də suala cavab verməkdən çəkinirəm. Seçki ilə müəyyən olunan vəzifəyə uyğun olub-olmadığım barədə fikir yürüdəcək adam mən deyiləm”. Sonradan sualı təhlil edəndə başa düşdüm ki, məsələ o qədər də sadə deyilmiş. Çünki “layiqəm” deməklə, sən özünü çətin vəziyyətdə qoyursan, axı dərhal sual gələ bilər: “Özünüz barədə bu cür yüksək fikirdə olmağınızın əsasında nə durur?” Yox, vəzifəyə uyğun olmadığını etiraf etsən, sənə deyə bilərlər: “Özünə əmin deyilsənsə, nəyə iddia edirsən?” Yəni psixoloji baxımdan dəqiq sual idi. Biz uzun müddət söhbət etdik. Sonradan Şərifov qürurla deyəcəkdi: “Hamı onun yanında beş dəqiqə oturur, biz isə qırx beş dəqiqə qaldıq”. Otaqdan çıxarkən mən qəbul otağında Nazirlər Kabineti sədrini və Ali Sovetin sədrini gördüm. Onlar məndən pıçıltı ilə soruşdular: “O, təkdir?” Cavab verdim ki, yox, Azad Şərifov oradadır. Həmin vaxt xatırladım ki, bir il bundan əvvəl, Vəli Axundovun vaxtında yaradıcılıq birliklərinin rəhbərlərini Mərkəzi Komitənin Büro iclasına dəvət etmişdilər. O vaxt da biz qəbul otağında oturmuşduq, kabinetə dəvət olunacağını gözləyirdik, amma Nazirlər Sovetinin sədri gecikdiyi üçün iclas başlamırdı. Nəhayət, o gəldi, qəbul otağında tələsmədən siqaretini çəkdi və yalnız bundan sonra hamının onu çoxdan gözlədiyi kabinetə daxil oldu. Bir il sonra isə onları tamam başqa adamlar əvəzləyəcəkdi.

E.A. – Bəs “İstintaq” fiminin ssenarisinin ideyası necə yarandı? Deyirlər ki, Heydər Əliyev o vaxt sizi və Ocaqovu çox dəstəkləyib, hətta filmin SSRİ Dövlət Mükafatına layiq görülməsinə nail olub…

