M. C. Bağırovun qadağa qoyduğu “Bakının işıqları” filmi – 70

“Milli Kino Tariximizdən” rubrikamızın növbəti filmi 1950-ci ildə lentə alınan “Bakının işıqları”dır.

70 ildir baxılan və müraciət etdiyi mövzu ilə öz aktuallığını hər zaman qoruyan film adından da göründüyü kimi paytaxt Bakını, əsasən baş verənləri, neftçilərin həyatını canlandırır.

Filmdə hadisələr 30-cu illərdən başlayaraq II Dünya müharibəsi illərində cərəyan etməyə başlayır. O dövr ki, artıq Bakı neft mədənləri yeni texnika ilə təchiz edilib, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılıb, bir sözlə, neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırırlar.

Və sonda – finalda müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırılması, artıq yeni ümid işqılarının yanmasına mesaj olaraq verilir.

Rza Təhmasibin(rej. A.Zarxi və İ.Xeyfitslə birgə) ekranlaşdırdığı filmin ssenari müəllifləri Qriqori Koltunov, Yevgeni Pomeşşikov olsa da, yəni rejissor ssenarisində əsas söz elə Təhmasibin özünün olub. Filmin musiqisini isə görkəmli bəstəkarı Qara Qarayev yazıb.

Əsas rolları Mirzağa Əliyev, Mərziyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa ediblər.

RZA TƏHMASİBİN KİNODA XİDMƏTİ

Görkəmli rejissor Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Məhz həmin dövrdə kinonu inkişaf etdirmək üçün teatr xadimlərinin, rejissor və aktyorların iştirakı vacib idi. Klassik teatr xadimlərinin bir çoxu kinonun ağırlığını öz çiyinlərində daşıdı ki, onlardan biri də Rza Təhmasib idi. “Ordenli Azərbaycan”(1937) sənədli filmi ilə başlayan “Səbuhi”(1941)filmi ilə davam edən, “Arşın Mal Alan”(1945) filmi ilə dünya ekranlarını dolaşan R.Təhmasib hər filmində söz xatirinə söz deyi, məhz – SÖZ – deməyi bacardı. Sadəcə rejissor kimi deyil, eyni zamanda pedaqoq kimi, aktyor kimi, hətta ölkələr arasında diplomatik nümayəndə kimi fəaliyyət göstərən rejissorun haqqında nə qədər çox danışılsa da yenə də azdır, ona görə də bu dəfə sadəcə onun quruluşunda çəkilən, bir müddət qadağaya məruz qalan “Bakının işıqları” filmindən məlumat verməyə çalışacağıq.

ÇƏKİLİŞ PROSESİ VƏ YA AYRI-AYRI EPİZODLARA MÜDAXİLƏ

Filmin hazırlıq prosesində aktyor seçimi hər üç rejissoru razılığı əsasında həyta keçirilib. 1950-1960-cı illərdə teatr gələn gənc qüvvələrin əksəriyyəti eyni zamanda kinoda da öz güclərini sınayırdılar. Nəcibə Məlikova, Müxlis Cənizadə, Həsənğa Salayev kimi aktyorlar artıq həmin dövrdə kinoda maraqlı rollarla çıxış etməyə başlamışdılar.

Yeri gəlmişkən, Müxlis Cənizadə çəkilişlər başladığı bir məqamda filmdəki gənc neftçi Qara roluna dəvət alır. Aktyor filmi çəkiliş dövrünə aid qeydlərinin birindəı yazır: “…Mirzağa Əliyev, Mərziyə Davudova, N.Oxlopkov, Rza Təhmasib, N.Kruçkov kimi sənət adamları ilə birlikdə çəkilmək, Zarxi və Xeyfts kimi rejissorların filmində iştirak etmək mənim üçün böyük məktəb oldu”.

Qeyd edək ki, ədəbi ssenaridən fərqli olaraq çəkiliş prosesində şəraitə uyğun formada dəyişikliklər etmək mümkün olsa da buna rus müəllifləri o qədər də imkan verməyiblər. R.Təhmasib rejissor səlahiyyətlərindən çıxış edərək bir çox məqamları öz bildiyi formada lentə alıb. Xüsusilə öz üzərinə düşən Mircəfər Bağırovun obrazında təbiiliyə böyük önəm verib. Xatirələrə əsasən, çəkiliş günlərinin birində R.Təhmasib evinə əsəbi gedir. Ailə süfrə başında olarkən rejissor özünü saxlaya bilməyərək gileylənir: “Əşşi, belə şey olar, milli koloriti əmmamədə axtarırlar. Tələb edirlər ki, Mirzağa başına əmmamə bağlasın. Onları heç cür inandıra bilmirəm ki, azərbaycanl başına əmmamə bağlamır”. Uzun mübahisədən sonra rus rejissorlıarın dediyi olur.

1950-ci il, SSRİ-nin tərkibində olan Azərbaycanda çəkilən filmdə rus rejissorlarına qarşı çıxmaq, bu, o qədər də asan məsələ deyildi…Sözünü qəbul etdirə bilməyən Təhmasib sonda replikaya əl atıb. Belə ki, həmin epizodda Mirzağa Əliyevin qəhrəmanı Əlibala kişi çimdiyi üçün başına əmmamə bağlayıb. Moskava bu replikaya qarşı çıxmayıb, çünki azərbaycalı rejissorun həmin epizodda yaratdığı replikanı başa düşməyiblər. Ancaq önəmli bir məqam da ondan ibarətdir ki, Mərkəzin nəzarəti, epizodlarda olan məhdudlaşdırma siyasəti, fürsət düşən zaman ondan gen-bol istifadə etməklə hər şeyə müdaxilə etməsi bir daha sübut edir ki, bu kimi məqamlar Azərbaycan kinosuna böyük ziyan vurmuşdur.

KİNOMUZDA MİRCƏFƏR BAĞIROV OBRAZI

Azərbaycan Kommunist Partiyası MK-nın I katibi,  general-polkovnik M.Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövr (1933-1953) XX əsr Azərbaycan tarixinin ziddiyyətli, eyni zamanda ən çətin dövrlərindən birinə təsadüf edib. Həmin ziddiyyətlərin səbəbidir ki, uzun illər M.Bağırova aid kitab və məqalələr yazmaq qadağan olunub. Bu qadağa əlbəttə ki, kinoya da aid idi.

Azərbaycan kinsunda ilk dəfə Mircəfər Bağırovun obrazı məhz bu il 70 ili tamam olan “Bakının işıqları” filmində yaradılıb, həm də Rza Təhmasibin ifasında. Sonralar “Qəzəlxan”(1991), “Qeybdən gələn səs(2002), “Tənha bülbülün rəqsi”(2003), “Cavid ömrü”(2007) və s. filmlərdə də onun obrazı oynanılsa da, artıq dövr başqa idi və M.Bağırov dünyada yox idi. Bu baxımndan 1950-ci ildə, rəhbərin özü yaşadığı halda onun obrazını yaratmaq çox böyük cəsarət idi. Maraqlısı odur ki, Bağırov film haqqında eşidib, filmə baxıb və etiraz səsini yüksəldib. Belə ki, filmə baxış keçiriləndə Mircəfər Bağırov öz obrazının ifasından narazı qalaraq deyib ki, Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam. Sonra  Rza Təhmasibə deyir ki, sən nə üçün məni qorxaq göstərmisən? Aktyor əvvəl tərəddüd edir, sonra cavab tapıb deyir ki, mən Stalinin qabağında özümü yığışdıra bilmədim, qorxdum, ona görə rol belə çıxıb.

HAŞİYƏ:  M.Bağırovun Azərbaycan üçün qəbul etdiyi önəmli qərarlardan sadəcə biri:1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı M.Bağırov alman-faşist işğalçılarına qarşı mübarizəyə Azərbaycan fəhlələrini, kəndlilərini və ziyalılarını səfərbər edib, milli diviziyalar yaradıb. 1943-cü ildə düşmənə qələbə çalmaq üçün çoxlu yanacaq tələb olunurdu. Bu zaman müharibəyə çağırılmış Bakı neftçiləri M.Bağırovun təşəbbüsü ilə geri, öz işlədikləri mədənlərə qaytarılması məsələsi sovet hökuməti qarşısında irəli sürülüb. Dövlət Müdafiə Komitəsi onun təşəbbüsü əsasında neftçilərin ordudan geri çağırılması haqqında xüsusi qərar qəbul edib. Onun rəhbərliyi altında Bakı neftçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə cəbhə üçün 130 növ müxtəlif silah, döyüş sursatı, hərbi texnika hazırlamış, SSRİ-də istehsal olunan neftin 75%-ni, aviasiya benzininin isə 85-90%-ni istehsal ediblər.

NÜMAYİŞİNƏ QADAĞA QOYULAN FİLMİN SONRAKI TALEYİ

Əslində mövzu baxımından önəmli olan filmdə eyni zamanda rəhbərlərin-M.Bağırovla yanaşı, İ.V.Stalinin obrazlarının yaradılması film ətrafında mübahisələr yaradıb. Hətta Azərbaycan kinosu necə ki, ilk dəfə M.Bağırovun obrazını filmə daxil edib, eləcə də Stalin obrazına da ilk dəfə müraciət edib. Xatırladaq ki, Stalinin obrazını elə gürcü əsilli M.Gelovani oynayıb və istər oxşarlıq baxımından, istərsə də rəhbərin şəxsiyyətini möhtəşəm ifa etmək baxımından heç də R.Təhmasibdən geri qalmayıb. Ümumiyyətlə isə Stalin obrazı bütün filmlərdə öz təmkinliliyini, möhtəşəmliyini daima qoruyub. Hiss olunur ki, rejissorlar onun obrazına həddindən artıq həssaslıqla yanaşıblar.

Sənədlərlə sübut olunmasa da bir çox versiyalar bəzi məqamlara açıqlıq gətirir. Məsələn M.Bağırovun filmdən bəzi epizodların çıxarılmasını tələb etməsi söylənilir. Ancaq xatirələrdən belə məlum olur ki, ümumiyyətlə filmin ekranlara çıxmasına etiraz edib.

O da qeyd olunur ki, R.Təhmasib həbs olunacağından qorxub, ancaq artıq 37 il deyildi. Ən önəmlisi isə “Bakının işıqları” Moskvanın sifarişilə çəkildiyi üçün xüsusi nəzarətdə idi və Stalinin Azərbaycan kinosunda ilk dəfə onun obrazının yaradılması məsələsindən xəbəri var idi. M.Bağırov diktator adlandırıla bilərdi, ancaq dövrün ən ağılllı siyasətçisi olduğu üçün hər hansı bir səhv addımdan söhbət gedə bilməzdi. Həmin ərəfədə Stalinə xəbər çatır ki, Bakıda belə bir film çəkilib, orada sənin də, Bağırovun da obrazı var və Bağırovu Rza Təhmasib oynayıb. Ancaq Bağırov bu ifadan narazıdır.

Önəmli bir məqam daha: Stalin Təhmasibi şəxsən tanıyırdı. “Arşın mal alan” əsərinə quruluş verən bir rejissora onun şəxsən hörməti olub. Buna görə də vəziyyəti mülayim qarşılayıb və filmin ekranlara çıxmasına göstəriş verib. Əlbətə ki, SSRİ səviyyəsində göstərilə bilərdi, ancaq Azərbaycan üçün Bağırovun göstərişi lazım idi. Təəssüf ki, obrazını yaltaq təqdim olunmasını qəbul etməyən Bağırov filmə qadağa qoyub. Doğrudur bütün bunlar arxiv sənədləri ilə təsdiq olunmur. Ancaq Rza Təhmasibin bacısı BDU-nun psixologiya kafedrsında uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Cəmilə Təhmasib sağlığında bu faktları təsdiqləyib.

