Aprelin 23-də “Azərbaycan” CinemaPlus-da rejissor İlqar Safatın “İçəri şəhər” bədii filminin nümayişi təşkil olundu.
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova əvvəlcə film haqda məlumat verdi: “İçəri şəhər” filmi 2016-cı ildə ekranlara çıxıb, müxtəlif beynəlxalq fesitvallarda mükafatlara layiq görülüb. Filmin ssenari müəllifi Təhminə Rafaella və İlqar Safat, operatoru italyan Luka Koassinidir. Əsas rolları Təhminə Rafaella, Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova ifa edirlər. Film iki insanın sevgi əhvalatından bəhs edir. Və bu əhvalatın fonunda sosial məsələlər səsləndirilir, eyni zamanda, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş qəhrəman Rafaelin problemlərinə toxunulur. Qeyd edim ki, bu gün həm də tarixi bir gündür. Nəhayət ki, Azərbaycanla Ermənistan arasında ilk sərhəd nişanı qoyuldu və “İçəri şəhər” filminin bu gündə göstərilməsi həm də simvolik xarakter daşıyır”.
Daha sonra, səhnəyə İlqara Safat və Mehriban Zəkini dəvət olundu.
Moderatorun “Siz ssenarini Təhminə xanımla birgə yazmısınız. İdeya da Təhminə xanıma aiddir. Ssenarini işləyərkən fikir ayrılıqlarınız, yaradıcı konfliktləriniz oldumu?” sualını cavablandıran İlqar Safat bildirdi ki, iş prosesində hər hansı konflikt olmayıb: “Rejissorun öhdəsinə düşən əsas vəzifələrdən biri, çəkiliş meydançasında konfliktdən qaçmaqdır və o, çəkiliş meydançasını idarə etməli, əgər belə vəziyyət yaranarsa onu yumşaltmalı, güzəştə getməlidir. Elə güzəşt olmalıdır ki, filmin ideyasına, fikrinə xələl gətirməsin. Konfliktlər işin məhsuldarlığına mane olur və çəkiliş meydançasında vaxt itkisi baş verir. Ona görə, çalışırsan ki, orada baş verən hansısa boş emosional hallara vaxt xərcləməyəsən. Təhminə çox istedadlı ssenarist və aktrisadır. Yaxınlarda özü də film çəkib. Ssenarinin ilk versiyasına baxanda, artıq onda potensial görmüşdüm. Sonra birgə işlədik, ssenarini inkişaf etdirdik, yeni xətlər əlavə etdik. Rejissor həmişə ssenaridə onun üçün vacib nələrisə axtarır. Amma təbii ki, nə olursa-olsun ssenarinin ideyasına xələl gəlməməlidir. Biz Təhminə xanımla bir-birimizi anladıq, yaradıcı prosesdə bir-birimizi tamamladıq, ssenarini dərinləşdirdik. Bu onun kinoda ilk rolu idi. Və düşünürəm ki, öhdəsindən gəldi”.
Sonra moderator, filmdə ana rolunu ifa edən Mehriban Zəkiyə sual ünvanladı:
“Təhminə Rafaella həm vizual cəhətdən, həm mətnlə, obrazının emosional, plastik-bədii həllini yetərincə verə bilmir. Sizin təcrübəniz, peşəkarlığınız sayəsində onunla səhnələr canlı alınırdı. Partnyorun zəifliyi peşəkar aktyora nə kimi çətinliklər törədir? Ümumiyyətlə necə xatırlayırsınız iş prosesini?”
Mehriban Zəki əvvəlcə, İlqar Safatla tanışlığının tarixçəsini anlatdı:
“Biz İlqar bəylə çoxdan, 1993-1994-cü ildən tanışıq. Birgə layihəmiz olmuşdu. O, bard olaraq, mən isə öz sazımla türk-slavyan musiqilərini sintez eləmişdik və maraqlı dialoq alınmışdı. O vaxtdan tanışıq və bir-birimizə ruhən yaxın insanlarıq. İlqar bəy, bu filmə məni dəvət edəndə məmnuniyyətlə qəbul etdim. Sonra ssenari ilə tanış oldum. Sualınıza gəlincə, mənə gənc aktyorların yanında qürrələnərək “mən daha peşəkaram” demək yaraşmaz. Təbii ki, illərin təcrübəsi və yaş faktoru önəm daşıyır. Bu filmdə oynamaq təklifi elə yaşımda gəldi ki, mən bir çox şeylərə hazır idim. Dediyiniz məqamlara gəlincə, peşəkar aktyor, gənc tərəf müqabillərinə mütləq şəkildə kömək etməlidir. Bəzən olur ki, yaşlı nəsil aktyorlar teatrda, kinoda öz peşəkarlıqlarından istifadə edib, tərəf müqabillərini incidirlər, əzirlər. Düzdür, bunu kinoda etmək çətindir, nəinki teatrda. Bütün hallarda bunu doğru hesab etmirəm. Təhminə xanım çox istedadlı aktrisadır. Dillə bağlı deyim ki, o, Los-Ancelesdə uşaqlıqdan ingiliscə təhsil alıb. Bu dildə danışır, düşünür. Onun üçün çətin idi. Ona təklif olundu ki, başqası səsləndirsin onun rolunu. Amma inadkarlıq elədi ki, özüm səsləndirəcəyəm. Mənə görə xoş idi. Çox orqanik aktrisadır”.
