AKİ rejissor Azər Allahverdiyevin layihəsinə maliyyə yardımı ayırıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Məktəbinin yetirməsi, gənc rejissor Azər Allahverdiyevin layihəsinə maliyyə yardımı ayırıb.

Qeyd edək ki, rejissor növbəti “Şübhə” adlı qısametrajlı filminin çəkilişlərini yekunlaşdırıb. Filmin süjet xətti münasibətlərində boşluqlar və şübhələr yaranmış, artıq ruhən bir-birindən uzaqlaşmış cütlüyün bu gərginliyə qarşı olan sonuncu cəhdləri üzərində qurulub. Ekran əsərində qəhrəmanların psixoloji durumunu vizual obrazlarla ifadə etməyə cəhd göstərilib.

Filmin ssenari müəllifi və rejissoru Azər Allahverdiyev, rejissor köməkçisi Tofiq Baba, operatoru Azər Allahverdiyevdi. Baş rolların ifaçıları-Elnur Paşa və  Nuridə Musabəylidir.

Yeri gəlmişkən, rejissor Azər Allahverdiyev Naxçıvan Dövlət Universitetinin Tarix fakultəsində təhsil alıb. Tələbəlik illərindən fotoqrafiya və kino dünyasına qədəm qoyub. 2017-ci ildən peşəkar reklam çəkilişləri edən rejissor, eyni zamanda qısa metrajlı ssenarilər üzərində də işləyir. Onun “Üç yol” filmi 2020-ci ildə Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibi olub.

aki.az