Bu gün Dünya İncəsənət Günüdür
15 aprel Dünya İncəsənət Günü olaraq qeyd edilir. Bu əlamətdar gün 12-27 noyabr 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.
İlk dəfə olaraq bu il UNESCO bayrağı altında qeyd olunan Dünya İncəsənət Gününün təsis edilməsində əsas məqsəd incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etməkdən ibarətdir.
Mədəniyyət nazirliyi UNESCO-nun rəsmi saytında bununla bağlı yayılan məlumata istinadən bildirir ki, 15 aprelin “Dünya incəsənət günü” qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirlməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır.
Yeri gəlmişkən, 15 aprel Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olmasına baxmayaraq, bu günün mədəniyyətlə bağlı bir tarixi var. Belə ki, əvəllər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Və bu tarix 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi.
90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə qeyri-rəsmi qeyd edilməyə başlandı.
Bu da o deməkdir ki, artıq bu tarix beynəlxalq mədəniyyət təqvimində konkret mahiyyət və məqsədi olan gün kimi xüsusi yerə malikdir.
Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanındığı üçün dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir.
Mədəni irsimizin qorunması və və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri təqdirəlayiqdir.
Bildiyiniz kimi, bu günlər dünyanı cənginə almış koronavirus (COVID-19) infeksiyası ilə bağlı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bir sıra mədəni tədbirlərin həyata keçirilməsi təxirə salınıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev hər kəsi dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmağa çağırıb.
Nazirliyin təşəbbüsü ilə başladılan “Evdə qal, evdə yarat” kampaniyasına yaradıcı insanlarımız öz dəstəyini verir. Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən “Bizi birləşdirən mədəniyyət” adlı telelelayihələr həyata keçirilir. Nazirliyin təşəbbüsü ilə ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin ödənişsiz olaraq nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirlik və telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri bağlı yeni birgə layihələr hazırlanaraq reallaşdırılır. Bir sözlə, Azərbaycanın mədəni zənginliyini, tarixi irsimizi, incəsənətimizi evlərimizə gətirmək, insanlarım mədəniyyətlə təmasını genişləndirmək üçün bütün imkanlar səfərbər edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı