Azər Quliyevin “İkinci planeti”

Gənc rejissor Azər Quliyevin çəkdiyi “Təngnəfəs” adlı qısametrajlı bədii filmi 27-ci Sarayevo Beynəlxalq Film Festivalında rəsmi müsabiqə proqramında təqdim olunacaq.

Oksimedia Production, Debutfilms, Butafilm və CineX kino şirkətlətinin dəstəyi ilə çəkilən filmdə sıradan bir yeni il, sıradan bir gün və adi bir dost xahişi, insan təbiətinin böhranı fonunda, öhdəlik qarşısında üzbəüz qalan qəhrəmanın ağrı və hisslərin qarışığı onu yaşadığı mühitdən yeni bir varlıq dairəsinə salınmasından bəhs olunur.

Xatırladaq ki, “Təngnəfəs” (2021) filmi 13-20 avqust tarixlərində keçiriləcək 27-ci Sarayevo Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında yer alacaq.

Filmin yaradıcı heyəti: Ssenari müəllifləri Azər Quliyev, Nicat Muxtarov, quruluşcu rejissor Azər Quliyev, quruluşcu operator  Oktay Namazov, səs rejissoru  Teymur Kərimov, rejissorlar İlkin Həmidli, Hüseyn Həsənov, icraçı prodüserlər Mehman Fətullayev, Əbülfəz İskəndərov, quruluşçu rəssam Rüfət Balakişiyev.

Filmdə iştirak edirlər: Şəhla Əliqızı, Yusif Allahverdiyev, Azər Aydəmir və Nicat Kazımov.

Müsabiqəylə bağlı geniş məlumatla bu lingdən tanış ola bilərsiniz:  https://www.sff.ba/en/news/11506/27th-sarajevo-film-festival-47-films-to-compete-for-heart-of-sarajevo-awards

HAŞİYƏ: Azər Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. “Təngnəfəs onun ikinci filmidir. Bundan öncə “Pa-Pa” (2017)  filmini çəkib.

Film gənc oğlanın anası ilə münasibəti fonunda, doğulandan bəri görmədiyi atasının getmə səbəbini öyrənmək üçün evi tərk edib atasının doğma yerinə yollanması üzərində qurulub.

“Pa-Pa” filminin dünya premyerası Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqəsində, daha sonra film Batumi Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqəsində regional təqdimatı baş tutub.

Bundan başqa, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq məqsədilə keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”(“Mozalan” studiyası)  adlı layihəsinin qaliblərindən olub.

Rejissor deyir ki,  “İkinci planetin qırmızı rəngi” adlı qısametrajlı bədii filmin hazırlıqlarına start verilib: ”Çəkilişlər payız aylarında nəzərdə tutulub. Hələ ki, dəqiqləşdirməmişik. Çox təəssüf ki, filmin məzmunu və yaradıcı heyəti haqqında hələ ki, məlumat verə bilmirik. Bəzi məqamlar dəqiqiləşincə mütləq bu barədə geniş məlumat veriləcək”.

Hazırda filmin hazırlıq prosesi ilə məşğul olan, payız çəkilişlərinə böyük həyəcanla hazırlaşan gənc rejissora uğurlar arzulayırıq.

aki.az