Sentyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin, iki kinoittifaqın birləşməsindən sonra ilk iclası keçirildi.
AKİ, birləşmə prosesinin durumu və görülmüş işlər haqda məlumat, kinomuzun mövcud vəziyyəti ilə bağlı çıxışlar və təkliflər, AKİ-nin 2024-2025-ci illər üçün fəaliyyət planı haqda məlumat, AKİ-nin İdarə Heyətinin bəyanatının qəbul edilməsi və cari məsələlər müzakirə edilib.
“Gücümüz birliyimizdədir” devizi ilə keçirilən iclasa Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev sədrlik edib. R.Balayev, diqqəti Ədliyyə Nazirliyində rəhbər dəyişikliyi səbəbindən birləşmənin hüquqi cəhətdən təsdiqi bir neçə ay gecikməsinə yönəltdi: “Prosedur qaydasına görə belə məsələlər nazirliyin kollegiyasında öz həllini tapdığı üçün bizimlə bağlı məsələnin də həlli bir müddət gecikmişdi və nəhayət təsdiqlə bağlı hüquqi prosedurlar ürəyimizcə olan şəkildə başa çatdırıldı”.
AKİ-nin icraçı katibi, rejissor Əli İsa Cabbarov öz çıxışında Azərbaycan kinosunun inkişaf yolu keçdiyindən bəhs edərək bildirib ki, özəl kinostudiyaların fəaliyyətində canlanma müşahidə olunur: “Biz yeni filmlərimizin nümayişi və təbliği ilə də bağlı müəyyən işlər görürük. Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarında keçirdiyimiz tədbirləri digər regionlarda da davam etdirmək niyyətindəyik. Qısametrajlı filmlərin ssenari müəllifləri və rejissorları üçün xüsusi təlimlər keçirir, beynəlxalq festivallarda iştirak edən kino işçilərinin səfər xərclərini də mümkün qədər biz qarşılayırıq”.
AKİ-nin İdarə Heyətinin üzvü, rejissor Şamil Əliyev diqqəti Oskar komissiyasının fəaliyyətinə diqqət çəkdi: “Filmlərimizin Oskar mükafatına təqdim olunması üzrə komissiyaya əvvəllər Şəfiqə xanım, hazırda isə mən rəhbərlik edirəm. Zənnimcə, bu işi ardıcıllıqla davam etdirsək, ümumi işin xeyrinə olar. Baxıram, kino sənətinin əsil biliciləri burada, bizim sıralarımızdadır”.
Rejissor Tahir Əliyev, ittifaqa üzvlük məsələsinə ciddi yanaşılması və ittifaqda yalnız peşəkarların cəmləşməsilə bağlı öz fikrini bildirdi. Əli İsa Cabbarov qeyd etdi ki, birləşmə konfransında Cəmil Quliyev bu məsələni qabartmışdı: “Siyahıda texniki işçilərin, yardımçı peşə sahiblərinin adlarına rast gəlirik. Təbii ki, bu məsələyə yenidən baxılmalı, ittifaqa kino ilə sıx bağlı olan peşəkarlar üzv qəbul olunmalıdır. Bir məsələni də xatırlatmaq istərdim. Yeni yaradılan Kino Agentliyinin fəaliyyətində müsbət hallarla yanaşı süründürməçilik də müşahidə olunur”.
AKİ sədri, “Azərbaycanfilm”in həyətinə bu gün də kimliyi, peşəsi məlum olmayan adamların gəlməsinə diqqəti çəkdi: “O ərazidə, məkanda çəkilişlər aparılmalı, abadlaşdırılmalı, səliqə-sahman yaradılmalıdır. “Mosfilm”də olarkən oradakı gözəl şəraiti gözlərimlə görmüşəm. Müvafiq şəxslərlə dəfərlərlə danışmışam. Kinostudiya lazımsız quruma çevrilməkdədir. Kinostudiyaların texniki bazasını, kadr potensialını təcili gücləndirməsək, uğur əldə edə bilməyəcəyik. Bu barədə mədəniyyət naziri ilə söhbətim olub. O da məni arxayın salıb ki, heç bir təhlükə yoxdur, o məkan yad əllərə düşməyəcək. Ona inanıram”.
AKİ katibi, rejissor Ziya Şıxlınski bildirdi ki, bu, çox strateji və taleyüklü məsələdir. Daim ciddi nəzarətdə saxlanılmalıdır. Rejissor Kamran Qasımov qeyd etdi ki, 1988-ci ildə milli kinomuzun inkişafı ilə bağlı qanun qəbul edilib: “İllər keçib, qanunda müəyyən dəyişikliklərin edilməsi zəruriyyəti yaranıb. İndi, heç olmasa, bəzi məcəllələrin təzələnməsi labüddür. Kinonun inkişafı naminə qanun yaradıcılığından bəhrələnmək olar”.
Rejissor Vaqif Mustafayev öz çıxışında həmkarlarına “Azərbaycafilm” barədə bədbin fikirlərə düşməməyi məsləhət gördü: “Sadəcə “Azərbaycanfilm”də ciddi və əsaslı təmir işləri görülməlidir. Təchizat yaxşılaşdırılmalıdır, dekorlar yenilənməlidir”.
AKİ katibi, sənətşünas Nadir Bədəlov qeyd etdi ki, gələcəklə yaşamalı, fəaliyyət göstərməliyik: “Müasir Azərbaycan filmlərinin təbliğinə diqqəti artırmalıyıq. Tamaşaçı rəyinin öyrənilməsi, nəzərə alınması da çox önəmlidir”.
AKİ sədri Rasim Balayev bildirdi ki, iclasda səslənən fikirlərin həyata keçməsini, uğurla reallaşması üçün əlimizdən gələni edəcəyik. Daha sonra AKİ sədri Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin 6.12-ci bəndinə əsasən, AKİ-nin katiblərini təyin edib. AKİ katiblərinin siyahısını nəzərinizə çatdırırıq:
Məmmədova Şəfiqə Haşımovna (Birinci katib)
Cabbarov Əli İsa Xanlar oğlu (İcraçı katib)
Katiblər:
Rzayev Anar Rəsul oğlu
Bədəlov Nadir Xadmətulla oğlu
Əli Akif Əli oğlu
Əliyev Tahir Cabbar oğlu
Hüseynova Türkan Siyasət qızı
Mustafayev Vaqif Behbud oğlu
Mənsimov Baba Vəzir oğlu
Mirzəyev Ramiz Həsənağa oğlu
Ömərova Həmidə Məmməd qızı
Səfərəliyev Oleq Mirzəağa oğlu
Səlimli Mirbala Seyidəsgər oğlu
Şıxlinski Ziya Ənvər oğlu
İclasda kinorejissorlar Elcan Məmmədov və Əli-Səttar Quliyev AKİ üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ də müsbət həll edilib.
aki.az