Aydın Əzim Kərimoğlu - 75

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlunun (Aydın Əzimov) ad günüdür, 75 yaşı tamam olur.
A.Ə.Kərimoğlu 1 may 1946-cı ildə Bakının Əmircan kəndində anadan olub. 1964-1972-ci illərdə A.Zeynallı adına Musiqi Texnikumunun nəzəriyyə fakültəsində, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində (bəstəkar Qara Qarayevin sinfinə) təhsil alıb. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində müxtəlif vəzifələrdə (radionun Musiqi verilişləri baş redaksiyasında redaktor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi) çalışıb. 1996-2005-ci illərdə Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasında çalışmış, orada Bəstəkarlıq şöbəsi təşkil etmişdir.
2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professorudur. A.Ə.Kərimoğlu Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Bundan başqa, Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olub. Onun təklifi ilə həmin orkestrə on zurnaçı daxil edilib. Eyni zamanda Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. “Musiqi zamanlardan, hadisələrdən, tarixdən keçir…Cəmiyyətdə istənilən kataklizmlər musiqi sahəsinin inkişafına o qədər də müsbət təsir göstərmir. Sabitlik musiqinin uğurlu və sağlam inkişafının əsas təminatıdır. Ancaq buna baxmayaraq, hətta ağır vaxtlarda da musiqi işıq şüası gətirir. Musiqi ilahi bir fenomendir. Mən hər bir süni qloballaşmanın, o cümlədən musiqi sahəsində qloballaşmanın əleyhinəyəm. Belə bir bir şəraitdə musiqi ənənələrini qorumaq lazımdır” deyən bəstəkar bir çox vokal əsərlərinin, simfonik, instrumental əsərlərİn, müzikllərin, operettaların müəlliifidir.
O, eyni zamanda teatr tamaşalarına, “Azərbaycanfilm””in istehsal etdiyi bir çox filmlərə (Daş saat (film, 1975), Uşaq və külək (film, 1982), Qətl günü (film, 1990), Yalan (film, 2005) və s.) musiqilər də yazıb.
1975-ci ildə yazıçı Anarın ssenarisi əsasında rejissor Nicat Bəkirzadənin quruluş verdiyi “Daş saat” sənədli filminin bəstəkar işinə Aydın Əzimov dəvət olunur. Yeri gəlmişkən, elmi-kütləvi filmdə Azərbaycan xalq təsviri sənətinə həsr olunmuşdur. Filmdə el sənətkarlarının qədim zamanlardan bəri davam edən yaradıcılıq ənənələrindən danışılır.
Bəstəkarın ikinci dəfə Anarla yaradıcı əməkdaşlığı 1981-ci ildə lentə alınan “Üzeyir ömrü” filmində baş tutur. Sssenarisi və rejissor işi Anara aid olan film bəstəkar Üzeyir Hacıbəyovun həyatını, onun musiqi aləmində qazandığı ilk uğurları, istedadlı yazıçı, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Filmdə Üzeyir bəyin ayrı-ayrı əsərləri, o cümlədən “Leyli və Məcnun”u, “Arşın Mal Alan”ı və “Koroğlu”sunun səhnə taleyi də öz əksini tapıb. Bəstəkar redaksiyanın əməkdaşı rolunda çəkilib.
Aydın Əzimov kinoda bir çox rejissorlarla yaradıcı əməkdaşlıq edib ki, onlardan biri də rejissor Gülbəniz Əzimzadədir. Onunla ilk əməkdaşlığı “Qətl günü” filmində başlayıb. Ssenarisi və rejissor işi Gülbəniz Əzimzadəyə aid olan fim Zaman etibarilə tariximizin üç dövrünü-keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr edilib. Filmdə bütün hadisələr baş qəhrəmanın taleyi ilə bilavasitə bağlıdır. Üç dövrü əhatə edən filmə musiqi yazmaq Aydın Əzimova həvalə edilib. Filmin uğurlu alınmasının nəticəsidir ki, rejissor ikinci dəfə bəstəkarı 1995-ci ildə quruluş verdiyi “Ümid” filminin musiqisini yazmağa dəvət edir. Bu filmdə isə artıq mövzu Qarabağ məsələləri üzərində qurulmuşdu. Azərbaycan torpağında, Qarabağda müharibə gedir… Xalqımızın ən yaxşı oğulları həlak olur, itkin düşür, əlil olurlar… Adı bəlli olmayan bir əsgərin qəhrəmanlıq rəmzinə çevrilməsi filmin əsas süjet xəttini təşkil edir. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar.
Bəstəkar sonralar müharibə mövzusunda rejissor Ramiz Əzizbəylinin 2006-cı ildə çəkdiyi “Yalan” filminə də bəstəkar kimi dəvət olunur. Bu filmdə Qarabağ müharibəsinin fonunda şəhid vermiş bir ailənin əzab və iztirabları əks olunur. Bəstəkarın istər filmlər, televiziya tamaşaları, teatr tamaşaları üçün yazdığı əsərlər, istərsə də yazdığı vokal, simfonik, instrumental əsərlərlər, müzikllər, operettaların hər biri sənət nümunəsidir və öz auditoriyası var. Yubiley yaşını qeyd edən hörmətli bəstəkarı Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından təbrik edir, sağlam həyat tərzi, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

X.QİYAS