Xəbər verdiyimiz kimi “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları layihəsinin yekun işi olaraq ərsəyə gəlmiş “Qəfəs” bədii fimi Bakı Beynəlxalq Film Festivalında yarışırdı. Film, oktyabrın 4-ü “Nizami” Kino Mərkəzində eyni kateqoriyada yarışan digər 3 filmlə tamaşaçılara təqdim olunub. Nümayiş günü filmlərin yaradıcı heyəti ilə müzakirə də baş tutub. On müəllifin birgə ərsəyə gətirdiyi “Qəfəs” filmini İlahə Nurullayeva, Şahin Hüseynli, Fərid Ayvazov, Səadət Qurbanov və Mirtalib Həsənov nümayiş günü tamaşaçıların və moderatorun suallarını cavablandırdırlar.
Oktyabrın 8-i mükafatlandırma mərasimi günü “Qəfəs” “Münsiflərin xüsusi mükafatı”na layiq görülüb. Mükafatı “Nərimanfilm” kino şirkətinin baş direktoru Nəriman Məmmədov təqdim edib.
Qeyd edək ki, adıçəkilən layihənin təlimçisi Mirbala Səlimli həm də qısametrajli bədii filmin bədii rəhbəridir. Layihənin nəzəri mərhələsi iki ay Bakıda baş tutmuş və Şəki ongünlüyündə layihənin təcrübi mərhələsi olaraq filmin çəkilişləri həyata keçirilib. Rollarda Fərid Ayvazov, Murad Allahverdi, Ruhulla Rəhimov, Brilyant Babayeva, Rəhim Qocayev, Pərviz İsmayılov çəkiliblər. Filmin rejissorları Murad Allahverdi, Ruhulla Rəhimov, Fərid Ayvazov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev, Mirtalib Həsənov, İlahə Nurullayeva, Tural Ələsgərli, Şahin Hüseynli, baş prodüseri Afaq Yusifli, quruluşçu operatoru Orxan Adıgözəlov, qrim ustası Xanlar Həşimzadə, dekorçuları Vüqar Ağabalayev, Anar Ağabalayev, inzibatçısı Rəşid Mirizadədir.
aki.az