“Azərbaycan-sinemada” sənədli kino günü
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Yeni Azərbaycan kinosu” layihəsi çərçivəsində növbəti film gecəsi keçirilib.
Aprelin 12-də “Azərbaycan Cinema” kinoteatrında AKİ-nin ev sahibliyi ilə baş tutan nümayişdə rejissor Fariz Əhmədovun “Sonuncu” və Nurlan Həsənli ilə Toğrul Musanın debutü olan “Bir Ata haqqında” sənədli filmləri göstərilib.
Rotterdam Beynəlxalq Film Festivalının iştirakçısı olan “Sonuncu” filmi adada yalnız yaşayan və hətta son nəfəsini belə, kamera qarşısında verən qəhrəmandan bəhs edir.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının “ən yaxşı ssenari” üzrə mükafatçısı olan “Bir ata haqqında” isə müəlliflərdən Toğrul Musanın atasının pandemiya dövründə yaşadıqlarından bəhs edir.
Tədbirin moderatorluğunu edən kinoşünas Sevda Sultanova ilk olaraq rejissorlara sənədli filmin ekran həlli ilə bağlı sual verib: “Azərbaycanda sənədli filmlərin bir çoxu tele-veriliş estetikasında çəkilir və mövzuları kino dilinə çevirə bilmirlər. Fariz bəy, mən istərdim sizinlə başlayım. Çünki siz həm daha peşəkarsınız, həm də pedaqoq fəaliyyəti ilə də məşğul olmusunuz. Sizcə, bu, nə ilə bağlıdır? Azərbaycan sənədli film məktəbində hansısa qırılma nöqtələri oldu, yoxsa, təsvirə yanaşmada problem var?”
Moderatorun sualına cavab verərkən rejissor bildirib ki, müşahidə janrında film çəkilişinin ən vacib tələbi zamandır: “Bu janrda işləmək rejissordan, operatordan, müəllifdən böyük bir vaxt tələb edir. Təəssüf ki, bu tip müəlliflər bir çox hallarda, prodüserlərin yaxşı mənada desək, düşmənləridir. Müşahidə janrında sənədli film çəkməkdən ötrü ilk öncə qəhrəmanla yaşamaq lazımdır. Bu proses qəhrəmanın çəkiliş heyətinə öyrəşməsinə xidmət edir. Bu, o deməkdir ki, 10-a yaxın yaradıcı heyət üzvü həftələrlə, aylarla, bəzən illərlə müşahidə janrını işləməlidir. Biz bu filmdə polyaklarla işlədik. Onlar deyirdi ki, biz ən azı 15-20 gün qəhrəmanın bizə öyrəşməsini gözləyirik. Bizdə də belə oldu. Əslində, biz çəkilişə gedəndə, finalımız yox idi. Bilmirdik ki, final səhnəsində nə olacaq. Biz heç vaxt düşünməzdik və gözləyə bilməzdik ki, belə bir hadisə olacaq. Televiziya estetikası məsələsinə qayıtsaq, əlbəttə ki, burada efir var və sən efir üçün işləyirsən. 1 aya, 2 aya, ən yaxşı halda, 3 aya sən bu filmi işləyib, təhvil verməlisən ki, efirə getsin. Əslində, müəllif filminin başında pul dayanır. Maliyyə olmalıdır ki, səbirlə uzun bir istehsal dövrünü keçib, ortaya normal bir material çıxara biləsən”.
Gənc rejissor Nurlan Həsənli də suala cavab verərkən, həmkarı ilə razılaşdığını dilə gətirib: “Fariz bəyin dediklərinə mən də qatılıram. Çünki bu tərzdə çəkə bilmək üçün uzun müddət lazımdır. Bir də ki, sənədli film çəkiləndən sonra uyğun dramaturji strukturla montaj olunur. Ola bilər dramaturji bilginin olmaması da filmi müsahibələrlə davam etməyə məcbur edə bilər”.
Fariz Əhmədov “Sonuncu” haqda danışarkən deyib ki, işlədikləri dövrdə filmin qəhrəmanı vəfat etdiyi üçün onlar cəmi 4 gün çəkiliş edə bilib: “Əlbəttə, biz daha əvvəl qəhrəmanla təmasda olmuşduq. Biz 10 günlük qış çəkilişləri üçün ezam olunmuşduq. 10 günlük də yay çəkilişimiz olmalı idi. Yanvarın 2-də biz qış çəkilişləri üçün ezam olunduq, yanvarın 6-da bizim qəhrəmanımız vəfat etdi. Əlbəttə ki, bu, bizim heyət üçün şok idi. Heç bilmirdik nə çəkmişdik və ondan nə yığacaqdıq? Dəfndən gələndən sonra əlimizdə olan materialla montaj stolunda nə isə etməyə çalışdıq”.
Filmi izləyən kinoşünas Aygün Aslanlı rejissora uzun kadrlarla bağlı sual verib: “Fariz, film haqda danışdıqlarınızdan belə anladım ki, çox şey spontan alınıb. İri planlardan çox istifadə etmisiniz. Buna montaj stolunda qərar vermişdiz, yoxsa, əvvəlcədən belə olacağı bəlli idi?”
