Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin diplom işi kimi istehsal edilmiş “Məhkəmə” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Film Festivalının “Ən yaxşı tələbə filmi” nominasiyasında qalib olub.
Qeyd edək ki, layihənin bədii rəhbəri rejissor, AKİ-nin İdarə Heyətinin üzvü Rövşən İsaxdır. Filmin quruluşçu rejissoru Orxan Babayev, ssenaristləri Fidan Maqbet, Çinarə Əlişli, Mirhafiz Həsənov, Orxan Babayev, rejissor assistenti Səbinə Cəfərova, quruluşçu rəssamı Toğrul Məstəlizadə, geyim rəssamı və qrim, Ləman Ağayeva, rejissor qrupu Mirhafiz Həsənov, Elvin Abdullayev, İzzətxanım Cabarlı, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Hüseyn Vəliyevdir.
“Məhkəmə” filmi, layihənin praktiki mərhələsi ərzində baş tutub. Rejissor ssenarisinin yazılması, storibordun çəkilməsi, məkana baxış və onun çəkilişə hazırlanması və filmdən əvvəlki bütün hazırlıq işləri layihənin Qəbələ mərhələsində baş tutmuşdur.
Rollarda əməkdar artistlər İlqar Cahangir, İlham Hüseynov və Rus Dram Teatrının aktyoru Elşad Süleyman çəkiliblər.
Kino istehsalı layihəsinin özəlliyi ondan ibarətdir ki, çəkiliş qrupunun əsasını gənc istedadlar təşkil edir. Filmin quruluşçu rejissoru, rəssamı, geyim rəssamı və qrimyor, bəstəkarı, ssenaristləri, montajçısı və b. komandanın gənc üzvlərindən təşkil olunmuşdur.
Qeyd edək ki, AKİ-nin ssenari təlimlərinin daha bir iştirakçısı Rəna Əhmədovanın “Loca Tacentia” filmi yerli müsabiqədə “Münsiflər heyətinin diplomu”na layiq görülüb.
aki.az

