Sentyabrın 26-da “Nizami” Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirildi. Bu, martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsi konfransından sonra baş tutan ilk iclas idi.
İclasda milli kinomuzun hazırkı vəziyyəti ilə bağlı mühüm problemlərə toxunuldu. Onlardan başlıcası, “Azərbaycanfilm” kinostudiyasının durumudur. AKİ, kino tariximizdə əhəmiyyətli rola malik “Azərbaycanfilm”in qısa zamanda öz fəaliyyətini bərpa edərək, kino istehsalı sahəsində tarixi statusunun saxlanılmasının tərəfdarıdır. İclasda, eyni zamanda, kinostudiyaya “Milli” statusun verilməsi təklifinin səslənməsi də təsadüfi deyil. Çünki keçmiş SSRİ ölkələrində analoji kinostudiyalara “Milli” statusun verilməsi, hər şeydən əvvəl, onların tarixi mirasının toxunulmazlığını təmin edir.
İclasda AKİ sədri Rasim Balayev kinostudiyanın problemlərindən danışarkən, onun ərazisinin toxunulmazlığı məsələsinə də diqqət yetirdi.
Hazırda “Azərbaycanfilm”in ərazisi haqda dəqiq rəsmi məlumatlar olmasa da, (Sovet dönəmində kinostudiyanın ərazisi 14 hektar olub) hazırda ərazisinin 7 hektar olduğu deyilir. Rasim Balayev, çıxışında qeyd etdi ki, mədəniyyət naziri Adil Kərimli, onunla söhbətində, kinostudiyanın alınmış ərazilərinin qanuni yolla geri qaytarılması istiqamətində addımlar atılacağını deyib.
Kino adamlarının, haqlı olaraq, narazılıq etdiyi məsələlərdən biri, 1998-ci ildə qəbul edilmiş “Kino haqqında qanun”un və 1997-ci ildə qəbul edilmiş Nazirlər Kabinetinin 38 nömrəli qərarının günün tələblərinə uyğunlaşdırılmasıdır. Sözügedən məsələlərin hələ də həllinin tapılmaması, qanundakı boşluqlar kinoistehsalat prosesində də ciddi problemləri meydana çıxarır. Cari ilin mayında məsələ üzrə Rasim Balayev baş nazir Əli Əsədova müraciət etmişdi.
Düşünürəm ki, kinonun problemləri ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğluna da müraciət edilməlidir. Çünki uzun müddət mədəniyyət naziri işləmiş P.Bülbüloğlu mədəniyyət sahəsində peşəkar məmurdur, praktik adamdır və kino sahəsində mövcud problemlərin detallarını yaxşı bilir.
Cəmiyyətimizdə milli kinomuzla bağlı belə fikir formalaşıb ki, ən yaxşı filmlər ancaq Sovet dönəmində çəkilib. Tamaşaçı müəyyən mənada haqlıdır. Hər halda, müasir kinomuzda, bu doqmatik təsəvvürü dağıdan sənədli və bədii ekran işləri çəkilib. Tamaşaçıda fərqli fikri formalaşdırmaq və kinomuzu təbliğat məqsədilə, iclasda milli filmləri nümayiş etdirən telekanalın yaradılması ideyası səsləndi. Belə bir kanalın fəaliyyəti nəticəsində, tamaşaçı, kinomuzun yeni məhsulları ilə tanış olacaq. Hətta kanalda informative-analitik kino proqramının yer alması da faydalı olardı.
Qloballaşan dünyamızda zərərli tendensiyaların, yad mədəniyyətlərin və ideologiyaların sürətlə həyatımıza daxil olması, uşaq kinosuna diqqəti aktuallaşdırır. Ona görə, iclasda qeyd olunan digər məsələ, uşaq kinosuna diqqət ayrılması və onun inkişafı üçün Dövlət Proqramının qəbul edilməsinin, ümumiyyətlə bu sahənin dövlətin dotasiyasıında olmasının vacibliyi idi. Uşaq kinosu (biz kino deyəndə, təbii ki, animasiyanı da nəzərdə tuturuq) bütün ölkələrdə dövlətin ideoloji siyasətinin mühüm parçasıdır və milli özünüdərk prosesində mühüm rol oynayır.
AKİ-nin kino siyasətində müntəzəm olaraq, müxtəlif mövzulara dair layihə və ssenari müsabiqələrinin keçirilməsi, dilimizdə kino ədəbiyyatı məhsullarının artırılması önəmli yer tutur. Bu sahədə AKİ praktik iş görür.
Amma müsabiqələrin, həmçinin, kino sahəsinə dair kitabların yazılması və tərcüməsinin davamlı olması da iclasda qeyd edildi. Düşünürəm ki, AKİ-nin İdarə Heyətinin ilk iclası məhsuldar oldu; yuxarıda qeyd etdiyim bu və digər məsələlər İdarə Heyətinin bəyanatında əksini tapdı.
Sonda bir məsələni də vurğulayım. İclasda kinoya məsul rəsmi qurumların fəaliyyətindəki bəzi məqamlar tənqid olunsa da, AKİ-nin Mədəniyyət Nazirliyi, Kino Agentliyi ilə sağlam əməkdaşlıq qurması, kino prosesinin inkişafında mühüm faktor kimi səsləndi.
Bir daha onu qeyd edim ki, bir ictimai qurum kimi AKİ-nin kinoya məsul rəsmi qurumun fəaliyyətini tənqid etmək və ona nəzarət hüququ var. Bu, məmurların qanunlara əməl etməsini, şəffaflığı və hesabatlılığı təmin edir, məsuliyyəti artırır və s.
Prezident İlham Əliyev, çıxışlarında dəfələrlə güclü ictimai nəzarətin vacibliyini vurğulayıb. Dövlət başçısının ayrı-ayrı çıxışlarında mövzu ilə bağlı dediyi fikirləri bir daha xatırladım: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.
Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri – onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının həm ölkə rəhbərliyinin, həm də kino peşəkarlarının tələblərinə cavab verəcək layihələrin ortaya qoyacağına əlimdən gələni edəcəyəm.
Sevda Sultanova