Oktyabrın 12-də Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Cinema Klubu”nun və AKİ-nin təşkilatçılığı ilə “Tənha narın nağılı” bədii filmi nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Cinema Klubu”nun xarici işlər üzrə sədr müavini Nərmin Xanbutayeva və qurumun Tarix və Vətənpərvərlik klubunun sədri Nəzrin Yusifzadə çıxış edərək fəaliyyətləri barədə məlumat verdilər.
Çıxışçılar qeyd etdilər ki, bu cür görüşlərin təşkilində əsas məqsəd, milli kinomuzun gənclər arasında təbliğatıdır. Eyni zamanda, filmlər üzərində çalışan yaradıcı heyəti, ssenarist və rejissorların, aktyorların, rəssamların, bəstəkarların tanıdılması, onların gənc nəsil tərəfindən unudulmamasıdır.
Daha sonra, söz, tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanovaya verildi. “Tənha narın nağılı” ekran işi haqda məlumat verən moderator bildirdi ki, filmin ssenarisi yazıçı Əkrəm Əylislinin eyniadlı povesti əsasında yazılıb: “Qeyd edim ki, bu əsər, 1960-cı illər milli nəsrimizin formalaşmasında xüsusi rol oynamış Əkrəm Əylisinin “Adamlar və ağaclar” trilogiyasına daxildir. İkinci Dünya Müharibəsindən sonrakı dövrü əhatə edən əsərin ssenarisini isə rus kinodramaturqu Roza Hüsnitdinova yazıb. Filmin rejissoru Şamil Mahmudbəyovun müharibə mövzusunda çəkdiyi ən məşhur ekran işi “Şərikli çörək”dir ki, o, milli kinomuzda kult film sayılır. Bundan başqa, Şamil Mahamudbəyov müharibə mövzusunda, geniş tamaşaçı kütləsi arasında o qədər də populyar olmayan “Skripkanın sərgüzəşti”, “Dörd bazar günü” filmlərinin də müəllifidir. Onun rejissor kimi özəlliklərindən biri, balaca aktyorlarla əla işləməsi idi. “Tənha narın nağılı”nda da əsas qəhrəman uşaqdır. Biz postmüharibə dövrünə, böyüklərin dünyasına Sadıqın gözləri ilə baxırıq. Təəssüf ki, Sadıq rolunun ifaçısı Ruslan Nəsirli həyatdan erkən köçüb. O, müxtəlif filmlərdə oynayıb, eyni zamanda, yaxşı dublyaj aktyoru idi. Filmin digər həmmüəlif rejissoru teatr və kino sənətinin usta aktyorlarından biri Həsənağa Turabovdur. H.Turabov filmdə ikinci planda da oynayır. Filmin rəssamı Kamil Nəcəfzadə isə Azərbaycan kinorəssamlıq məktəbinin parlaq simalarından biridir. Operator Zaur Məhərrəmov “Uşaqlığın son gecəsi”, “Ad günü” və digər populyar ekran əsərlərində işləyib. Filmdə digər rolları kinomuzun tanınan simaları Şükufə Yusupova, Nəcibə Hüseynova, Rasim Balayev, Yaşar Nuri, Həsən Əbluc kimi peşəkar aktyorlar oynayıblar”.
Filmin nümayişindən sonra, moderator, iştirakçıları maraqlandıran suallara cavab verdi. “Cinema Klubu”nun təmsilçisi bildirdi ki, klubun fəaliyyət planında ssenaristlərlə, rejissorlarla görüşlərin, hər həftəsonu film nümayişlərinin təşkili nəzərdə tutulur.
aki.az