Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə gənc rejissorlar – Atanur Nəbiyevanın “Evsiz qalmış ay” və Leylaxanım Qənbərlinin “Babamın evi” qısametrajlı sənədli filmləri təqdim olundu. Qızğın müzakirə ilə davam edən nümayişə əlavə olaraq, kinotənqidçi Sevda Sultanova, adıçəkilən filmlər haqqında analitik məqalə hazırlayıb.
“Chai Khana media” tərəfindən istehsal olunan, Leylaxanım Qənbərlinin “Babamın evi” və Atanur Nəbiyevanın “Evsiz qalmış ay” qısametrajlı sənədli filmləri kinonun əbədi mövzularından biri – “Evə qayıdış” haqqındadır. “Evə qayıdış” fikrinin əsasında “Azmış oğulun evə qayıtması”, tövbəsi, yaxud, qəhrəmanın keçmişlə haqq-hesab çəkmək kimi fikirlər dayanmır. Hər iki müəllifin filminə işıqlı keçmişə xiffət, “itirilmiş cənnətin” izlərini axtarış intonasiyası xasdır.
“Babamın evi”nin süjetinə görə, müəllif, babasının vəfatından 11 il sonra, Naxçıvana, onun boş qalmış evinə (həm də işıqlı uşaqlıq xatirələrinə) qayıdır…
Filmi izləyəndə belə təəssürat yarandı ki, rejissor sanki, hekayənin əvvəlcədən dramaturji konstruksiyası ilə bağlı dəqiq müəyyənləşmiş konturlar cızmayıb; qərarlarını çəkiliş posesində, yerindəcə verib, improvizasiya edib, emosiya və duyğularının arxasınca gedib. Əlbəttə ki, sənətdən söhbət gedirsə, müxtəlif yanaşmalar, metodlar qəbulediləndir. Lakin bütün hallarda istənilən hekayə konsepsiya aydınlığı, bitkinlik tələb edir.
Rejissor, baba ocağına qayıdışının məqsədini tamamən aydınlaşdırmır. Çünki süjet, yarıda qırılmış bir neçə əhvalatın fraqmentar təsvirindən ibarətdir. Təhkiyənin ekspozisiyasında müəllif, qəhrəman statusunda çıxış edir; O, kadrarxası nəqli, ailə fotoları vasitəsilə bioqrafiyasını anladır, Bakıya uyğunlaşa bilmədiyindən, babasına sevgisindən danışır.
Düşünmək olardı ki, bu, Bakıda identifikasiya problemi yaşayan müəllifin hekayəsi olacaq; O, babası ilə bağlı xatirələrinin, Naxçıvandakı evin vasitəsilə özünüaxtarış prosesini və bu proses zamanı yaşantılarını göstərəcək. Hətta ilk kadrlarda babanın videodakı görüntüsü belə, müəllifin özünüaxtarışına bir vəsilə kimi görünür. Və uyğun təsvirlər – müəllifin köhnə şkafda əşyalar arasında babanın eynəklərini tapıb taxması, maqnitafon kassetində onun dinlədiyi mahnını dinləməsi, qonşularla uşaqlığı haqda söhbəti bu ideyanı qabardır. Lakin sözükeçən xətt yarıda qırılaraq həllini tapmır.
