“Bal” filminin Azərbaycan ekranına qayıdışı

Mayın 17-də “Azərbaycan” kinoteatrında, Azərbaycan Kinematoqrafçılar İttfaqının təşkilatçığı ilə “Unudulmuş dünya kinosu şedevrləri” silsilə nümayişləri çərçivəsində, italyan rejissoru Ettore Skolanın “Bal”(1983) filminin nümayişi keçirilib.
Baxışdan öncə, nümayişin moderatorları – kinotənqidçi Sevda Sultanova və rejissor İlqar Quliyev film və onun müəllifi barədə qısa məlumat veriblər.
S.Sultanova rejissor E.Skolanın həyatı və yaradıcılığının əlamətdar məqamları barədə tədbir iştirakçılarına məlumat verib. Digər məşhur italyan rejissorlarına nisbətən, Skolanın niyə daha az məşhur olması barədə öz fikirlərini bölüşən S.Sultanova, sözügedən müəllifin digər həmyerliləri ilə müqayisədə daha realistik və poetik ruhlu filmlər çəkməsini əsas səbəb kimi göstərib.

“Bal” filminin təsvir və musiqi sıralamasının unikallığını qeyd edən S.Sultanova, E.Skolanın yaradıcılığı boyu nüfuzlu festivallarda saysız mükafatlar əldə etməsini də xüsusi vurğulayıb.
İ.Quliyev isə öz növbəsində, “Bal” filminin strukturu barədə öz fikirlərini bildirib.  Onun sözlərinə görə, Skolanın filmində Fransanın otuz illik tarixi göstərilməsi, həm də insan həyatının da yer üzündəki yaşayışına metaforadır. Filmdə tarix boyu cərəyan edən hadisələrin insanlara, musiqiyə, düşüncəyə, dəbə və xüsusilə də insanların bir-birinə qarşı olan münasibətinə olan təsirinə xüsusi yer verilib.
1984-cü ildə “Oskar” mükafatına namizəd olan film yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır. Premyerasından qırx ilə yaxın vaxt keçməsinə baxmayaraq, adı çəkilən film müasir Azərbaycan tamaşaçısının marağına səbəb olub.

aki.az