R.İ. – Bundan əvvəl Moskva Şəhər Sovetinin Teatrında mənim “Qum üzərində ev” pyesim əsasında tamaşanın premyerası olmuşdu. Ora Azər Mustafazadə ilə getmişdim. Birdən mənə dedilər ki, Əliyev özü də zaldadır və fasilə zamanı onun yanına qalxmağımı istəyir. Heydər Əliyev həyat yoldaşı və uşaqlarından biri ilə gəlmişdi. Məni mehribanlıqla qarşıladı, bir neçə sual verdi və ikinci hissəyə birlikdə baxmağa dəvət etdi: “Gəl, gəl içəri… Necəsən? İkinci hissəyə birlikdə baxarıq”. “Bağışlayın, Heydər Əliyeviç, amma mən dostumlayam. Onu tək qoya bilmərəm”, – dedim. Təəccüblə mənə baxdı: “Bəs yoldaşın kimdir?”  “Azər Mustafazadə, SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi”. “Yaxşı, onu da dəvət edin. – O, müşayiətçilərdən birinə dedi. – İmran Qasımovu da dəvət edin. Onu zalda gördüm”. Tamaşadan sonra konyak gətirdilər: “Yoxsa sonra deyəcəklər ki, Əliyev bizi yanına çağırıb, amma heç nəyə qonaq etməyib”. O, qədəhi götürüb tamaşanı təriflədi və gördü ki, nə Azər, nə də İmran Qasımov içir. “Sən niyə içmirsən?” – deyə Azərdən soruşdu. “Bakıya uçuram”. “Nə vaxt?”  “Sabah”. Heydər Əliyev gülümsədi və İmran Qasımova üzünü tutdu: “Bəs sən niyə içmirsən?” “Dərman qəbul edirəm”. “Alkoqol əleyhinə?” “Mən alkoqolik deyiləm”, – İmran Qasımov öz ünvanına zarafatı bəyənməsə də, qədəhi boşaltdı. Hamımız içdik, sonra Heydər Əliyev məni kənara çəkdi: “İndi nə ilə məşğulsan?” Korrupsiya ilə bağlı film üzərində işlədiyimi dedim, filmin süjet xəttini qısaca danışdım. Maraqlandı. “Amma xahiş edirəm, xırda şeylərdən yazmayın, genişmiqyaslı film edin. Görürsünüz, biz respublikada necə mübarizə aparırıq”… Film çəkiləndən sonra MK-nın Bürosu ona baxdı. Bu, Nizami kinoteatrında baş verirdi (sonralar Əliyev mənim yubileyimdə bunu xatırladacaqdı). Baxışdan sonra Heydər Əliyev büro üzvlərindən soruşdu: “Yaxşı, fikriniz necədir?” Büro üzvləri filmi yerlə-yeksan etdilər! Onlar əsərin yaranma tarixçəsini bilmirdilər. Məsələn, Mərkəzi Komitənin ikinci katibi Puqaçov ayağa qalxıb dedi: “Heydər Əliyeviç, biz elə hey mübarizə aparırıq, amma əsərdə bu mübarizəmizin heç bir nəticəsi görünmür”. Əli İbrahimov da qınayıcı sözlər dedi. Digərləri də sərt tənqid etdilər. Heydər Əliyev isə məndən soruşdu: “Rüstəm, cavabında nə deyə bilərsən?” Dedim: “Yəqin ki, buradakı tənqidlərin çoxunun mövcudluq hüququ var… Amma indi bütün şərhləri nəzərə alıb əsəri Moskvaya aparsaq, orada deyəcəklər: “Bəli, sifarişlə çəkilmiş normal filmdir”. Hər şeyi olduğu kimi saxlasaq, o zaman çoxları düşünəcək: “İnsanlar belə əsərlər çəkə bilirlərsə, bu qədər kəskin suallar qaldırırlarsa, gör respublikada vəziyyət necədir”. Amerikada sənət adamları da müəyyən qədər sifarişlə işləyirlər. Amma onlara kifayət qədər azadlıq verilir ki, bütün bunları sifarişlə deyil, ruhlarının istəyilə etdiklərinə dair illüziya yaransın. Yəni, söhbət yaradıcı insanı boyunduruqdan tam xilas etməkdən yox, ipin uzunluğundan gedir. Filmdə qeyri-dəqiqliklər çoxdur. Heydər Əliyeviç, siz peşəkar kimi əsərdə cəmi bircə müstəntiqin olduğuna diqqət yetirməyə bilməzdiniz. Halbuki ssenari 6 moskvalı müstəntiq də daxil olmaqla 18 nəfərin üzərində