Süjetin səmti dəyişilir, əvvəlcə o, babanın, daha sonra ərinin vaxtsız ölümü ilə barışmayan nənənin hekayəsinə çevrilir. Xüsusən babanın dəftərçəsində aydın oxunmayan şeirlər haqda söhbət, nənənin, ərinin şeir yazıb-yazmaması haqda bixəbərliliyi və onun (nənənin), kişinin qadına xəyanəti mövzusunda üstüörtülü fikirləri nəsə bir sirrin üstünün açılacağını eyhamlaşdırır. Sanki baba ilə bağlı hansısa sirrin üstü açılacaq və bu zaman nəvə onu başqa bir tərəfdən tanıyacaq. Üstəlik, xəyanət məqamı xüsusi vurğulanır; nənə, televizorda hansısa məşhurun xəyanət haqda suala cavabını dinləyəndən sonra mövzuya münasibət bildirir. Ona görə, filmdə təsadüf kimi görünməyən bu kadr hadisənin başqa istiqamətdə inkişafını diktə edirdi. Ancaq müəllifin babası ilə tanışlığında yeni səhifə açılmamış qalır…
Sonradan rejissor, nənənin obrazına müxtəlif, xüsusən iri planlarla diqqət çəkir. Qadının ərinə xiffətini, boş qalmış evinə dönməsini, səliqə-sahman yaratmasını, xatirəsinə ziyafət hazırlıqlarını, məzarını ziyarətini göstərən, ölüm anını danışan epizodlar, babanı arxa plana keçirir və biz nənənin, özünü tənha hiss edən bir qadının hekayəsini dinləyirik. Filmdə bitkin olan da elə nənənin hekayəsidir. O, finalda evinə dönməyi qərara alır. Düzdür, nənənin qayıdışı təsvirlərdə əskini tapmır, rejissor həmin hissəni onunla telefon söhbətində sözlə həll edir ki, bunu hekayənin finalı üçün məqbul saymaq olar.
Hərçənd, filmin ortasında və sonlara yaxın müəllif yenidən öz hekayəsinə geri dönür – kənddə ilk ərzaq dükanı açan babanın anbarına girəndə, babanın onu Arpaçay sahilinə piknikə apardığını xatırlayanda… Əgər bu, müəllifin hekayəsi idisə, onda onun uzun illərdən sonra keçmişin xatirələri ilə necə bağlamasını əks edən təsvirlər yer almalı idi.
Yox, əgər babanın hekayəsi idisə, əhvalat nəsə sürpriz gedişat, final tələb edirdi. Müəllif, əgər hər üç xətti nəzərdə tutmuşdusa, biri digərini tamamlamalı və fərqli sonluğa varılmalıydı.
Müqayisədə Leylaxanım Qənbərlinin təsvir həlləri, düşünürəm ki, dramaturgiyasından daha uğurlu idi. Foto və rəsmlərin əks olunduğu kadrların işlənməsində müəyyən mənada markersayağı (Kris Marker red.) stilistika var. Buradan, babanın həyətinə – naturaya keçid səhnəsində ardıcıllıq, orqaniklik qorunur. Həyət-baca, ev təsvirlərində kimsəsizliyin ovqatı hiss olunur, evin hazırkı səssizliyi ilə səs-küylü video görüntüləri arasında müəyyən kontrast alınır. Rejissor, nənənin ərinin ölümündən əvvəl gördüyü yuxunu da sürreal kabusa çevirə bilir.
“Babamın evi” Leylaxanım Qənbərlinin filmoqrafiyasında ailə hekayəsinə aid ikinci işidir. “Qəssabın qızı” sənədli filmini rejissorun, ixtisasca fizika-riyaziyyat müəllimi olmuş, sonra maddi ehtiyac səbəbindən qəssablığı seçən atası ilə polemikası da adlandırmaq olar. O, təbiətcə mərhəmətli, heyvansevər atanın heyvanları kəsib-doğraması ziddiyyətini həm özü anlamaq, həm də tamaşaçıya anlatmaq istəyir. O, ideyasını dramaturji cəhətdən düzgün qurur, atanın ziddiyyətini kontrastlı təsvirlərdə (heyvan kəsib-doğrayan qəssab və ac pişikləri yemləyən insan, ailə qayğıkeşi və s.) həll edir.
Atanur Nəbiyeva “Evsiz qalmış ay” filmində, əsasında ekoloji problem dayanan əhvalatı realist vasitələrlə ifadə etmir, sosial-tənqidi pafosdan, sərt dokumental tərzdən yayınaraq, onu mifik-mistik məcraya yönəldir.
