Azərbaycan mədəniyyətinin simvolu
Xalq şairi Ramiz Rövşənlə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, “İstiqlal” ordenli Rasim Balayevin yaradıcı dostluğu uzun illəri əhatə edir. Şairin görkəmli aktyorumuz haqqında olan fikirlərini təqdim edirik:
“Rasim Balayev mənim üçün ilk olaraq dostdur. Çox böyük aktyordur. Onun şəxsi keyfiyyətlərinə insan kimi, dost kimi bələdəm.
Rasim çox bütöv insandır, bütöv şəxsiyyətdir. İstedad Allah vergisidir, istedadın özünü göstərməsi, inkişaf etməsi, zədələnməməsi üçün şəxsiyyət çox mühüm rol oynayır. Şəxsiyyət elə bil ki, istedadın qabıdır. Rasim, sənətində aktyordur, səhnədə roldan-rola girə bilər, amma həyatda təküzlü insandır. Tamaşaçı kimi deyim ki, Rasim Balayev dünya miqyaslı bir sənətkardır. İstənilən yerdə, istənilən səviyyədə filmdə oynaya bilər. Mənə elə gəlir ki, Rasimin taleyinə bənzər bir tale bizim kinomuzda olmayıb. Biz hələ gənc idik, fəxr edirdik ki, Rasimin epizodik bir rolu var – “Azadlıq şirin sözdür” filmində. Sonradan “Nəsimi”də çəkildi. Cavan oğlan idi Nəsimi obrazını oynayanda və demək olar ki, bu obraza öz damğasını vurdu. Sanki bu rolu ilə Azərbaycan kinosunu silkələdi.
“Nəsimi” Azərbaycanın tarixi filmləri arasında birincilərdəndir və film hamıdan çox Rasimə borcludur. Rasim Balayev bir çox tarixi şəxsiyyətlərin rolunu oynayıb. Onu da qeyd edim ki, tarixi rolları oynamaq çox çətindir. Məsələn, Nəsimi, Babək, Beyrək, Axundzadə, Cavid oynayan aktyoru biz təsəvvürümüzdə yaratdığımız obrazla müqayisə edirik. O rolları ki, Rasim oynadı və şəxsiyyətlər Rasimin siması ilə yadımızda qaldı. Mən Nəsimini Rasim kimi görürəm. Bu filmdə Rasim Nəsiminin gəncliyindən ömrünün sonuna kimi bütün dönəmləri oynadı və hamısı da inandırıcıdır.
Biz, bu yaxınlarda “Dədə Qorqud” filminə baxırdıq və xeyli maraqlı şeylər gözə dəydi. Həm Rasimin oyununda, həm də filmdə. Nə qədər incə məqamlar var idi və hər dəfə baxanda yeni məqamlar görünür. Son illər Rasim Balayev Ramiz Həsənoğlunun filmində Cavid roluna çəkildi və mən o filmə baxanda elə bil ki, Cavidi görürəm. Axundovu oynayanda o xarakteri, o cizgiləri o qədər ustalıqla yaradıb ki… Rasim yaşa dolsa da üzünün mənzərəsi olduğu kimi qalır. Üz daxili ifadə edir, Rasimin daxili zənginliyi üzə çıxır və onun mənzərəsini yaradır. Mahiyyət etibarilə onun oynadığı epizodik rollar da çox uğurludur. Rasimdə ifadəlilik çox güclüdür və mərhum sənətkarımız Səməndər Rzayevdən sonra səsini bu qədər idarə edən , bu qədər zəngin səs çalarlarına malik olan yeganə aktyordur.
Rasim Balayev təpədən-dırnağa aktyordur. Rolda istənilən məqamı ifadə etməyə gücü çatır və müstəsna istedaddır. Eyni zamanda, onda bədii qiraət çox gözəl alınır. Mənim ən çox sevdiyim şair Mikayıl Müşfiqdir. Müşfiqin şeir deməyini eşitməmişəm, amma yəqin Müşfiqdən sonra “Yenə o bağ olaydı” şerini ən yaxşı oxuyan Rasimdir. Rasim çox gözəl dublyaj ustasıdır. Kinomuzda ən gözəl dublyaj ustaları, mənə elə gəlir ki, Səməndər Rzayev, Şahmar Ələkbərov və Rasim Balayevdir.
Rasim Balayev Azərbaycan mədəniyyətində böyük bir taledir, artıq o simvola çevrilib. Azərbaycan kinosunun simalarından biridir. Bir çox mükafatlara layiq görülən Rasim o insanlardandır ki, öz sənətinə həm də şərəf gətirib.
Rasim qədər hər gördüyü işdən narahat olan az adam tapılar. O həmişə özündən narazıdır. Azərbaycan kinosu Rasimə borcludur. Rasim çox xoşbəxt sənətkardır”.
Ramiz Rövşən