Hüseyn Mehdiyev: “Evdə qal, amma təcrid olma, nikbin və aktiv ol”
Bütün dünyanı bürüyən təhlükəli koronavirus epidemiyası Azərbaycanda da müəyyən çətinliklər yaratdı ki, nəticədə ölkəmizdə də karantin rejimi elan olundu. Yaşlı nəslin evdən çıxmasına qoyulan qadağalar, iş rejiminin onlayn formada cərəyan etməsi, icazə olmadan evdən çıxmamaq və s. məqamlar ilk günlər insanlarımızı bir qədər təşvişə salsa da, zaman keçdikcə hamı bir nəfər kimi bu durumu qəbul etməyə başladı, çünki bütün bunlar hamısı xalqın sağlam gələcəyi üçün nəzərdə tutulub. Necə deyərlər, elə etməli ki, itkisiz bu bəladan xilas olmalı. Məhz buna görə də insanlarımızı maarifləndirmək, baş verənlərin nə qədər ciddi xarakter daşıdığını tam olaraq anlatmaq lazımdır. Artıq ziyalılarımız ölkə başçısının “Evdə qal, sağlam ol” çağırışına səs verməyə başlayıblar.
Karantin rejimi tətbiq olunduğu gündən öz fəaliyyətini onlayn rejimində davam etdirənlərin ilk sırasında Azərbaycan Professional Kinorejissorlar Gildiyası dayandı.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri , rejissor Hüseyn Mehdiyev deyir ki, koronovirus böyük bir bəladır ki, başımıza gəlib: “Hələ ki, yeganə yol “Evdə qal” prinsipinə əməl etməkdir. Zənnimcə, hər bir yaradıcı bu bəladan öz xeyrinə istifadə edə bilər. Məsələn, indiki texnoloji imkanlardan istifadə etməklə hər kəs üzərində işləyə bilər. Bu da o deməkdir ki, internetin və sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər kəs öz arzusuna uyğun bir yaradıcı prosesə qoşula bilər. Əlbəttə ki, yaradıcı insana koronovirus xəstəliyi qorxusundan başqa problem yaradılmayıbsa”…
Söhbət maddi və mənəvi problemlərdən gedir və bütün bunlar yaradıcı əməyi ilə pul qazanan insanlar üçün aktualdır.
Rejissor xatırladır ki, onlar ştatda oturub maaş almırlar: “Onlar əsəri yaradanda və bir də əsərləri istifadə ediləndə aldıqları qonorarla dolanırlar. Audiovizual əsərlərin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən Kinorejissorlar Gildiyasının komandası, karantin rejimi tətbiq olunduğu gündən öz fəaliyyətini onlayn rejimində davam etdirir. Bir neçə gün ərzində müəlliflərdən, xeyli müraciətlər daxil olub və hamını narahat edən məsələ – karantin rejimi şəraitində filmlərin istifadəsi zamanı onların hüquqlarınin qorunması, qonorarın (royaltinin) yığılması və hüquq sahiblərinə çatdırılması ilə bağlı olub. Biz evdə qala-qala mütəmadi olaraq audiovizual əsərlərin monitorinqini aparırıq və müəllif hüququnun pozulması faktlarını izləyirik. Sosial şəbəkədə yayılan reklamlarda bizim filmlərimizin başına nə oyunlar açmırlar! Filmlərin qəhrəmanlarının səslərini dəyişdirib özləri istədiyi reklam çağırışları yazdırırlar”.
Yeri gəlmişkən, TV kanallarında, filmlərin nümayiş formatı istənilən formada dəyişdirilir və bu səbəbdən, hərdən qəhrəmanların sifəti uzunsov, hərdən isə genişləndirilmiş formada, təhrif olunaraq tamaşaçıya çatdırılır.
H.Mehdiyev onu da qeyd edir ki, filmlərimizdən parçaları, başqa filmdə icazəsiz istifadə isə artıq kütləvi xarakter alıb. Biz, “Evdə qal” çağırışana əməl edən izləyicilərimiz vasitəsi ilə bu pozuntuları qeydə alırıq və hüquqları pozan istifadəçilərə rəsmi məktub göndərərək, onları müəlliflərə və qanunlara hörmət etməyə çağırırıq. Müəlliflərin ən əsas narahatçılığı isə 28 mart 2020-ci il tarixində Mədəniyyət Nazirliyinin tv kanallarına “Azərbaycanfilm” kinostudiyasının filmlərinin ödənişsiz yayımlamsı ilə bağlı müraciəti olub. Bu müraciət telekanallarda yayımlanan filmlərin müəlliflərini və hüquq varislərini qonorardan məhrum edir! Populist xarakteri daşıyan bu müraciətə nə ehtiyac var idi? Axı koronovirusdan zərərçəkən, bolluca reklamlardan yararlanan tv kanalları yox, bütün kino istehsalatı və kinonümayişi dayandırılmış, yüzlərlə işsiz qalmış kino sistemidir! Məcbur olub evdə oturan insanlarımıza şərait yaratmaq isə tv kanalların bilavasitə borclarıdır və onların bunun üçün kifayət qədər maliyyə resursları vardır. Bu müraciəti Nazirə təklif edən məsul şəxslər bir daha öz səriştəsizliyini nümayiş etdirdilər. Bu səriştəsizliyə nə vaxt son qoyulacaq?! Elə təssürat oyanır ki, yaranmış böhrən vəziyyətində, Mədəniyyət Nazirliyinin məsul şəxslərinin dünyada kinematoqrafiya sahəsində görülən işlərdən xəbərləri yoxdur. Bütün dünya kino sahəsinə vurulan ziyanın aradan qaldırılmasının yollarını axtarırlar, bizdə isə tərsinə… Yüzlərlə işsiz və təbii ki qazancsız qalmış kino işçilərinin və ağır vəziyyətə düşmüş kinematoqrafın böhrandan çıxmaq üçün yollarını axtarmaq ində hamının ən ümdə vəzifəsidir! Bütün bunlardan sonra “Evdə qal, amma təcrid olma, nikbin və aktiv ol” demək nə qədər çətin olsa da, dünyanı bürüyən bu bəladan xilas olmaq üçün öncə evdə qalaraq sağlığımıza diqqət etməliyik”…
Azərbaycan Kinematoqrafçılar İttifaqı