Süjetə görə müəllif, Avey dağı ərazisinə – uşaqlığının keçdiyi doğma məkana səyahət edir, insan tərəfindən deformasiyaya uğradılmış təbiətdə, yaddaşına hopmuş, əl dəyməmiş müqəddəsliyi, təmizliyi axtarır. Avey dağının yaxınlığında salınmış mədənlərin ərazidəki torpaqları daşıması nəticəsində dağın strukturu, görünüşü dəyişərək aşınıb. Pastoral həyat yaşayan nənə-nəvənin yaşam tərzi ilə sənayeləşmə təsvirləri arasında kontrast həm də mühüm konflikti ortaya qoyur: bəndənin Təbiətlə arasında olan balansı pozması…
Atanur Nəbiyeva, hekayəsində daha çox, görünməyən qəhrəmandır. Çünki öz yaşantısını, yoxsullaşan və əzəmətini itirən dağa sığınan nənə-nəvənin həyatına proyeksiya edir.
Ekspozisiyada, qaranlıq fonda tonqalın uçuşan parçalarının süd yolu qalaktikası formasında çəkilişi, sanki qeyri-real keçmişdən – rəvayətdən gələn səslər nəqlin mifik-mistik pafosunu müəyyənləşdirir. Növbəti epizodlarda adi kənd təsvirləri-gerçəklik (vücudunu şişirdən hind toyuğu, qızcığazın vedrəni taqqıldıtmasıyla ətrafa yayılan nağara ritmləri, nənənin, nəvənin saçlarını hörməsi, bacadan çıxan zəhərli zavod tüstütsü, traktorun torpağı “yuması” və s.) rejissorun hissiyatlı vizual gözü, baxış bucaqları, təbii səs və ritmin sayəsində mistik qatla poetikləşdirilir və beləliklə, rejissor əvvəldə müəyyənləşdirdiyi xəttə sadiq qalır.
Hərçənd, müəllif, bəzi məişət səhnələrinin təsvirində adi reallıqdan sıyrıla bilmir; çəpişlərin yedirdilməsi, onlara iynə vurulması, səhər yeməyi səhnələri etnoqrafik səciyyə daşıyır. Əvvəldə qızcığazın “vedrə ilə oyunu” kadrı metafizik diskursda işlənirsə, sonda bu, sadəcə, gerçəkliyin inikasına, adi uşaq oyununa çevrilir. Sənətdə reallıqla mistik-mifik tərzin qarışması qəbulediləndir, amma belə bir konsepsiyanın öncədən bəyan edilməsi daha doğru olardı. Məsələn, əvvəldən, təbiət təsvirlərindən fərqli olaraq, sənaye kadrları sənədli-realist üslubda göstərilsəydi…
Ümumilikdə isə müəllif uğurlu metaforlar tapır. Uşağın, qarışqaları torpaq qarışıq balona qapatması, onları müşahidəsi insanın təbiətə sərt müdaxiləsinin metaforudur və assosiativ kadrdır. Səhnənin kadrdaxili montajla həlli konflikti dərinləşdirir, emosiyaları gərginləşdirir və məhz bu səhnədən sonra həyəcan siqnalının səsinin müşayiəti ilə müxtəlif ev heyvanlarının qorxusu fiksə olunur.
Səslə iş (səs rejissoru Vano Arsenişvili) xüsusən diqqətə layiqdir. İnsanın təbiətə xəyanəti mövzusunda rəvayət danışan nənənin səsinin, sanki naməlum keçmişdən gəlməsi təəssüratının ötürülməsi, külək uğultusu, nağara ritmi, tonqal çırtıltısı, gülüş səslərinin əks-sədayla işlənməsi doğrudan da, bir rəvayət illüziyasını yaradır…
Atanur Nəbiyeva “Kirşan”, “Üfürülməmiş şamlar” və daha bir neçə qısametrajlı sənədli filmin müəllifidir. Hər iki filmin prodüseri Durna Səfərovadır.
Sevda Sultanova