``Damdakı qadın`` tamaşaçılara nə dedi?

Oktyabrın 24-də “Azərbaycan” CinemaPlus-da Azərbaycan Kinematoqrafçılar İttifaqının “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində növbəti filmin nümayişi baş tutdu. Nümayiş olunan film gənc rejissor Anna Yadovskanın “Damdakı qadın” bədii filmi idi. Film haqda məlumat verən moderator Sevda Sultanova bildirdi ki, Anna Yadovska tələb olunan müəlliflərdən biridir:

“Yadovska televiziyada çalışır, seriallar çəkir, eyni zamanda, Netflix platforması üçün filmlər lentə alır. Yaradıcılığında əsas işlərdən biri, Traybek, Stokholm festivallarında mükafat alan, gənc bir qadının ailəsi, cəmiyyətlə konfliktindən bəhs edən “Yabanı qızılgüllər”  filmidir. Polşa, Fransa və İsveçin birgə istehsalı olan, real faktlar əsasında çəkilən “Damdakı qadın” isə Kotbus festivalında mükafata layiq görülüb. Film xüsusən qadın roluna görə mükafatlar alıb. Rejissor baş rol üçün tanınmayan, hətta həvəskar aktrisa axtarıb. Sonda Dorota Pomıkalanın üzərində dayanıb. Pomıkala seriallarda oynayır, həm də tanınmış teatr aktrisasıdır”.

Nümayişdən sonra filmin müzakirəsi başlandı. Moderator bildirdi ki, Yadovska, qəzetdə, bankı qarət etməyə cəhd göstərən 60 yaşlı qadın haqda xəbər oxuyub: “Onu hadisədə maraqlandıran əsas məqam tipik, adi bir polyak qadının həyatı ilə bankı qarət arasında baş verən emosional proses olub. Rejissor, qəhrəmanın hərəkətini həyatını ailəsinə həsr edən, onların qayğısını çəkən, özünü unudan, fərdiliyini itirən qadının doğmaları tərəfindən laqeydliyi ilə əsaslandırıb. Bu, həm də patriarxal mühitdə qadına münasibəti təsvir edir. Onun fikrincə, qadının öz problemlərini bölüşməməsinin səbəbi ailədaxili münasibətlərdə böhranın olması, güvənsizlikdir. Eyni zamanda, həmişə ailənin yükünü daşıyan qadın doğmalarını problemlərlə yükləmək istəmir.  Qadın əvvəldə intihar etmək istəsə də, sonda fikrindən daşınır. Rejissorun ideyasına görə, gec də olsa nələrisə dəyişmək mümkündür”.

Uzun müddət Polşada yaşadığını deyən bir tamaşaçı, maraqlı filmə görə təşəkkür etdi: ”Filmə sonadək maraqla baxdım. Polyak dilində olduğu üçün xüsusi zövqlə baxdım. Burada göstərilən problemlər Polşa cəmiyyətində hələ də rast gəlinir. Mən özüm Polşada yaşamaq qərarına gəlmişdim. Amma oradakı sosial problemlər, çətin şərtlər məni fikrimdən daşındırdı”.

Filmin kino dilindən danışan moderator qeyd etdi ki, “Damdakı qadın” da, “Yabanı qızılgüllər” də qadın mövzusuna əsaslanır: “Hər iki filmdə rejissor xüsusi vizual dil təklif etmir. Qadın qəhrəmanlar birbaşa fiziki, mənəvi təzyiqə məruz qalmırlar. Rejissor onların mənəvi sıxıntısını kadrlarda tək təsvir etməklə, ruhsuz, susqun göstərməklə, solğun rəng həlləri ilə verir. “Damdakı qadın” da əhvalat həddən artıq soyuq rənglər, bəyaz işıqlandırma, asketik yanaşma ilə təsvir olunur. Bu, müəyyən mənada İsveçin operatorluq məktəbini xatırladır. Filmin operatoru İta Zbronets Zayt uzun müddət İsveçdə çalışıb. O, İsveçin Guldbaggen kino mükafatını alan ilk qadın operatordur”.

Başqa bir tamaşaçı, filmi belçikalı rejissor Şantal Akermanın “Janna Dilman” filmi ilə müqayisə etdi. Film 1975-ci ildə çəkilib. Burada da qadının həyatı mərkəzdə dayanır və daha çox susur”.

Müasir Polşa kinosunda  Malqojata Şumovskaya, Mariya Sadovskaya, Yaqoda Şelts kimi qadın müəlliflərin yetişdiyini bildirən moderator qeyd etdi ki, hərçənd, Yadovska qadın kinosu anlayışını qəbul etmir: “Onun fikrincə, “qadın kinosu” anlayışı qadınların hüquqlarını pozur, qadın rejissorları sıxışdırır və qəlibə salır. Maraqlı bir faktı da deyim ki, 2016-cı ildə Polşada keçirilən bir festivalda nümayiş olunan filmlərin birindəki qadın obrazlarının zəif təsviri ilə qızğın müzakirəyə səbəb olmuşdu. İradlar bundan ibarət idi ki, kişi rejissorlar qadınları ikinci planda təsvir edir, şəxsiyyət kimi görmür, qadınlar onlar üçün fondurlar, kişi qəhrəmanlarını açmaqda vasitə, onların erotik fantaziyalarının predmetidirlər. Sonrakı illərdə bu cür müzakirələr qadın rejissorların kinoya gəlməsində, onlara diqqət ayrılmasında rol oyandı”.

Qeyd edək ki, Polşa film festivalı çərçivəsində nümayiş olunacaq növbəti film Lex Mayevskinin “Ecazkar Bricit Bardo” filmi olacaq.

aki.az