Moderator rejissora növbəti sualı verdi: “Siz Rus dram teatrında İ.Berqmanın “Payız sonatası” əsərini hazırlamısınız. Orada süjetin əsas xətti ana ilə qızın çətin münasibətləri haqqındadır. “İçəri şəhər” filmində də analoji motiv var. Demək olarmı ki, kinoda insanlar arasında böhranlı münasibəti analiz etmək və bu fonda ekzistensial problemləri göstərmək bir rejissor kimi sizə maraqlıdır?”
İlqar Safat “Payız sonatası” əsərini filmdən bir neçə il sonra hazırladığını dedi:
“Berqman sevimli rejissorlarımdan biridir. Bu səbəbdən, onun yaradıcılığından nəsə hazırlamaq istəyirdim. Tamaşanın premyerasına gələn İsveç səfiri dedi ki, bu əsərin bir neçə tamaşa versiyasını görüb, amma mənim hazırladığım ona görə ən yaxşı quruluş idi. Bunu eşitmək mənə xoş oldu. “İçəri şəhər”lə bu tamaşa arasında yaxın əlaqə var, hər iki əsərdə ana və qızı arasında konflikt var. Amma sözün düzü bu haqda düşünməmişəm ki, filmlə tamaşanın hansısa qarşılıqlı təsiri, bağlantısı var. Ümumilikdə isə bu mövzu mənə yaxındır: Ailə daxilində parçalanma, yadlaşma. Doğma insanlar illərlə bir yerdə yaşayırlar, ancaq yaddırlar. Bu ekzistensial konflikt mənə həmişə maraqlı gəlib”.
Moderator daha sonra Mehriban Zəkiyə “Sizin qəhrəmanınız qızını qorumaq üçün Rafaellə sərt danışır, hətta təhqiramiz münasibət bəsləyir. Amma sonrakı kadrda qadının vicdan əzabı çəkdiyini görürük. Siz qəhrəmanınıza bəraət verirsiniz. Bəs Mehriban Zəki kimi necə düşünürsüz?” sualını verdi.
Aktrisanın suala cavabı belə oldu:
“Çətin məqamdır. Xarakteri axtararkən onu şəxsi təcrübəndən, yaşantılarından süzərək keçirirsən. Xarakterdə onun zahiri görkəmi də çox mühümdür. Mənim o ərəfədə uzun saçlarım vardı. Qəhrəmanım sərt xarakterli biridir, peşəsi də cərrah. Təklif etdim ki, bəlkə saçları qısa olsun. İlqar da həvəsləndi. Cərrahlar bir qədər xaraktercə sərt olurular, çünki sərt olmayan insan cərrah ola bilməz. Bundan başqa o, tək böyüdüb ovladını, üstündə əsir. Hər bir ana qartal kimi övladını qorumağa hazırdır. Bu məqamları çox götür-qoy edirdim. Psixi və texniki detallara qədər üzərində çalışırdım. Qadın, Rafaellə sərt danışsa da, anlayır ki, qarşısındakı insan vətəndaşdır, vətən uğrunda döyüşüb və daxilində, kontuziya almış insanın halına yanır, tərəddüdlər keçirir. Tərəddüdləri oynamaq çox çətindir, son qərar yoxdur. Bu daha maraqlıdır. Bədii əsərlərdə, zənnimcə, son nöqtəni qoymaq, cavabı vermək olmaz. Çünki bu, tamaşaçını düşünmək imkanından məhrum etməkdir. Hər bir tamaşaçı, münasibətini özü müəyyənləşdirməlidir”.
Sonda “İçəri şəhər” filmi tamaşaçılara təqdim olundu.
aki.az