AKİ-də ``Birgə istehsalat`` mövzusunda müzakirə keçirilib

Yanvarın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Azərbaycan kinosunun gənc rejissor, prodüser və ssenaristləri – Emil Nəcəf, Türkan Hüseyn, Nəzrin Ağamalıyeva, Nurlan Həsənlinin iştirakilə “Birgə istehsalat” mövzusunda müzakirə təşkil edilib.

Müzakirənin moderatoru kinotənqidçi Sevda Sultanovanın gənc kino işçilərinə verdiyi ilk sual Azərbaycan kinosunda müştərək istehsalatın vacibliyi barəsində oldu. Prodüser Emil Nəcəf Azərbaycan kinosunda birgə istehsal edilən filmlərin olduğunu, lakin bu prosesin fərdi qaydada aparıldığını bildirdi. Türkiyə, Gürcüstan və Rusiya kinosunu nümunə gətirərək fərdi qaydadan çıxmaq üçün lokal fondun vacibliyini vurğuladı. O həmçinin qeyd etdi ki, lokal maliyyənin olmadığı təqdirdə, xaricdə kiməsə müraciət etmək mümkün deyil. Bundan başqa, Creative Europe, Euroimage və sair kimi qurumların üzvü olmağın birgə istehsalat prosesini asanlaşdıracağını bildirdi. Rejissor Türkan Hüseyn isə birgə istehsalatın Azərbaycan kino sənayesinin yaranmasında, peşəkar kinoişçilərin yetişməsində, həmçinin, Azərbaycan həqiqətlərinin tanınmasında kömək olacağını vurğuladı.

Daha sonra Sevda Sultanova, dövlətin birgə istehsalatın gerçəkləşməsi üçün hansı addımlar atmalı olduğu haqda sualı müzakirə iştirakçılarına yönəltdi. Türkan Hüseyn qrant qanunvericiliyində dəyişikliyin vacibliyini bildirdi. Prodüser Emil Nəcəf isə bu qanunvericiliyinin dəyişməsilə bərabar hər hansı bir subsidiyaların verilməli olduğunu nəzərə çatdırdı. O, dövlətin bütün filmləri maliyyələşdirməli olmadığını və belə olduqda, dövlət prodüser yox, sifarişçi qismində çıxış edəcəyini bildirdi. Həmçinin kinoda daxili bazarın inkişafı üçün Azərbaycan kinosunun nümayişinə daha çox yer verilməsini, biletlərin qiymətini tənzimləməsini təklif etdi. Bu cür qanunlarla qısa müddətə olmasa da, üç-beş ilə nəticənin ola biləcəyini nəzərə çatdırdı. O, həmçinin Fransanın və Cənubi Koreyanın öz kinolarının inkişafı üçün bu kvotaları indiyə qədər tətbiq etdiyini də əlavə etdi. Bizim ölkədə qəbul edilən vergi güzəştləri haqqında qanun isə mikrosahibkarlara aid olmadığını bildirdi. Çünki qanuna əsasən illik gəliri 200.000 manatdan aşağı olan sahibkar, mikrosahibkar sayıldığı üçün bu qanun bizə şamil olunmur. Rejissor Nurlan Həsənli və Nəzrin Ağamalıyeva xaricdən dəstək qazansalar da, Azərbaycanda rastlaşdıqları lokal problemlər onların film çəkməyə imkan vermədiyini bildirdilər.

“Xarici bazarda layihəyə büdcə əldə etmək üçün necə inandırmalı?” sualına Nəzrin Ağamalıyeva inandırmaq üçün insanın “yetişməli” olduğunu bildirdi. Bunun üçün ilk vaxtlar festivallarda pitçinqləri izləyici kimi izlədiyini, rejissorlardan inandırmaq üçün hansı vasitələrdən istifadə etdiyini öyrənməyə çalışdığını qeyd etdi. Sevda Sultanova qonşu ölkələrin kino bazarının inkişafını vurğulayaraq, hansı səbəblə onlarla əməkdaşlığın baş tutmamasını sorğuladı. N.Ağamalıyeva isə Gürcüstan film fondunun beynəlxalq əlaqələr şöbəsinin direktoru ilə bu barədə danışdığını və Gürcüstan tərəfinin bu məsələdə maraqlı olduğunu bildirdi. Lakin birgə əməkdaşlığın baş tutması üçün fərdi səviyyədə yox, Azərbaycan film fondunun Gürcüstan film fondu ilə əlaqə qurmalı olduğunu vurğuladı.

Sonda Emil Nəcəf, hekayəmizi dünyaya öz “dilmizdə” deyil, bizə yad olan dil və üslubda antlatmaq cəhdimizi böyük səhv adlandırdı. O, öz dilimizdə qorxmadan danışmalı olduğumuzun vacibliyini vurğuladı.

aki.az