Son olaraq qeyd edək ki, filmə ilk baxışdan sonra qadağalarla üzləşməsi, hətta sonralar ayrı-ayrı epizodların kəsilməsi və nəhayət 1958-ci ildə yenidən redaktə edilərək ekranlara çıxması bir daha sübut etdi ki, neftçilərin həyatını əks etdirən “Bakının işıqları” filmi elə zamanında çəkilib və artıq 70 ili geridə qoyub…

ALEKSANDR ZARXİNİN BAKI XATİRƏLƏRİ – 1986-CI İL

“Bakının işıqları” filminin rejissorlarından biri – Aleksand Zarxi 1986-cı ildə yenicə çəkdiyi, ssenari müəllifi və rejissoru olduğu” ÇİÇERİN” filmi ilə Bakıda olub. Həmin görüşdə rejissor, kinoşünas Ayaz Salayev şəxsən rejissorla Rza Təhmasibin yaradıcllığı barədə, “Bakının işıqları” filminin çəkiliş prosesindən olan məqamlardan geniş söhbət ediblər.

A.Zarxinin söylədiklərinin bir qismini diqqətinizə çatdırırıq: “Kino tarixindən də məlumdur ki, eyni vaxtda iki rejissorun birgə film çəkməsi çox nadir hallarda mümkün olub. Ancaq üç rejissorun bir fim üzərində işləməsi ümumiyyətlə nadir haldır. 1949-cu ildə Rza Təhmasib və İosif Xeyfitslə birgə çəkdiyimiz “Bakının işıqları” filmi məhz belələrindəndir. Adətən, birgə fim çəkən rejissorlar yaradıcılıq mətbəxinə aid olan sirləri açmır və kiminsə əziyyətini azaltmaq və yaxud artırmaq fikrindən uzaq olurlar. Lakin cəsarətlə deyə bilərəm ki, bu filmin yaranmasında Rza Təhmasibin rolu böyük olmuşdur. Onu da xüsusilə qeyd etmək istərdim ki, azərbaycanlı Təhmasibin xalqına necə qırılmaz tellərlə bağlı olduğunu çəkiliş vaxtı daima hiss edirdim. Əlbəttə ki, öz torpağına, xalqına belə bağlı olan bir rejissorun çəkilən filmdə xalqına məxsus olan mədəniyyəti, tarixi qabarıq formada verməsini nə mən, nə də İ. Xeyfits, nə də ssenari müəllifi bacarmazdıq. Bu baxımdan Təhmasibin filmin yaranmasında göstərdiyi rol əvəzsizdir. O, yalanın, neqativ halların ekrana çıxmasına yol verməzdi. Bununla belə, Təhmasib həddindən artıq mülayim və mədəni bir insan olduğu üçün iş prosesində ona aid olan ən maraqlı detalları gözə soxmağa çalşmazdı. Baxmayaraq ki, Təhmasib bizim xasiyyətə tez uyğunlaşırdı, ancaq filmi hansı formada görmək barədə olan fikirlərində bir an da olsun geri çəkilmirdi ki, bu da bizə yaxşı mənada sirayət etməyə bilməzdi. Hətta hazırda heç xatırlamıram ki, filmin hansı epizodlarını Xeyfits, hansını Təhmasib və hansını mən çəkmişəm. Yəni, o dərəcədə dostluq, səmimi bir şəraitdə filmi çəkmişdik. Çəkiliş vaxtı Azərbaycana, onun insanlarına, insanların xarakterlərinə, davranışlarına Rza Təhmasibin gözü ilə baxırdıq. Məhz onun rolu sayəsində “Bakının işıqları” filmi mənim həyatımda iz qoydu”.

A.Zarxinin səmimi etiraflarından da məlum olub ki, “Bakının işqıqları” filminin yaranmasında R.Təhmasibin böyük rolu olmuşdur. Buna baxmayaraq Moskva filmin titrində rejissor kimi birnci olaraq A.Zarxinin adını yazmış və bunu əlifba sırası ilə əlaqələndirmişlər…

Məqalədəki tarixi faktları öyrəndikdən sonra filmə yenidən baxmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Xədicə QİYAS

https://www.youtube.com/watch?v=B6ZmDqF0bKw