Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Kino istehsalı A-dan Z-yə” intensiv rejissorluq kursunun nəticəsi olaraq istehsal edilmiş “Qəfəs” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Film festivalının “Tələbə filmi” kateqoriyasında yarışa seçilmişdir. Bu kateqoriyada “Qəfəs” filmi digər üç filmlə qalibiyyət uğrunda mübarizə aparacaq.
Adıçəkilən layihə üç hissədən ibarət olmaqla, üç aylıq tədris müddətini əhatə etmişdir. İlk iki ayın ongünlüyündə layihəyə seçilmiş on iştirakçı layihənin mentoru, AKİ-nin İdarə Heyətinin üzvü, Şəki Dövlət Dram Teatrının baş rejissoru, kinorejissor Mirbala Səlimli ilə birgə işə başlamışlar. Rejissor kino istehsalının bütün incəlikləri, ssenari yazılışı, rejissorluq, dramaturgiya və bir çox mövzularda təlim keçmiş və layihə iştirakçısı Şahin Hüseynlinin təlim ərzində yazdığı ssenari çəkilmək üçün seçilmişdir. Növbəti üçüncü mərhələdə isə on nəfərlik heyət, seçilən ssenarini ekranlaşdırıblar.
Bütün iştirakçılar filmdə həm rejissor, həm də digər işləri kollektiv kimi özləri icra etmişlər. İkinci rejissor, montajçı, geyim rəssamı, quruluşçu rəssam, operator köməkçiləri və digər işlər məhz yaradıcı heyət tərəfindən həyata keçirilib. Filmin rejissorları, seçilən bütün iştirakçılar – Murad Allahverdi, Farid Ayvazov, Ruhulla Rəhimov, İlahə Nurullayeva, Tural Ələsgərli, Şahin Hüseynli, Sevinc Quliyeva, Sərxan Nəciyev, Səadət Qurbanova, Mirtalib Həsənov, quruluşçu operator Orxan Adıgözəlov və bədii rəhbər Mirbala Səlimlidir.
aki.az