işlədiyi Maştağa işinə əsaslanır. Amma bir var həyat həqiqəti, bir də var sənət həqiqəti. Biz həyat həqiqətini əsas götürsək, o zaman tamaşaçı bu 18 qəhrəmandan hansını izləsin? Sənət qanunlarına əməl edərkən bəzi şeyləri kobud şəkildə göstərməli oluruq. Bu da bizi real vəziyyətdən kənara çıxmaqda ittiham etməyə əsas yaradır. Əliyev hökm verdi: “Filmi Moskvaya aparın. Amma əvvəlcə görün, təklif olunan tövsiyələrdən hansını nəzərə ala bilərsiniz”. Sual verdim: “Heydər Əliyeviç, daha konkret deyə bilərsinizmi?” O mənə dedi: “Bilirsən nə var, bizi ələ salma. Bu əsər üzərində nə qədər vaxt işləmisiniz?” “Bir il”. “Bir ildir ki, bunun üzərində işləmisiniz, bizsə buna cəmi bir dəfə baxmışıq. Sizsə konkret iradlar bildirməyimizi istəyirsiniz. Ağıllı adamlarsınız, görün nə edə bilərsiniz”. Nəticədə, filmdəki hadisələrin 1969-cu ildən əvvəl baş verdiyini bildirən titr və bir səhnə əlavə etdik ki, o, filmi daha da gözəlləşdirdi. Ekran əsərini Moskvaya gətirdilər. SSRİ Dövlət Kino Komitəsində qorxdular və dedi ki, əsəri DTK-nın məsləhətçisi, hansısa general-mayora göstərmək lazımdır. “Bilirsiniz, – dedim, – məncə, general-leytenantın təsdiqindən sonra filmi general-mayora göstərməyin mənası yoxdur”. “Yoldaş Əliyev artıq filmə baxıb? O zaman heç bir problem yoxdur”. Və sonra belə bir əhvalat baş verdi. Mən MK-ya, Heydər Əliyevə məktub yazdım ki, “İstintaq” filmi Dövlət Mükafatına namizəd irəli sürülüb və ilk dəfədir Azərbaycan filminin bu mükafatı almaq üçün real şansı var. Yeganə rəqibimiz Aleksandr Mittanın “Ekipaj” filmidir, Brejnev onu bəyənib, lakin bu, əyləncəli filmdir. Məktubu Azərbaycan KP MK-ya göndərdim. İyirmi gün sonra Moskvaya, kinematoqrafçıların Bolşevodakı Yaradıcılıq Evinə gəldim. Birdən həyat yoldaşım zəng vurub dedi: “İndicə Bakıdan Heydər Əliyev zəng etdi, səninlə danışmaq istəyir. Bolşevodakı telefon nömrəsini verdim, söz verdilər ki, sənə zəng edəcəklər”. Bolşevoda bütün bina üçün yalnız bir telefon köşkü var və ora həmişə məşğul idi. Mənimlə gələn dramaturq Ramiz Fətəliyevdən xahiş etdim ki, kabinəyə girib dəstəyi götürmədən telefon danışığını imitasiya etsin, özüm isə istedadlı ssenarist Anatoli Qrebnevlə dayanıb söhbət edirdim. O, cəmi iki gün əvvəl Tbilisidən uçduğunu söyləyirdi. Deyirdi, bundan əvvəl Şevardnadze ilə söhbət edib, o, ziyalılarla təmaslara böyük əhəmiyyət verir. Bu zaman Ramiz mənə əl yellədi. Telefon köşkünə daxil oldum, məni Bakı ilə birləşdirdilər, Heydər Əliyev dedi: “Rüstəm, mən Suslov və Zimyaninlə danışdım, onlara başa saldım ki, sizin filmin tərbiyəvi əhəmiyyəti böyükdür. “Ekipaj” isə əyləncəli filmdir. Buna görə də hesab edirik ki, “İstintaq” Dövlət Mükafatına layiqdir. Söz verdilər ki, bizə dəstək olacaqlar. Amma sən də hərəkət et!” Sağollaşdıq. Köşkdən çıxdım, Şevardnadzedən hələ də heyranlıqla danışan Qrebnevin yanına gedib dedim: “Bizim Əliyev də ziyalılara çox yaxşı yanaşır. İndicə onunla telefonla danışdım. “Necə yəni?” “Bəli, indicə zəng etdi”… Aradan bir neçə ay keçdi və biz 1979-cu il üçün SSRİ Dövlət Mükafatını aldıq. Şübhəsiz ki, Heydər Əliyevin dəstəyi olmasaydı, hər şey başqa cür olardı.

E.A. – 1981-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi seçilmisiniz. Baxmayaraq ki,  Sov.İKP üzvü deyildiniz. Bu, nadir hadisə idi. Təbii ki, burada da Əliyevin “əli” olub…

R.İ. – Bu da maraqlı əhvalatdır. Azərbaycan kinematoqrafçılarının növbəti qurultayı yaxınlaşırdı. O vaxt bizim birliyin rəhbəri Həsən Seyidbəyli dünyasını dəyişmişdi. Mən isə 1967-ci ildən ittifaqın katiblərindən biriydim. Bizi Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi Həsən Həsənovun yanına çağırdılar. O soruşdu: “Hə, qurultaya hazırlıq necə gedir? Amma gəlin birinci katibliyə namizədlərdən danışmayaq. Görək qurultay necə keçir”. Mənimlə gələn Rasim Ocaqov çox mülayim, hətta ürkək adam idi, amma söhbət prinsipial məsələlərdən gedəndə qətiyyət nümayiş etdirdi. O dedi: “Başa düşürəm, son sözü Mərkəzi Komitə deyir, amma siz kinematoqrafçıların fikri ilə maraqlanırsınızsa, o zaman biz Rüstəm İbrahimbəyovun birinci katib olmasını istəyirik”. Həsənov əsəbiləşdi: “Bu barədə danışmamağı xahiş etdim axı”. İndi o, rejissorların fikrini bilirdi və vəziyyət daha da mürəkkəbləşmişdi. Axı sizin də qeyd etdiyiniz kimi, mən heç partiya üzvü də olmamışam. Bir müddətdən sonra qurultaya qonaqlar gəldi, restoranda oturmuşuq, içki içirdik… Birdən məni təcili MK-ya çağırdılar. Mərkəzi Komitəyə gəldim, Həsən Həsənovun yanına getdim. O mənə dedi: “Qulaq as, niyə partiyaya qoşulmursan? Gəl sənə rəy verim verim, rayon komitəsinə zəng edim, iki günə səni üzv qəbul etsinlər. Bircə, hazır olmadığını söyləmə”. Mən zarafata saldım: “Vətənin çətin anında, təhlükə yaranarsa, partiya sıralarına qoşulacağam. Hələ ki, hər şey qaydasındadır, buna ehtiyac görmürəm”…. Heydər Əliyevlə söhbət çox çəkmədi, biz qarşıda gələn qurultaydan, gündəlikdən danışdıq, Heydər Əliyev bununla mənim namizədliyimlə razılaşdığını göstərdi. Baxmayaraq ki, üzümə bir kəlmə demədi. Vəzifə seçkili idi axı… Amma sonra Heydər Əliyev işləmək üçün Moskvaya getdi. Kamran Bağırovun hakimiyyəti başladı. İlk illərdə Əliyev ölkənin “nəbzini yoxlamağa” davam edirdi, faktiki olaraq respublikaya, o cümlədən kadr məsələlərinə rəhbərlik onun əlində idi. Amma Qorbaçovun hakimiyyətə gəlməsi ilə onun Siyasi Bürodakı mövqeyi sarsıldı. Sizə bir əhvalat danışım. 1983-1984-cü illərdə Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan iri addımlarla addımlayır” adlı genişmiqyaslı ekran əsəri çəkildi. Filmi moskvalılar – Aleksandr Şein və Aleksandr Svetlov çəkirdilər. Onlara hər cür imkan yaradılmışdı və nəticədə onlar yaxşı iş ortaya qoydular. Ekran əsəri Azərbaycan Dövlət Mükafatına təqdim olundu. Amma 1985-ci ildə, Heydər Əliyevin mövqeləri bir qədər zəiflədikdə, Şein və Svetlov Moskvada mənim yanıma gəldilər və dedilər ki, film mükafatçılar siyahısındadır, lakin Azərbaycan KP MK-nın göstərişi ilə onu siyahıdan siliblər. Tahir Salahova zəng vurdum, axşam onun evinə gəldik. Yanımdaca Kamran Bağırova zəng vurub dedi: “İndi Rüstəm İbrahimbəyov yanımdadır, o mənə Şeinlə Svetlovun filmindən danışdı. Hamı bilir ki, əsər Dövlət Mükafatı alıb, indi siz onu bu mükafatdan məhrum edirsiniz, bu da pis səs-küy doğuracaq”. Cavabında Bağırov ona uzun-uzadı nəsə dedi, əsəbiləşən Tahir telefonun dəstəyini asdı: “Bu, Sov.İKP MK-nın göstərişidir. O, heç nə edə bilməz”. O zaman mən Mərkəzi Teleqraf İdarəsinə getdim və teleqram vurdum ki, “Azərbaycan iri addımlarla addımlayır” filmi ilə bağlı Komitənin dövlət mükafatı qərarı ilə razılaşmıram, bundan sonra orada qalmağı özüm üçün qeyri-mümkün hesab edirəm. Təbii ki, Mərkəzi Komitədə mənim davranışımdan çox narazı qaldılar. Elə bu vaxt kinematoqrafçıların növbəti qurultayının vaxtı yetişdi. 1985-ci il idi. Qurultaydaca hamı üçün gözlənilmədən Mərkəzi Komitənin katibi Büro adından mənim yerimə birinci katib vəzifəsinə Eldar Quliyevin namizədliyini irəli sürdü. Bir il sonra SSRİ Kinematoqrafçılarının V Qurultayında ittifaqın katiblərindən biri seçildim. Bir ildən sonra Eldar Quliyevi bu vəzifədə mərhum Arif Əliyev əvəz etdi. O zaman, 1985-ci ildə kimsə bu əhvalatı Heydər Əliyevin üzərinə yıxmağa çalışdı, guya hər şey onun göstərişilə olunub, amma düşünürəm ki, həyatımın bu epizodu da, digər məqamlar kimi, mənim özümü az-çox müstəqil aparmaq cəhdlərimin nəticəsi idi.

