Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ənənəyə sadiq qalaraq görkəmli kinorejissor Rasim Ocaqovun adına təsis edilmiş təqaüdün növbəti qalibini təsdiq edib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovaya ünvanladığı məktubda yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor və kinooperator ixtisasına yiyələnən, təhsildə fərqlənən bir nəfər tələbənin ( III, IV, magistratura-əyani kurslar) seçim üçün namizədliyini Azərbaycan Kinematoqrafçılar İttifaqına göndərməyini xahiş etmişdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi bu il həmin təqaüdə 3-cü kurs tələbəsi vətən müharibəsi qazisi Məmmədəli Əbilovun namizədliyini irəli sürüb. ADMİU-nun Rejissorluq ixtisasının televiziya rejissoru istisaslaşması üzrə dövlət sifarişli əsaslarla təhsil alan Məmmədəli Əbilov 2023-cü ildə CINEMO International Mobile Film Festivalının qalibi elan edilib. Onun smartfonla çəkdiyi sosial çarx birinci yerə layiq görülüb.Onun tələbə kimi nümunəvi xüsusiyyətləri nəzərə alınaraq, Rasim Ocaqov adına təsis edilmiş təqaüdə layiq görülüb.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə 2017-ci ildə təsis edilmiş “Rasim Ocaqov” təqaüdü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin audiovizual sənətlər üzrə təhsil alan əlaçı və nümunəvi tələbələr üçün nəzərdə tutulub. Ötən illərdə ADMİU-nun bir neçə tələbəsi bu mükafata layiq görülüb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı davamlı olaraq kino təhsili alan tələbələrin kurs işlərinə dəstək və dərs vəsaiti ilə təminat işində fəal olub, bundan sonra da dərsliklərin çap olunması və tələbə filmlərinin dəstəklənməsi istiqamətində addımlar atmaq əzmindədir.
aki.az