Adil Qulamov – 60

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, rejissor Adil Qulamovun ad günüdür, 60 yaşı tamam olur.

Adil Qulamov 21 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. O, bir çox filmlərin (“Kənar adamlar -film, 1992, Simenslər Azərbaycanda -film, 1992, “, “Yük” -film, 1995, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” – film, 1996, “Dədə Qorqud dünyası” – film, 2000, “Ovsunçu” – film, 2002, “Arxada qalmış gələcək” – film, 2004, “Üç qız” – film, 2005, “Əlvida, cənub şəhəri” -film, 2006, “Mən kitabımı başlayıram” – film, 2006, “Mustafa Şokay” – film, 2008, “Niyyət” -film, 2010, “Tərsinə çevrilən dünya” – film, 2011, “Sübhün səfiri” – film, 2012, Şollerin arxivi” – film, 2018 və s.) sadəcə rejissoru deyil, eyni zamanda prodüseri, direktoru kimi də çalışıb.

Adil Qulamovun prodüseri olduğu filmlər maraqlı yaradıcı yanaşması ilə, eyni zamanda tarixiliyi ilə seçilib. Bu baxımdan demək olar ki, “Yük”, “Ovsunçu”, “Sübhün səfiri” filmlərində tariximizin maraql, təhqiq edilməmiş səhifələri uğurlu kino həllini tapıb.

2008-ci ildə Qazaxıstan istehsalı olan “Mustafa Şokay” (rejissor Satıbaldı Narımbetov) filminin Bakı çəkilişlərində filmin direktoru olaraq çalışıb.

Son illər kinoprodüser kimi fəaliyyətini genişləndirən A.Qulamovun fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib. 2005-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına, 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb.

Bu gün rejissorun ən önəmli günüdür, doğulduğu gündə geriyə boylanaraq hər yaşın hesabatı haqqında düşünür, ancaq qarşıda görüləcək işlər çoxdur.

Adil müəllim deyir ki, 43 ildir kino sahəsindədir: “Kinonun ən ağır günləri 90-cı illərdə olub ki, bu da Azərbaycanımızın müstəqilliyilə bağlı idi. Ondan sonra bəlkə də inkişafa doğru gedərdi, təəssüf ki, sənətdən, ümumilikdə götürdükdə kinodan başı çıxmayan məmurlar Azərbaycan kinosunu hara apardılar, özləri də bilmədilər. Kino sahəsi çox qəliz və çətin məsələdir. Buna görə də əlimizdə olan imkanlardan, peşəkarların təcrübəsindən geniş istifadə etməliyik. Dövlət tərəfindən kinoya şərait yaradılır, ancaq dediyim kimi, işi bilməyənlərin ucbatından kino acınacaqlı vəziyyətdədir. İstərdim ki, yeni yaranan agentliyə peşəkarlar cəlb olunsun. Nəyə görə xarici filmlərə baxmalıyıq ki?! Öz istehsalımız olan filmlərə baxsaq, öz təbliğatımızla məşğul olsaq daha yaxşı olar. Müharibə qurtarıb, bu boyda qələbə çalmışıq, ancaq hələ də dəyərli bir film ortaya çıxmayıb. Səbəb də odur ki, peşəkarları kino istehsalından uzaqlaşdırıblar. Arzum budur ki, peşəkarlar kinoya cəlb olunsun. Kino bir nəfərin işi deyil, kino kollektiv sənətdir. Onlarla insan kino istehsalatına cəlb olunmalıdır. Yazıçıdan tutmuş işıqçıya qədər işinin biliciləri olanlar kinoya cəlb olunmalı, dəyərli sənət nümunələri yaradılmalıdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından kino sevgisi güclü olan, Azərbaycan kinosunun hər zaman öz sözünü deməyə qadir olduğuna inanan Adil Qulamovu 60 illik yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

aki.az