E.A. – Heydər Əliyevin bölgələrə məşhur səfərlərini xatırlayırsınızmı? Onunla nə vaxtsa bölgə müşavirələrində olmusunuzmu?

R.İ. – Bir dəfə olub, 20-30 nəfər ədəbiyyat və incəsənət xadimi ilə birgə… Toplantı keçirildi və axşam bizi söhbət üçün öz yanına dəvət etdi, bütün iştirakçıların fikrini dinlədi. Mənim növbəm çatdı. Dedim: “Heydər Əliyeviç, mən əvvəllər belə görüşlərin səmərə verəcəyinə inanmırdım. Amma gözümlə gördüm ki, sizin bura gəlişiniz nəticəsində 80 min ton deyil, 120 min ton pambıq yığılacağı barədə real qərar qəbul olundu və mən yanıldığımı anladım. Amma sizə deməliyəm: pambığa verdiyiniz enerjinin onda birini bizim kinomuza qoysaydınız, o, dünyada ən yaxşı kino olardı. Səfər isə mənimçün çox maraqlıdır, çünki ilk dəfə pambıq tarlasına gəlmişəm, indiyədək heç “sovka” (zərərverici – red.) da görməmişdim…” Güldü. Ertəsi gün karvanın sonunda öz maşınımla gedirdim, birdən hay-küy qopdu, məni axtarırdılar: “Tez olun, Heydər Əliyev sizi çağırır”. Az qala qaça-qaça karvanın başına çatdım. Baxdım, tarlanın ortasında əlində zərərverici kəpənək dayanıb mənə deyir: “Budur, sənə heç görmədiyin zərərverici həşəratı göstərmək istədim”. Məhz onun bu kəpənəyi göstərməklə məni maarifləndirmək istəyi orada olanların hamısının mənə münasibətini kökündən dəyişdirdi: dərhal çox hörmətli adama çevrildim. Düşünürəm ki, Mərkəzi Komitənin birinci katibi bunu bilərəkdən edirdi. Bu cür dolayı üsullarla ozünün seçdiyi insanlar haqqında fikir formalaşdırırdı. Yadımdadır, yazıçılarla görüşdə Əkrəm Əylislini çox kəskin tənqid etmişdi, amma axırda hamı xatirə üçün şəkil çəkdirəndə: “Əylisli haradadır?”, – deyə soruşdu, ona hörmətini vurğulamaq üçün yanına çağırdı. Yuli Qusmanın mənim “Qum üzərində ev” pyesim əsasında lentə aldığı “Bir ailə üçün bağ evi” filmi ilə bağlı çox gülməli hadisə baş verdi. Yuxarıda qeyd etdiyim kimi, Heydər Əliyev bu tamaşanı Moskva Şəhər Sovetinin teatrının səhnəsində görmüş və çox bəyənmişdi. Birdən məlum oldu ki, MK-nın mədəniyyət şöbəsinin müdiri yarıçılpaq aktrisa ilə bağlı böyük səhnəni hazır filmdən kəsmək əmri verib. Mən izah etməyə çalışdım ki, bunu etmək olmaz, çünki film artıq Moskvada qəbul olunub, amma məni eşidən olmadı. Aktyor Evində keçirilən premyerada dedim: “Əziz dostlar, gizli nümayişdə iştirak edirsiniz, çünki film senzura tərəfindən qəbul edildikdən sonra naməlum şəxslər ondan bəzi parçalar kəsiblər. Bunu Mədəniyyət Nazirliyində işləməyən, amma mədəniyyət məsələləri ilə məşğul olan bir nəfərin əmri ilə ediblər, kimdən danışdığımı başa düşmək üçün KVN komandasının üzvü olmaq lazım deyil. Sovet kinosunun tarixi çox qəribə hadisələrlə zəngindir. Konkret desək, Dövlət Kino Komitəsinin sədri Romanov məşhur latviyalı aktrisa Ritenberqlə filmə baxaraq deyib ki, bütün bu hissələri (bir yerdə çiyni, o birində dizi, o biri epizodda boynu çılpaq qalıb) kəsmək lazımdır. Kimsə bunun səbəbini soruşduqda o, belə cavab verdi: “Birdən kimsə ağlında həmin hissələri birləşdirdi, onda necə?” Mən bir neçə belə misal çəkdim və izah etdim ki, bütün bu zorakı dəyişikliklər filmin rejissorlarının əli ilə edilib. Qusmanın filminə gəlincə, tarixdə ilk dəfə olaraq filmi rejissorun iştirakı olmadan təhqir ediblər. Ertəsi gün hər şeyi Heydər Əliyevə bildirdilər, hamımızı – qrup üzvlərini və nədənsə qardaşım Maqsudu da Mərkəzi Komitəyə dəvət etdilər. Liftdə Azərbaycan Dövlət Kino Komitəsinin sədri Məmməd Qurbanovla qarşılaşdıq və Maqsud ondan soruşdu: “Məni niyə dəvət ediblər? Həyatımda bir dənə də olsun çılpaq qadın görməmişəm”. O etiraz etdi: “Necə görməmisən? Sən evli idin axı!” Görünür, o, Maqsudun məsuliyyətdən yayınmaq istədiyini düşünürdü. İclas zalında hadisələr sürətlə inkişaf etdi. Heydər Əliyev dedi: “Mən sizin hamınızı xüsusi olaraq topladım ki, baş verənlərə bizim münasibətimizi biləsiniz”. O davam etmək istəyəndə mən cəsarətimi toplayıb sözünü kəsdim: “Heydər Əliyeviç, Allah xatirinə, bağışlayın. Mən bir arayış vermək istəyirəm. Yoxsa siz hökm çıxaracaqsınız, sonra da gec olacaq”. “Yaxşı, danış”. “Məsələ budur ki, 1965-ci ildə oxşar hadisə Qırğızıstanda baş verib. Orada Konçalovski “Birinci müəllim” filmini çəkdi və redaktorlar çılpaq aktrisa ilə bəzi kadrları kəsməyi tələb etdilər. İyirmi beş ildən sonra biz özümüzü qırğızların gününə qoyduq. Bundan əlavə, film artıq qəbul olunub. Əgər vaxtında irad bildirilsəydi, biz özümüz hər şeyi qaydasına salardıq. Amma bu, indi – dörd ay sonra olunur, film Moskvada qəbul edilib və böyük tirajla istehsala çıxıb; filmin bir nüsxəsində epizodu kəssək, heç nə əldə etməyəcəyik”. Heydər Əliyev dedi: “Deməli, film dəyişməz qalır. Dünən həyat yoldaşımla baxdıq, orada təhlükəli bir şey görmədik. Bu yaxınlarda “Aşiqlər haqda romans” filminə baxdım, orada aktrisa ümumiyyətlə çılpaq qaçır. Dəfələrlə bizim Mərkəzi Komitədəkilərə başa salmışam ki, sənətkarlarla özbaşına üsullarla davranmaq olmaz. Onlarla həssaslıqla işləmək lazımdır. Düşünərək. – Sonra mənə tərəf döndü: – Sən də mitinq keçirməyi dayandır: böyük auditoriya topladın, Mərkəzi Komitənin ünvanına nəsə dedin”. Etiraz elədim: “Heydər Əliyeviç, mən Mərkəzi Komitə haqqında bir kəlmə deməmişəm”. O, sanki məni eşitmirdi: “İdeologiya üzrə katib var, əvvəl-axır mən də varam axı. Sualların olanda müraciət elə”. O, Qusmandan soruşdu: “Bu, sənin ilk filmindir?”. Qusman cavab verdi: “Qorxuram, axırıncı ola”. “Niyə? Sən çəkəcəksən”.

