Ağaxan Salmanlı - 80

“Aktyoru müxtəlif janrlarda oynatmaq və onu təkmilləşdirmək işi rejissorun əsas funksiyasıdır. Təəssüf ki, XXI əsr rejissorlarımız bu məsuliyyətlərdən qaçırlar və işlərini asan yolla həll etməyə çalışırlar. Və beləcə aktyorları da məhv edirlər. Ona görə də tamaşaçı nə dram oynayandan, nə də komediya oynayandan tam zövq ala bilmir” deyən Azərbaycan teatr və kino aktyoru, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Ağaxan Salmanlının ad günüdür, yaşasaydı 80 yaşını qeyd edəcəkdi.

A.Salmanlı 29 oktyabr 1941-ci ildə Bakıda dünyaya göz açıb. İlk sənət təhsilini fəhlə gənclər dram dərnəyində, 1960-1964-ü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyoru fakültəsində-Rza Təhmasibin kursunda təhsil alıb. Təhsilini bitirdiyi ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Həmin teatrda Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə ilk peşəkar səhnə fəaliyyətinə başlayıb.

Sənətə gəldiyi ilk gündən teatr ictimaiyyətinin diqqətini cəlb edən, lirik-psixoloji ovqatlı, komik və xarakterik obrazların mahir ifaçısı kimi özünü göstərməyi bacaran Ağaxan Salmanlı, az bir zamanda tamaşaçıların sevimlisinə çevrilir.

Aktyorun istər “Mozalan” satirik kinojurnalında oynadığı rollar, istərsə də teatr səhnəsindəki obrazları (Kərbəlayi Mirzəli (C. Məmmədquluzadə. “Danabaş kəndinin məktəbi”), Məcid (N.B. Vəzirov. ”Dələduz), Romeo (U. Şekspir. “Romeo və Cülyetta”,) Cəfər Cabbarlı (“”Seyfəddin Dağlı. “Aydınlığa doğru”), Səməd (İ.Qasımov, H. Seyidbəyli. “Sən nə üçün yaşayırsan?”), Artur (Eteri Voyniç. “Ovod”), Hacı Murad (S.S. Axundov. “Tamahkar”) və s. tamaşaçı auditoriyası tərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdır.

A.Salmanlı aktyor sənətinə müqəddəs baxdığı qədər də, sənərkarlıq nöqteyi-nəzərindən yanaşırdı. Onunla səhnədə tərəfmüqabil olanlar bu sənətkarlığın səviyyəsindən ruhən qidalandıqları kimi, eyni zamanda aktyorun teatr səhnəsində hazırladığı tamaşalarda rol verdiyi aktyorlar da eyni hissləri keçirirdilər. Birincidə aktyor kimi, ikincidə isə artıq rejissor kimi öz sözünü deyirdi, ancaq səhnə onun üçün, elə SƏHNƏ rolunu oynayırdı. Həmin səhnə ki, ondan əvvəl ustadlar həmin meydanda sözün kəsərindən çıxış etmiş, sənətin müqəddəsliyini tamaşaçıya aşılaya bilmişdi.

Ağaxan müəllim hərtərəfli, geniş məlumatlı insan idi, yeniliyi qəbul edən, daima öyrənən, ustadlarından öyrəndiklərinə sadiq qalan, öz üzərində çalışaraq daima inkişafa meyl edən sənətkarlardan biri idi. Fəaliyyəti dövründə aktyorluqla, rejissorluqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olurdu.

Mədəni- Maarif texnikumunda, İncəsənət Universitetində dərs deyib, sənət üçün yeni nəslin yetişdirilməsində, formalaşmasında böyük rol oynayıb.

Aktyor deyirdi ki, bildiklərimi öyrətmək mənə xoş olur: “Ancaq öyrənmək istəyən olanda. Öyrənməyə həvəsi olmayan, teatr sənətini sevməyən bir qrupa zorla sənət sevgisi aşılamaq olmaz”.

