Azərbaycanın mədəniyyət paytaxtında Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı

Yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Kərimovu Mədəniyyət Naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
Prezident çıxışında Qarabağ torpaqlarının cənnət guşəsi hesab edilən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyini bildirib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Şuşada, eləcə də digər işğaldan azad edilmiş torpaqlarımızda abadlıq işlərinin başlanmasına, məscidlərimizin əsaslı şəkildə təmir edilməsinə start verildiyini bildiriən prezident qeyd edib ki, bütün tarixi abidələr bərpa ediləcək: “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır”.

Prezident çıxışında Mədəniyyət Nazirliyinin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edib: “Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri. Siz uzun illər Azərbaycanı UNESCO-da təmsil etmisiniz. UNESCO-Azərbaycan əlaqələri haqqında kifayət qədər məlumatlısınız. Sizi nazir müavini və indi nazir vəzifəsinə təyin etmək, eyni zamanda, əldə etdiyiniz təcrübəyə də əsaslanır. Yəni, UNESCO ilə bizim çox məhsuldar, səmimi münasibətlərimiz var və ümid edirəm ki, bu münasibətlər qorunacaq. Beləliklə, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasıdır. Bütün bunlar, eyni zamanda azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır. Əminəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz”.

Eyni zamanda Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətindən, mədəni irsin qorunmasından bəhs edərək bildirib ki, əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi də qoruya bilək: “Millət kimi qoruyub saxlayan bizim ana dilimiz olan  Azərbaycan dilidir. Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır”.

aki.az