Oktyabrın 7-də XV Bakı Beynəlxalq Film Festivalı çərçivəsində “Rental Azərbaycan” kino şirkətinin rəhbəri, prodüser Emil Nəcəf və türkiyəli prodüser, müştərək layihələr üzrə mütəxəssis Əmrah Kılıçın iştirakilə “Birgə film istehsalı” mövzusunda müzakirə paneli keçirilib. Tədbirin ilk hissəsində mütəxəssislər birgə film istehsalının tarixi, kinematoqrafiya sənətinin inkişafında, filmlərin festival həyatında rolu barədə məlumat verdilər.
Emil Nəcəf müştərək film layihələrinin II Dünya Müharibəsindən sonra Avropada, əsasən, Fransa və İtaliyada Hollivudun kino işğalına qarşı bir vasitə olaraq meydana çıxdığını, daha sonra geniş vüsət alaraq Birgə İstehsal barədə Avropa Konvensiyası ilə nəticələndiyini söylədi: “Bunun nəticəsi olaraq 1990-cı illərdən etibarən hər il ən böyük festivallarda mükafat alan filmlərin 60-70%-i birgə istehsalların payına düşür. Artıq sadəcə iki ölkə yox, üç, dörd, bəzən beş ölkə birlikdə hər hansı filmin istehsalına qoşulur. Təəssüf ki, bizdə bu təcrübə hələ geniş yayılmayıb. Bunun da həm obyektiv, həm subyektiv səbəbləri var”.
Öz növbəsində Türkiyənin birgə istehsal təcrübəsindən danışan prodüser Əmrah Kılıç, əslində, ölkəsində birgə film istehsalı tarixinin yeni olduğunu bildirdi: “Türkiyədə birgə istehsalat 2004-cü ildə qəbul edilən Kino Qanununa (bütöv adı: Kinofilmlərə Dəstək haqqında əsasnamə- red.) müvafiq əlavələrdən sonra çoxalıb, məsələn, TRT-nin nəzdində fəaliyyət göstərən “TRT 12 punto” kimi müştərək layihələri dəstəkləyən platformalar yaranıb. Bu platforma, müştərək layihələr bazarı şəklində fəaliyyət göstərir və hər il üç və ya dörd layihəyə maddi vəsaitlə dəstəklənən birgə istehsal mükafatı verilir. “TRT 12 punto”-nun müsabiqələrində iştirak etmək üçün Türkiyədə prodüser tapmaq və onun vasitəsilə platformaya rəsmi müraciət etmək kifayətdir. Layihə ssenari mərhələsində olmalıdır”.
Qeyd edək ki, Hilal Baydarovun nüfuzlu festivallarda iştirak etmiş “Balıqlara xütbə” filmi “TRT 12 punto”nun dəstəyilə çəkilib.
Hazırda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin məhz müştərək layihələr üçün nəzərdə tutulmuş xüsusi büdcəsi var və təkcə yerli filmlərə yox, başqa ölkələrdən təqdim edilən layihələrə də vəsait ayıra bilir. Bundan əlavə, sözügedən qurumun qısametrajlı film, sənədli film, tammetrajlı debüt, “post-prodakşn” (çəkilişdən sonrakı mərhələ) dəstəyi, distribüsiya dəstəyini təmin edən şöbələri var.
Daha sonra, çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırdılar. Birgə istehsalatla bağlı müraciət prosedurları barədə suala cavab verən Ə.Kılıç bildirdi ki, əcnəbi platformalara bu tip müraciətlər zamanı ilk növbədə, səlahiyyətli yerli dövlət qurumundan büdcə almaq vacibdir, əks təqdirdə, heç bir başqa ölkə ilə müştərək istehsalat mümkün deyil. Bu, birgə istehsalın ən mühüm şərtlərindən biridir. Digər mühüm şərt isə Birgə İstehsal Haqqında Avropa Konvensiyasının üzvü olmaqdır. Çıxışçının sözlərinə görə, sözügedən konvensiyaya üzv olmayan ölkələrlə birgə istehsalat müvafiq ölkə ilə bununla bağlı qarşılıqlı razılaşma olduğu zaman mümkündür. Seminar müzakirə sual-cavab şəklində davam etdi.
Xatırladaq ki, Birgə İstehsal Haqqında Avropa Konvensiyası 1992-ci ildə Avropa Birliyinin nəzdində təsis edilib. Azərbaycan, sözügedən konvensiyaya 1999-cu ildə mərhum prezident Heydər Əliyevin müvafiq qərarı ilə qoşulub.
aki.az