Fariz Əhmədov: “Yox, əlbəttə ki, bu, operatorla öncədən düşünülmüşdü ki, biz qış və yay səhnələrini həm planların həcmi, həm də kameranın statik olması baxımından hansı üslubda işləyəcəyik. Ümumiyyətlə, deyim ki, çəkdiyimiz materialların demək olar ki, 95 faizi filmdə var. Kənara atdığımız material çox az idi. Müşahidə janrı olduğu üçün bizim ikinci kameramız yox idi. Əvvəlcədən planlayırdıq ki, hansı səhnə hansı formada çəkiləcək”.
Aygün Aslanlı: “Operatorunuzu təbrik edirəm. Çox əla işləyib. Mən iri plan haqda niyə soruşdum? Sizin qəhrəmanınız tənha insandır. İri plandan adətən, qəhrəmanların emosialarını ifadə etmək üçün istifadə olunur. Digər tamaşaçıları bilmirəm, amma məndə bu iri planlar elə bir təəssürat yaratmadı. Qəhrəman həmişə ekranın mərkəzində idi və mən ondan tənhalıq, yalnızlıq, yazıq adam təəssüratı almadım. Əksinə, o qədər iridir ki, relyef kimi, dağ kimi görünür. Dəxli yoxdur tənhadır, yazıqdır. İnsan görürsən. Sadəcə həyatın mərkəzində olan insan görürsən”.
Tamaşaçılar arasında olan gənc rejissor Afaq Yusifli “Bir ata haqqında” filminin müəlliflərindən “Hazırda mən də öz nənə-babam haqda film çəkirəm. Mənə maraqlıdır, siz pandemiya dövründə əvvəlcədən müəyyənləşdirmişdiniz ki, evdə bu və digər nöqtələr var və bu nöqtələri birləşdirsəniz, bir hekayə alınacaq, yoxsa, sadəcə olaraq, kameranı quraşdırmısınız və hekayə sonra alınıb? Onu o atadan necə almısınız? Çünki siz filmdə Günəşlinin də ümumi kadrlarını göstərirsiniz, quş gəlir, sonra atanız gitara çalır. Bu proses mənə maraqlıdır” deyə, soruşub.
Suala cavabında Toğrul Musa deyib ki, o, uzun müddətdir evdə kamera ilə ailə üzvlərini müşahidə edirmiş: “Bayaq Fariz bəy müşahidə ilə bağlı danışdı. Mən evdə əvvəlcədən də çox çəkilişlər etmişdim deyə, kameranı götürüb, işləyəndə, evdə bunu qeyri-adi hal kimi qəbul etmirdilər. Bu, artıq onlar üçün adi hala çevrilmiş bir ritual kimi idi. Düşünürəm ki, buna görə də kameraya öyrəşmişdilər və tam rahat idilər”.
“Sonuncu” filminə iki dəfə baxdığını deyən Sevda Sultanova rejissordan çəkilişlərin etik tərəfi haqda soruşub: “Fariz, mən filmə iki dəfə baxdım, ikisində də düşündüm ki, istər sənədli, istərsə də, bədii filmdə zamanla etik tərəflər məsələsi meydana çıxır. Aydındır ki, siz əvvəlcədən qəhrəmanla razılaşmışdınız. Amma bütün hallarda, orada bəzi kadrlar var, məsələn, iri planda qəhrəmanın fiziki olaraq əzab çəkdiyi görünür. Burada sizdə etik mənada bir tərəddüd var idi?”
Fariz Əhmədov sualı cavablandırarkən deyib ki, o, qəhrəmanının əzablarını göstərməyə çalışıb: “Əlbəttə ki, tərəddüd yox idi. Çünki mən ilk növbədə bir müəllif kimi işimi görürdüm. Adamın xəstə olması, hərəkət edə bilməməsi mənə çox pis təsir edirdi. Filmboyu biz onu bircə səhnəyə belə, məcbur etməmişik, biz sadəcə nə iş görürdüsə, onu müşahidə etmişik. Mənim üçün ən ağır səhnələrdən biri onun yuyunması səhnəsi idi. Onun əlləri-qolları tam olaraq açılmırdı ki, o, yuyuna bilsin. Əlbəttə ki, bütün bunlar insan olaraq sənə təsir edir. Amma digər tərəfdən, mən öz işimi görürdüm. Bu adam haqqında və bu adamın vəziyyətini göstərmək naminə əlimə düşən o fürsətli kadrlardan istifadə edib, çəkməyə çalışırdım”.
Kinoşünasın “Filminiz sənədli film olsa da, orada əvvəlcədən düşünülmüş səhnələr də var idi yəqin ki. Bu isə bir az bədiiliyə gedir. Sizin üçün bədii filmlə sənədli filmin sərhədi haradadır? Və yaxud da filmdəki ata obrazı sizə filmi məhz hu formada çəkməyi diqtə etdi, yoxsa, necə?” sualını Nurlan Həsənli belə cavablandırıb:
“Əslində, biz bu xarakterlə bağlı çox şey bilirdik və onun haqda bədii film çəkməyi planlayırdıq. Hətta başqa bir ssenari də yazmışdıq. Sadəcə olaraq pandemiya zamanı hər tərəf bağlandı. Biz də həmin hekayəni evin içinə salmalı olduq. O bədii filmi çəkərkən, başqa anları da tutmağa çalışdıq. Nəticədə də bu film alındı. Əgər janr olaraq adlandırsaq, sənədli dram (docudrama) deyə bilərik. Amma biz bunu sənədli film olaraq təqdim etdik və belə də qaldı”.
Tədbir tamaşaçılarla rejissorların sual-cavabından sonra yekunlaşıb.
İzolda Ağayeva
aki.az