Azərbaycan Kinematoqrafçılar İttifaqından orduya dəstək
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan müharibə həlledici anlarındadır.
İki il öncə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq – Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Artıq müstəqil Azərbaycanın hərbi gücü sayəsində dünya ölkələrində öz layiqli yer tutması danılmaz bir faktdır. Bütün sərvətlərə sahib olan ölkəmiz malik olduğu ordu gücü ilə də dünyaya öz sözünü deməyə qadir olduğunu göstərdi, hətta son bir ayda başlayan müharibə ilə öz sözünü daha da kəskin şəkildə deməyi bacardı. Bu, artıq illərdir gözlədiyimiz, səbr etdiyimiz An idi.
Ali baş komandanın əmrilə Azərbaycan ordusu düşmən işğalında olan Qarabağ torpaqlarında haqq uğrunda müharibəyə başladı və artıq torpaqların əsas hissəsi azad edilib. Hər gün qələbə xəbərləri eşidirik və bu bizi heç də təəccübləndirmir, çünki 30 ildir ki, səbr edirdik və bir gün bu addımın atılacağını bilirdik. Əlbəttə ki, güclü ordunun güclü xalq dəstəyinə hər an ehtiyacı var. İstər xaricdə yaşayan azərbaycanlılar, istər ölkə vətəndaşları Azərbaycan dövlətinə, Azərbaycan ordusuna dəstək aksiyalarına qoşuldu, dəstək kampaniyası davam edir. Və bu proses o zamana qədər davam edəcək ki, torpaqlarımız tam olaraq azadlığa qovuşacaq, Qarabağda abadlıq işləri başlayacaq, o torpaqlarda həyat qurulacaq, torpaq canlanacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu dəstəkdən geri qalmadı, xalqın həyəcanına qoşuldu, dövlətin yanında oldu, Aərbaycan Ordusuna edilən yardımlara qoşuldu, Silahlı Qüvvələrə Yardım Fonduna 5000 AZN məbləğində ianə etdi.
Qarabağ Azərbaycandır!
GülQAR