E.A. – Tahir Salahov mənə danışıb ki, siz Barvixada xəstə olanda Əliyevə baş çəkmisiniz, o, artıq işdən çıxmışdı. Bu görüş haqqında danışın. Yeri gəlmişkən, “Pravda”da çıxan və onun çox xoşuna gələn yazınız barədə idi?

R.İ. – Yenidənqurma ilə bağlı eyforiya dövründə yazmışdım ki, yenidənqurma ilə məşğul olmaq zərurətinə niyə bu qədər sevindiyimizi başa düşmürəm. Biz o həkimə bənzəyirik ki, xəstəliyi xəstənin ayağını kəsmək həddinə çatdırıb. İndi də sevinclə qışqırırıq: “Kəsəcəyik, ayağını kəsəcəyik!”. Yazmışdım ki, ölkəni elə vəziyyətə gətirmək lazım deyildi ki, onu yenidən qurmaq zərurəti yarana. Və bunda hamımız günahkarıq. Amma indi bəziləri başqalarını günahlandırır. Guya onlar bu ölkədə yaşamayıblar, baş verənlərdə iştirak etməyiblər. Heydər Əliyev mənə evə zəng etdi, yazıya görə təşəkkürünü bildirdi, onu “gözəl” adlandırdı. Bir müddət sonra Tahirlə birgə onun yanına, sanatoriyaya getdik. İki-üç saat söhbət etdik, hər şeydən danışdıq. Bundan sonra Heydər Əliyevlə tez-tez zəngləşməyə başladıq. Bir gün tanınmış jurnalist Karaulov məni tapıb dedi ki, Heydər Əliyevlə “Teatralnaya jizn” jurnalına uzun müsahibə hazırlayıb – o teatr mütəxəssisi idi, amma müsahibəni dərc etmirlər, çünki mənə istinadlar var və bunları təsdiqləməliyəm. Karaulovdan xahiş etdim, materialı mənə göstərsin. Orada deyilirdi ki, Heydər Əliyev “İstintaq” filmi üzərində işləyərkən bizə kömək edib və onun ekranlara çıxmasına kömək göstərib. Yazdım ki, bu, tam həqiqətdir. Mənim təsdiqim olmasa, müsahibə çıxmayacaqdı… 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Moskvadan ona zəng vurub dedim: “Heydər Əliyeviç, bilirəm ki, orada ziyalı adlandırılan şəxslər arasında Bişkek müqaviləsindən narazılıq var. Ona görə də, özümün və Moskvada yaşayan çoxlu sayda bakılıların fikrini bildirmək istəyirəm ki, bu, çox vacib və zəruri addımdır, bu işdə sizi dəstəkləyirik. O soruşdu: “Bəs Bakıya nə vaxt gəlirsən?”. “On gündən sonra”.  “Gələndə mənə dəy”. Gəldim, doğma insanlar kimi görüşdük, üç saat söhbət etdik…

E.A. – İkinci dəfə hakimiyyətə gələndən sonra o dəyişmişdimi? Yoxsa eyni adam idi? Mən təkcə 1994-cü ili deyil, ümumiyyətlə, ikinci dəfə hakimiyyətdə olduğu bütün dövrü nəzərdə tuturam.

R.İ. – Şəxsiyyət kimi heç dəyişməmişdi. Bəlkə də, kimləsə əzəmətli davranırdı, amma mənimlə həmişə özünü çox xeyirxahlıqla, böyük yoldaş kimi davranırdı. Eyni zamanda, o, çox asanlıqla ünsiyyət qururdu və insanlarla diqqətli idi. Altmış illik yubileyimə Moskvadan bir dost gəlmişdi. Heydər Əliyev onu görüb soruşdu: “Mən sizi haradan tanıyıram?” O cavab verdi ki, Xarici İşlər Nazirliyində işləyir, o cümlədən SSRİ Nazirlər Sovetinin xətti ilə görüşlər təşkil edir. “Yox”, – deyə Əliyev cavab verdi. – Mən Barvixada yaşayanda ora gəlirdiniz, qonşularımdan birinə baş çəkirdiniz”. Dostum heyrətləndi. İki dəqiqəlik söhbətdən sonra o, Heydər Əliyevə az qala aşiq oldu. Səmimi ünsiyyət zamanı Heydər Əliyev özünəməxsus biosahə yaradırdı: insanlar ünsiyyət zamanı onun pərəstişkarına çevrilirdilər.

