Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının strateji məqsədlərdən biridir. Bu məqsədlə yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün sislsilə tədbirlər keçirir.
Əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsinin açılışı olacaq. İyulun ilk yarısında keçiriləcək nümayişlərdə İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Mirzəyevin “Qul”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmləri və Amil Amal, Şirin Əhmədov, Elvin Aşirov, Pərviz Həsənov, İntiqam Hacılının qısametrajlı filmləri nümayiş ediləcək. Nümayişlər Şirvanda, Neftçalada, Salyanda, Hacıqabulda və Biləsuvarda baş tutacaq.
Kinoteatrların bütün regionlarda olmaması yeni Azərbaycan filmlərinin tamaşaçı sayının azalmasına gətirib çıxarır. Bu səbəbdən, AKİ regionlarda nümayişləri gələcəkdə də davam etdirəcək.