Dekabrın 8-də XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın beynəlxalq debüt tammetrajlı filmlər müsabiqəsinin münsifi, iranlı aktrisa, rejissor və prodüser Niki Kərimi ilə gənc kinematoqrafçıların görüşü keçirilib.

Görüşdə N.Kərimi kino sahəsindəki təcrübələrini iştirakçılarla bölüşüb və gənclərin suallarını cavablandırıb. Qadın kinematoqrafçıların sözügedən sahədəki problemləri ilə bağlı da danışan qonaq “çəkiliş meydançasında 100 nəfərdən çox tərkibi olan bir heyətin sadəcə 20%-i qadınlar olur, qalan 80% kişilərdən ibarətdir. Bu, təkcə kinoda yox, bütün sahələrdə belədir. Qadınlar sadəcə səslərini eşitdirmək üçün beş dəfə çox səy göstərməyə məcburdurlar. Belə hallarda özünə inamın o qədər yüksək olmalıdır ki, sözünü deyə, qarşındakılardan istədiyin nəticəni ala biləsən” – deyərək, gənc qadın rejissorlara daim özlərinə inanmaqlarını tövsiyə edib.
N.Kərimiyə verilən suallardan biri də İranda cəsarətli rejissorların, dünya kino mühitini fəth edən bir kinoestetikanın bütün qadağalara, sərt şəriət rejiminə baxmayaraq necə meydana çıxdığı haqqında olub. N.Kərimi cavabında bunu bilavasitə İranın qədim və zəngin ədəbi, mədəni bazaya sahib olması ilə əlaqələndirib: “Kök güclüdürsə, onu heç bir hakimiyyət, qadağalar dəyişdirə bilməz. Çətinliklər, təzyiqlər həmişə olur və olacaq, ancaq mədəniyyətin, incəsənətin kökləri güclü və dərindirsə, həmişə özünü ifadə etməyin bir yolunu tapacaq” – deyə, bildirib. Görüş sual-cavab şəklində davam edib.

İranlı aktrisa, rejissor Niki Kərimi İslam inqilabından sonra İran kinosunda ortaya çıxan gənc nəslin parlaq nümayəndələrindən biri hesab olunur.
N.Kəriminin kinokaryerası 1980-ci illərin sonlarında başlayıb. O, 1992-ci ildə “Sara” adlı filmdəki roluna görə San-Sebastyan kinofestivalında “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub, 1992-2007-ci illər ərzində məşhur İran rejissoru Abbas Kiarostaminin assistenti kimi fəaliyyət göstərib. 2005-ci ildə özünün çəkdiyi “Bir gecə” debüt tammetrajlı bədii filmi ilə Kann kinofestivalında iştirak etdikdən sonra, fəaliyyətini rejissor və prodüser kimi davam etdirib. Niki Kərimi Karlovı-Varı, Edinburq, Lokarno, Berlin və Kann kimi nüfuzlu beynəlxalq festivallarda münsiflik edib.
aki.az