E.A. – Bəs onun əqidəsi, dünyagörüşü dəyişmişdimi?

R.İ. – Əlbəttə. Bu, fərqli insan idi. Birinci katib vəzifəsini tutduğu dövrdə o, qatı kommunist idi. Mən onunla bu dəfə görüşəndə ​​o, yetkin demokrat idi, çox çevik, rahat, hər cür demokratik dəlillər və mülahizələrdən rahatlıqla yararlanırdı. Məlum oldu ki, o, istənilən ideologiyadan daha geniş düşünür və yüksək durur. O, heç vaxt ümumi qəbul edilmiş bu və ya digər dövlət ideologiyasına kor-koranə xidmət edən lider rolu ilə razılaşmırdı; ideologiyanı öz məqsəd və vəzifələrinə tabe etməyi bacarırdı. O, Azərbaycanda hakimiyyətə gələndə, qumarbazların terminologiyasından istifadə etsək, böyük siyasi oyuna çox pis, “vurulmuş” kartlarla başladı. Axı o zaman Azərbaycan dəhşətli vəziyyətdə idi: pambıqçılıqda xroniki geriləmə, inkişaf etməmiş sənaye, planların yerinə yetirilməməsi, təsərrüfatsızlıq… Bu şəraitdə o, qısa müddətdə çox şeyə nail ola bildi. Burada etiraf etmək lazımdır ki, Heydər Əliyev, təbii ki, vətəni, xalqı haqqında düşünürdü – amma eyni zamanda, öz imkanlarını maksimum dərəcədə reallaşdırmağa yollar axtarırdı. Sovet dövründə istənilən ciddi işin həyata keçirilməsi onilliklər tələb edirdi, o isə, planlarını həyata keçirmək üçün qısa müddətdə özünü təsdiq etməli idi. Buna görə də, korrupsiyaya qarşı mübarizəyə başladı, bu, o dövr üçün çox cəsarətli addım idi, digər tərəfdən, bu mübarizə ona iqtisadiyyatda və kənd təsərrüfatında öz səylərini gerçəkləşdirmək imkanı yaratdı. Sonra üzümlə bağlı dahiyanə plan hazırladı. Özü mənə deyirdi: “Fikirləşdim: buğda Qazaxıstanındır, pambıq Özbəkistanındır, üzüm… Mən başa düşdüm ki, biz burada lider ola bilərik. Həqiqətən də qısa müddət ərzində çox böyük uğurlar əldə etdik”. Amma sonra anladım ki, o, mənə hər şeyi deməyib. Yadımdadır, hətta təəccüblənmişdim də: hansısa sahədə birinci olmaq təkəbbürlü arzudur! Məlumatlı adamlar mənə izah etdilər ki, üzüm pambıqdan onunla fərqlənir ki, onu yetişdirəndə bu, kənd təsərrüfatı məhsuludur, üzümü əzdikdə isə artıq sənaye məhsulu ortaya çıxır. Beləliklə, iki sənayedə istehsal göstəriciləri dərhal artır…Heydər Əliyev həm də güclü investisiya layihələrini Azərbaycana gətirməyi bacardı. Kondisioner zavodu, dərin özüllər zavodu, müdafiə sənayesi… O sübut etdi ki, bu layihələr ölkəmizdə başqa yerlərdən daha yaxşı həyata keçirilə bilər. Heydər Əliyev qısa müddətdə öz siyasi oyununu ustalıqla oynadı və Azərbaycan üçün çox işlər gördü.

E.A. – Onun korrupsiyaya qarşı apardığı mübarizə Kremldə o qədər də bəyənilmirdi.

