Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda 2024-cü il, 7-14 iyul tarixlərində WARM festivalı çərçivəsində təşkil edilən WARM Akademiyasına Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr/ layihələr üzrə meneceri, sənədli film rejissoru Afaq Yusifli və AKİ-nin “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbinin iştirakçısı, rejissor Pərvanə Quliyeva Azərbaycandan iştirakçı kimi qatılıblar.
Layihənin rəsmi saytında bildirilir ki, bu akademiya müasir münaqişə və münaqişədən sonrakı məsələlərlə bağlı problemlərin həllində bütün dünyada istifadə olunan qabaqcıl yanaşmaları, innovativ texnikaları və ən yaxşı təcrübələri araşdırmaq və nümayiş etdirmək üçün nəzərdə tutulmuş multidissiplinar təhsil proqramıdır. Akademiyanın 6-cı buraxılışı Ukrayna və Qəzzada davam edən münaqişələrə və digər münaqişə ocaqlarına diqqət yetirəcək. O, həmçinin böhran dövründə müxbirlərin, sənətçilərin və akademiklərin kritik rolunu önə çəkir. Proqramda mükafata layiq görülmüş müəlliflər, dünya miqyasında tanınmış ekspertlər, eləcə də, münaqişə zonalarından təcrübə və məlumatlar gətirən şəxslər iştirak edib.
Layihə ərzində iştirakçılar, jurnalist və sənədli film rejissoru, çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş və Emmi mükafatı namizədi Raul Qalleqo Abellan, amerikalı elmi ədəbiyyat üzrə yazıçı və siyasi analitik, immiqrasiya, beynəlxalq münaqişələr və humanitarizm məsələlərinə həsr olunmuş kitabların müəllifi David Rief, amerikalı fotojurnalist, 2011 – ci il Pulitser mükafatı finalisti Paula Bronstayn, “Ömürboyu nailiyyət mükafatı” qalibi, jurnalist və yazıçı Amira Hass, iranlı sənədli fotoqraf və rejissor, kütləvi kommunikasiyalar üzrə fəlsəfə doktoru və Nişantaşı Universitetinin Yeni Media kafedrasının baş müəllimi Nafisa Motlaq, fransız jurnalisti, “Le Monde” qəzetinin müharibə müxbiri və sənədli film rejissoru Remi Ordan, festivalın direktoru Damir Sagolj, iran əsilli fotojurnalistlər Rafael və Alfred Yaqubzadə, “Le figaro”, “The New York times”, “National Georgrahic” və s. dərgilərlə əməkdaşlıq etmiş fotojurnalist və sənədli fotoqraf Nevşa Təvəkkülian, York Universiteti, Liberal İncəsənət və Peşəkar Tədqiqatlar Fakültəsininin araşdırmaçısı Amira Buturoviç tərəfindən verilən ustad dərslərinə qoşulublar.
Layihə tərkibində keçirilən “Açıq səhnə” proqramı daxilində iştirakçılar, özlərinin layihələrini təqdim ediblər. Afaq Yusifli özünün “Əmanət” adlı qısametrajlı sənədli film layihəsini və müharibədən əziyyət çəkən qadınlara fokuslanmış araşdırma layihəsini, Pərvanə Rəhimova isə “Qırmızı papağın nağılı” və “Unudulmuş əks-sədalar” adlı sənədli film layihələrini ictimaiyyətə təqdim ediblər. Hər 2 iştirakçının təqdim etdiyi layihələrdə Qarabağın işğalı və azad olunması, işğal zamanı insanlara dəyən ziyan, müharibədə insan taleləri, insanların mübarizəsi, şəxsi hekayələrin vizual təhkiyəsi önə çəkilir.
AKİ Afaq Yusiflinin layihədə iştirakına maliyyə dəstəyi göstərmişdir.