Azərbaycan Kinematoqrafçılar İttifaqının ssenari müsabiqələri öz effektivliyini göstərir. Belə ki, müsabiqələr müəllifləri fəaliyyətə sövq edir, ideyalar ssenari formatında ifadə olunur, müəlliflərin təcrübəsi artır. AKİ-nin qalib müəllifləri başqa müsabiqələrdə də iştirak edir və uğurlar qazanır. Bu, birinci müsabiqədə iştirak edən ssenarilərin kamilləşdirilməsi səbəbindən baş verir. Demək olar ki, müxtəlif müsabiqələrdə pillə-pillə inkişaf edən ssenarinin kamilləşmə mexanizmi formalaşıb. Bununla yanaşı, AKİ-nin müsabiqələrinin mövzuları (“Mən qadınam”, “Arxa cəbhənin insanları”, “Qarabağ.insan, qələbə”) həmin mövzuda ssenarilərin yazılmasını stimullaşdırır, prioritet temanı qabardır, kino ictimaiyyətini həmin trendə fokuslayır.
Təcrübə göstərdi ki, ssenari müsabiqələri effektli bir mexanizmdir və Azərbaycan Kinematoqrafçılar İttifaqının filmlərimizin kreativ keyfiyyətinə təsir edə biləcək bir metodudur. Qarşıda duran məsələlərdən biri, qalib ssenarilərin istehsala buraxılması mexanizminin tapılmasıdır. Bunun üçün AKİ iki istiqamətdə müzakirə aparır:
– Müsabiqələri donor təşkilatlarla (AR Mədəniyyət Nazirliyi, televiziya kanalları və s.) bir yerdə keçirmək
– Qalib ssenarilərə pul mükafatı ilə yanaşı pre-prodakşnına da vəsait ayırmaq. Maliyyə cəhətdən bu, İttifaq üçün çətin olsa da, yaradıcı heyətə tizer çəkməsi və ya lokasiya və kastinq mərhələsinə təşkilati dəstək verilməsi donor təşkilatların dəstəyi ilə mümkün ola bilər. Qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan AR Kino Agentliyi post-prodakşn mərhələsini dəstəklədiyi kimi pre-prodakşn mərhələsini də dəstəkləyə bilər. Bu, film istehalını artıran bir mexanizm olar.
Ssenari müsabiqələri film istehsalının artmasına birbaşa təsir edən mexanizmə çevrilməlidir. Bu cəhətdən onların hansı mövzuları və janrları əhatə etməsi mühümdür. Janr və mövzunu isə kino bazarı diqtə etməlidir. Müsabiqə keçirən təşkilat olaraq, AKİ bazarda zəif təmsil olunan və perspektivi olan mövzu və janrları, müsabiqə yolu ilə stumullaşdırmaqla kino prosesinə təsir etməlidir.
AKİ müsabiqələrini reallaşdıran işçi qrupunun müzakirələri aşağıdakı istiqamətlərdə boşluqların olmasını göstərir:
– Sevgi hekayələri (Love story)
– Uşaq kinosu
– Dramedi (dramatik elementli komediyalar)
Bununla yanaşı, işçi qrupu tərəfindən müsabiqənin keçirilmə metodlarında yenilik kimi, tritment müsabiqəsinin keçirilməsi müzakirə olunur. Tritment müsabiqəsi, mükafat fondunda qənaətə və qənaət edilmiş vəsaitin qalib layihələrin promosuna sərf edilməklə yanaşı, müəliflərin işində dinamikliyə səbəb ola bilər. Tammetrajlı ssenarini təhvil verməyə vaxt tapmayan müəllif, tritment üzərində işləyib, uğur qazandığı halda daha əminliklə ssenari formatında işini davam edə bilər. İştirakçı ssenarilərin texniki və kreativ keyfiyyətinin artırılması üçün müsabiqədən öncə intensiv ssenari kurslarının keçirilməsi nəzərdə tutulur. İşçi qrupunun müşahidələrinə əsasən, müsabiqədə iştirak edən ssenarilərin əksəriyyətində orijinal ideyaların zəif texnika və təcrübəsizlik səbəbindən müsabiqədə uduzmasına gətirib çıxarır. Müsabiqəyə qədər intensiv kurslar ssenari texnikası bilgiləri verməklə, müəllifləri belə hallardan sığortalamaq üçündür.
Müsabiqələrin işçi qrupu növbəti tammetrajlı müsabiqənin elanını payız aylarına planlaşdırır.
Əli İsa Cabbarov