İctimai təşkilatlar dövlətimizin sosial, humanitar siyasətinin əsas instrumentlərindəndir. Hökumət, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vasitəsilə təşkilatların layihələrini dəstəkləyir. Bundan başqa bir neçə QHT-nin fəaliyyəti ənənəvi olaraq dövlət büdcəsindən dəstəklənir. QHT-lərin ictimai nəzarət funksiyası dövlət siyasətimizin tərkib hissəsidir. Ölkə başçısı bununla bağlı çıxışlarının birində qeyd edir: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri – onlar da bu işlərdə iştirak etsinlər, öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”.
Qeyd edək ki, qanun, ictimai təşkilatlara kommersiya fəaliyyəti ilə də məşğul olmağa imkan verir. Gəlirin QHT-nin Nizamnamə məqsədlərinə xərclənməsi şərtilə. Dünya kinosunda ictimai təşkilatların rolu böyükdür. Avropa və Amerika kinosunun inkişafında, kinoda istehsalat münasibətlərinin formalaşmasında məhz ictimai təşkilatların rolu əvəzsizdir; müxtəlif assosiasiyalar, gildiyalar və ittifaqlar kino fəaliyyətini nizamlayan kodeksləri müəyyənləşdirir, qiymət sistemini, müqavilə standartlarını tənzimləyir, kreativ siyasəti tənzimləmək məqsədilə mükafatlar təsis edir, yaradıcı azadlıqları dəstəkləyirlər. SSRİ-də də eyni istiqamətdə iş gedirdi. İctimai təşkilatların balansında gəlir gətirən müəssissələr, daşınmaz əmlak və fondlar var idi və indi də keçmiş Sovet respublikalarında və o cümlədən, Azərbaycanda belədir.
5 mart tarixində keçirilmiş birləşmə konfransından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının formalaşmış İdarə Heyəti o qədər nüfuzlu kinematoqrafçıları özündə birləşdirir ki, təşkilat qarşısında qlobal məqsədlər qoymağa məhkumdur. İndi daha konseptual, daha irimiqyaslı layihələr həyata keçirməlidir. Kinomuzun taleyüklü məsələləri məhz Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin rəyini nəzərə alaraq həyata keçirilməlidir. Bu cəhətdən AKİ İdarə Heyətinin üzvlərinin “Nizami” Kino Mərkəzi və “Azərbaycanfilm” kinostudiyasının idarəçiliyində AKİ-nin yaxından iştirak etməsi üçün apardığı müzakirələr heç də təsadüfi deyil, hətta zamanın tələbidir. Bu yanaşmanı zaman və kinomuzun durumu tələb edir.
“Azərbaycanfilm” studiyası tarixi missiyasını bu günə qədər şərəflə yerinə yetirib. Məhz bu studiyanın çəkdiyi filmlər Qarabağı azad edən qəhrəmanlar nəslini yetişdirib. Məhz bu studiyanın filmləri Azərbaycan ailəsi institutunun qorunmasına xidmət edib, məhz bu studiyanın filmləri savadsızlıq və möhvumata qarşı amansız mübarizə aparıb.
İstənilən bazarın formalaşmasında flaqman vahidin rolu şəksizdir. Obyektiv amillərlə lider olan qurum aidiyyəti olan sahəni “nizamlamadan” nizamlayır, standartları, dəyərləri diqtə edir, aidiyyəti sahəni sapıntılardan çəkindirir. Uzun müddət flaqman studiya olaraq “Azərbaycanfilm” bu funksiyanı yerinə yetirib. Məhz bu studiyanın filmləri kino tariximizdə ilk dəfə Venesiya və Karlovı Varı kimi nüfuzlu kino festivallarının rəsmi müsabiqəsinə qatılıb. Bu səbəblərdən, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Azərbaycanfilm” studiyasının durumuna biganə qala bilməz.
Eyni fikri “Nizami” Kino Mərkəzi haqda da deyə bilərik. O mərkəz ki, məhz AKİ-nin təşəbbüsü ilə Festival Mərkəzi funksiyasını yerinə yetirmək üçün təmir edilib. Amma son illər Kino Mərkəzinin durumu acınacaqlıdır. Borclar və tamaşaçısız zallar, milli kinomuza biganəlik. Halbuki, məhz “Nizami” Kino Mərkəzi kinomuzun bir nömrəli təbliğatçısına, yaradıcı şəxslərin əməkdaşlıq habına çevrilməli idi. Hər iki qurum, “Azərbaycanfilm” və “Nizami” sistemqurucu qurumlardır, məhz onların effektli fəaliyyəti kino sahəsini inkişaf etdirəcək. Hər iki qurum müxtəlif konseptlərlə fəaliyyət göstərə bilər, əsas şərt, onların flaqman rolu, sahəyə liderliyidir. Xüsusilə son dövrdə – Azərbaycan kinosunun “layk” dəllallarının təzyiqi ilə ailə dəyərlərinin prioritetdən çıxarmaq siyasətinə yuvarlanmaq təhlükəsi qarşısında durduğu zamanlarda. Xüsusilə indi, Azərbaycan kinosu milli və festival maraqları arasında qalanda.
AKİ İdarə Heyəti üzvlərinin adıçəkilən iki qurumla bağlı təşəbbüsləri rezonans doğurub, müsbət rəylər alınıb. Xatırladaq ki, söhbət, qurumların mülkiyyət formasını dəyişməkdən yox, idarəçiliyin İttifaqa etibar edilməsindən gedir. Bu, birgə əməkdaşlıq, icarə və ya rəhbərlikdə təmsilolunma formasında ola bilər. Qurumların AKİ-nin balansına verilməsi, AKİ İdarə Heyətinin fəaliyyəti sayəsində hər iki təşkilatın fəaliyyətində intibahın olacağı təqdirdə reallaşa bilər. AKİ İdarə Heyətinin tərkibi, onların təcrübəsi və nüfuzu “Azərbaycanfilm” studiyası və “Nizami” Kino Mərkəzinin effektiv, gəlirli işləməsinə imkan verir.
Əli İsa Cabbarov