Onun rejissor kimi səhnələşdirdiyi tamaşalar (“Dovşanın ad günü” (X.Əlibəyli), “Qarışqa şıllaq atdı”  (Q.İlkin), “Pul dəlisi”, “Məhəbbət bir bəladır”, “Nənənin kələyi” (Ə.Orucoğlu), “O da mənəm, bu da” (D.Mehdi), “Bala bəla sözündəndir”,  “Arvad olmaq istəmirəm” (Ə.Əmirli), “Məzəli hadisə” (K.Qoldoni), “Tıq-tıq xanım” (A.Şaiq) və s.) maraqlı olduğu qədər də, düşündürücü idi.

Və hər zaman deyirdi ki, teatrın bu gün bir zəifliyi də var – tamaşaçını düşündürən suallar və onun həlli yollarını söyləmək acizliyi: “Klassiklərə baxın, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı cəsarəti, riski! Hazırda da belə bir risqə, cəsarətə ehtiyac var”.

Onu da əlavə edirdi ki, çəkilən filmlərin, yaxud hazırlanan tamaşaların göstəriləcək məkanlar yoxdur. Teatr qastrollara gedə bilmir, çəkilən filmlərin göstərilməsi, satışı üçün kino-teatrlar yox səviyyədədir.

Ümumiyyətlə mövcud problemlərə görə, Azərbaycan incəsənətinin, xüsusilə teatrla, kinonun qarşılaşdığı çətinliklər onu narahat edirdi.

Deyirdi ki, milli kinomuz hələ də iməkləyir, yəqin ki, haçansa ayağa durub yeriyəcək: “Azərbaycanda çox istedadlı rejissorlar var ki, onlar da heç nə edə bilmirlər. Çünki zaman dəyişib. Gələcəyə baxmaq yaxşı şeydir, amma gərək əvvəlcə keçmişdən xəbərdar olasan. Hansısa işi görəndə əvvəlcə onun sağlam təməlini hazırlamaq lazımdır”.

Xatırladaq ki, A.Salmanlının əsas fəaliyyəti teatrla bağlı olsa da Azərbaycan kinosunu yaxşı bilirdi, kinoda fəaliyyət göstərirdi. Çox vaxt epizodik rollara dəvət alırdı, ancaq söhbət sənətdən gedirdisə, həmin əsərdə düşündürücü bir şeylər var idisə və ən önəmlisi ustadlarının keçdiyi yolun davamı kimi hiss edirdisə o zaman mütləq dəvəti qəbul edirdi, çəkilirdi.

Aktyor çəkildiyi filmlərdə (“İstintaq davam edir”(1966), “Axırıncı aşırım”(1971), “Ulduzlar sönmür”(1971), “1001-ci qastrol”(1974), “Alma almaya bənzər” (1975), “Arxadan vurulan zərbə”(1977), “Alman klinikasına şəxsi səfər”(1988), “Güllələnmə təxirə salınır”(2002), “Axırıncı dayanacaq”(2014), “Naxox”(2016) və s.) özünəməxsus obrazlar silsiləsi yaradıb.

Son illərdə onu narahat edən məsələlərdən biri də bütün dünyanın böhran içində olmasının əsl sənət nümunəsinin yaranmasına mane olması idi.

A.Salmanlı deyirdi ki, dünya əzəldən münaqişəli olub, indi daha da kəskin görünür, ola bilsin ki, bu proses sabah da davam edəcək: “Dünyaya nəzər salanda görürsən ki, münaqişələr necə də xərçəng xəstəliyi kimi yer kürəsini tora bürüyüb. Böhran dediyin göz önündədir və bunun  hər kəs təsirini görür, sıxıntısın keçirir. Ancaq nə olur olsun, sənətə münasibət əsasdır. İqtisadi böhran, teatrı mənəvi ehtiyac kimi anlayanları ondan uzaq sala bilməz”. Ancaq nə olursa olsun ümidini itirmirdi və böyük ruh yüksəkliyilə sabahların daha gözəl olacağına inanırdı.

“Düşünürəm ki, nikbiliyimizi itirməməliyik. İnanmalıyıq ki, zaman hər şeyi yerbəyer edəcək. Sevgi və istək olan yerdə yaratmaq əbədidir” deyən görkəmli aktyor Ağaxan Salmanlını Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından yubiley yaşında böyük hörmət və ehtiramla yad edirik!

X.QİYAS