AKİ sədri: Azərbaycanda kino sahəsi yaxşı vəziyyətdə deyil

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “525”-ci qəzetə müsahibə verib.

AKİ sədri müsahibədə ittifaqa sədr seçilməsi, Azərbaycan kinosunun vəziyyəti, nəzərdə tutulan planlar və yaradıcılığı barədə olan sulları cavablandırıb:

“Sədrlik təklifi gələndə bir az tərəddüdlü idim, amma sonradan qəbul etdim. Mən 23 il Rüstəm İbrahimbəyovla bir yerdə işləmişəm. Onun idarəçilik qabiliyyətini görmüşəm. Allah qismət etsin ki, Rüstəmdən sonra da işimizi layiqincə davam etdirək, kinomuz üçün kollektiv şəkildə yararlı olaq. Hələlik bizə aid olan işləri görürük, amma “işimiz yaxşı gedir” deyə bilmərəm. Ona görə ki, Azərbaycanda bu gün kino sahəsi çox təəssüf ki, yaxşı vəziyyətdə deyil. Mən həmişə demişəm, kino olmasa, onun ittifaqı da lazım deyil. Cənab Prezidentin qərarıyla indi Agentlik yaranıb. Bu hardasa ümidimizi artırıb və düşünürük ki, inşallah, yaxşı olacaq”.

Azərbaycanda kinonun bu duruma düşməsinin əsas səbəbinə gəlincə, Rasim Balayev bunu səbəblərin çoxluğu ilə əlaqələndirib: “ Bir az estafet məsələsi oldu, yaşlı, təcrübəli aktyorlarımız, rejissorlarımız rəhmətə getdilər. Ümumittifaq Kinematoqrafiya İnstitutu vardı, elə indi də var, sənətkarlar hazırlayırdı, onunla əlaqəmiz, demək olar ki, kəsilib. Orda hər il bizə yer verirdilər. İndi gedən yoxdur, göndərilmir. Və ona görə də professional rejissorlar, operatorlar, aktyorlar, ssenaristlər yetişmir. Sovetlər dövründə müvafiq bir struktur, quruluş vardı. Sovetlər dağılandan sonra yenisini fikirləşmək lazım idi, amma fikirləşən olmadı. Və onun nəticəsidir ki, bu gün əziyyət çəkirik”.

R.Balayev çatışmamazlıqla bağlı danışarkən qeyd edib ki, güclü ssenari yazılmır, güclü rejissor işi yoxdur: “Seriallar əsl kino deyil. Təsəvvür edin, resissorluqdan o qədər də başı çıxmayan adam film çəkir, vaxtilə toy çəkənlər indi kino çəkirlər. Operator işi çox ağır işdir, onun öz qayda-qanunları var, buna əməl olunmur. Filmə yarayan istər gənc, istər yaşlı nəsil istedadlı aktyorlar var, amma təəssüf ki, onlardan istifadə olunmur. Onları da rejissor kəşf etməli, çəkib üzə çıxarmalıdır. Aktyoru rejissor yetişdirir, aktyor yaxşı əsərdə, dramaturgiyada inkişaf edir. Bunlar hamısı bir-biriylə bağlıdır. Biri olmayanda o biri alınmır. Səbəblərdən biri də budur və buna görə bu gün biz ortaya normal film çıxarda bilmirik”.

AKİ sədri onu da qeyd edib ki, kino biznesi deyilən bir şey var, o bu gün bizdə inkişaf eləməyib: “Bəlkə buna görə bəzi istedadlar itib-batır. Əvvəllər SSRİ boyda bir prokat məkanı vardı, burda film çəkilirdi, Vladivostokda göstərirdilər. Bu gün isə artıq o imkan yoxdur bizdə. Kinonu elə çəkmək lazımdır ki, beynəlxalq kino festivallarında uğur qazansın və uğurlu filmi hansısa ölkələr alsın. Onda həmin filmin pulunu çıxartmaq, gəlir götürmək olar. Filmə çəkilmək üçün həm də fiziki güc, sağlamlıq lazımdır. İstedadlı aktyor elə-belə yetişmir, onu tapıb çıxarmaq və yetişdirmək lazımdır”.

Müsahibənin tam mətnini bu linkdən oxuya bilərsiniz:

https://525.az/news/202193-rasim-balayev-biz-gozlesek-de-omur-gozlemir

 aki.az