R.İ. – Əvvəlcə çoxları narazı idi. Amma bu adamlar ənənəvi mühafizəkar düşüncəyə malik idilər. Bu mənada Heydər Əliyev onlara qarşı çıxdı. Respublika daxilində də “Avgi tövlələri”ni təmizləmək çətin idi. Buna görə də o, “İstintaq” filmini, Anarın “Şəhərin yay günləri” pyesini dəstəklədi. Çünki xalqın özünüdərk şüuruna təsir vasitəsi kimi ədəbiyyatın, incəsənətin əhəmiyyətini anlayırdı. O, şübhəsiz ki, Siyasi Büroda birlikdə oturduğu adamlardan daha parlaq və güclü şəxsiyyət idi və buna görə də bir-birinə fərqli münasibət bəsləyən adamlar onu zərərsizləşdirmək üçün birləşdilər. Yeri gəlmişkən, mənə elə gəlir ki, onlar bir-birinin ardınca sürətlə vəfat etməsəydilər, bəlkə də, Heydər Əliyev ölkəyə rəhbərlik edərdi və biz indi də SSRİ-də yaşamağa davam edərdik. Digər tərəfdən, Çin nümunəsi də var axı… SSRİ dağılandan sonra Heydər Əliyev yeni ideoloji şəraitdə fəaliyyət göstərməli oldu və o, əvvəlki kimi çevik və sərbəst davrandı. Artıq dediyim kimi, burada təəccüblü heç nə yox idi. Heydər Əliyev həm kommunizmi, həm də demokratiyanı özünün və ölkənin maksimum səmərəli göstəricilərə nail olması uçün müəyyən şərtlər kimi qəbul edirdi. Bunun üçün kommunist olmaq lazım idisə, o, kommunist idi, demokrat olmaq lazım idisə, o, parlaq şəkildə bu yolda silahlanırdı. Məsələn, o anlayırdı ki, mətbuat demokratiyanın zəruri atributudur. Media ilə işləməyə səbri çatırdı. Hərçənd, bəzən jurnalistlərin dedikləri onunla müqayisədə o qədər uyğunsuz səslənirdi ki! Amma hər kəsi səbirlə dinləyirdi. Və Heydər Əliyev radikal mətbuatı zərərsizləşdirə bildi. Nəticədə media marginallaşdı və indi ictimai şüura heç cür təsir etmir. Bu, ona görə baş verdi ki, Heydər Əliyev ona mövcud olmağa və sözünü deməyə imkan yaratdı. Amma bir keçid dövrü də olmuşdu axı. Milli Məclisin iclaslarında bəzən onu hətta təhqir edirdilər. Mən təəccüblənirdim:  “İlahi, bu onun nəyinə lazımdır axı?”. Son vaxtlara qədər mütləq hakimiyyətə malik olan adam, nədənsə, açıq-aşkar ələ salındığı yerdə müsahibə verir, sualları təmkinlə cavablandırırdı. Anlayırdı ki, siyasətçi üçün ən pis şey ona marağın itməsidir… Naxçıvanda yaşayanda, muxtar respublikaya rəhbərlik edəndə ona baş çəkmişdim. O zaman Azərbaycan-Amerika filmi çəkirdik və təbiət mənzərələri axtarırdıq. Mən Heydər Əliyevə zəng edib planlarım barədə məlumat verdim. O dedi ki, bir neçə gündən sonra Türkiyəyə körpü açacaq, Süleyman Dəmirəl də gələcək. Mənə tədbirlərdən əvvəl uçmağı təklif etdi: filankəsə zəng elə, Bakıdan xüsusi təyyarə gələcək, sizi də gətirəcəklər. Biz gəldik, körpünün açılışında iştirak etdik, sonra cəbhə xəttinə getdik. Qayıdanda gördük ki, hamı zalda əyləşib, Süleyman Dəmirəl də oradadır, hamı ilə birlikdə Heydər Əliyevi gözləyir, o da bizə deyildiyi kimi… duş qəbul edir. Bu, təxminən 10-15 dəqiqə davam etdi və Dəmirəl oturub səbirlə gözlədi: nəhəng bir ölkənin baş naziri bu gecikməni təbii qarşıladı… Heydər Əliyev hələ 1991-ci ildə hakimiyyətə gələ bilərdi, amma o vaxt gəlsəydi, məncə, Şevardnadzenin vəziyyətinə düşəcəkdi. Bir strateq kimi o, lazımi zamanı gözləyirdi. 1991-ci ildə hakimiyyət hələ də onun səmərəli fəaliyyət göstərməsinə mane olacaq qədər güclü idi… Mən tez-tez bu misalı çəkirəm: qatar uçuruma doğru hərəkət edəndə içəridəkilər başına nə gələcəyini bilmirlər. Təyyarədən isə hər şeyi görmək olar – həm qatarı, həm də uçurumu. Bax Heydər Əliyev gələcəyi müşahidə edə biləcək yüksəkliyə qalxmaq qabiliyyətinə sahib idi. 1991-ci ildə o, xalqın bunun üçün hələ yetişmədiyini anlayırdı. Buna görə də həmin vaxt hakimiyyətə qayıtmadı… Prezident olduqdan sonra onunla görüşəndə ​​mən  dedim: “Heydər Əliyeviç, mən Toni Blerə baxıram, digər Avropa liderlərinə baxıram və hesab edirəm ki, siz hansısa nəhəng ölkəyə rəhbərlik etməliydiniz”. Həqiqətən düşünürəm ki, imkanları baxımından o, istənilən böyük ölkənin uğurlu prezidenti olardı. Dünyasını dəyişəndə də o, potensialını tam tükətməmişdi. Heydər Əliyev enerji və ideyalarla dolu idi, respublikadakı vəziyyətə şəxsən nəzarət edirdi… Çox da böyük və çox da güclü olmayan respublikanın rəhbəri kimi Heydər Əliyev ölkə üçün parlaq strateji davranış xətti qura bildi, bütün dünyada hamının rəğbətini qazandı və XX əsrin ən nüfuzlu dövlət xadimlərindən birinə çevrildi.

Tərcümə etdi: Rəbiqə Nazimqızı