Çəkməyə Azərbaycan, gəzməyə Koreya yaxşı…

“Azərbaycan Kinematoqrafçılar İttifaqının NETPAC-a (Asiya kinosunun təşviqi şəbəkəsi) üzv olması öz bəhrələrini verir. AKİ Azərbaycan kinosunun dünyaya inteqrasiyası üçün kinotənqidçilərimizin dünya festivallarında iştirakını bundan sonra da dəstəkləyəcək”.  AKİ.AZ 

Koreya respublikasının Ceoncu şəhərində keçirilən CEONCU Beynəlxalq  Film Festivalı Azərbaycanda çox tanınmasa da, Asiya bölgəsinin əhəmiyyətli festivallarından biri hesab olunur. Artıq 24-cü dəfə baş tutan festival Ceoncu şəhər meriyasının təşkilatçılığı ilə reallaşdırılır, elə festivalın prezidenti də mer Vu Beom-Kidir. Bu il festival “Çərçivədən kənar” (“Beyond the frame”) devizi ilə keçirilirdi. Açılış mərasimində festivalın direktorları Min Sungvuk və Jung Junhonun da dediyi kimi, CEONCU festivalının əsas hədəfi alışılmış çərçivələri dağıdan, yeni vizual həllər, təhkiyə üsulları, yeni obrazlar təklif edən filmlərə meydan açmaqdır.

Festival, “Beynəlxalq müsabiqə”, “Koreya müsabiqəsi”, “Koreya qısa filmlər müsabiqəsi”, “Ön xətt”, “Genişləndirilmiş kino”, “Dünya kinosu” (əsasən, klassik filmlər nümayiş olunur), “Ustadlar” və s. kimi, müsabiqə və qeyri-müsabiqə də daxil olmaqla on beş bölmədən ibarətdir. Müsabiqə bölmələrinin hər biri üzrə, ən azı, iki mükafat nəzərdə tutulub və mükafatın kateqoriyasından asılı olaraq 1.000.000 vondan (təxminən, 700 dollar) 20.000.000 vona qədər (təxminən, 16.000 dollar) maddi vəsaitlə dəstəklənir. Bundan əlavə, festivalın sponsorları tərəfindən təsis olunmuş mükafatlar, o cümlədən, NETPAC-ın (Network for the Promotion of Asian Cinema) xüsusi mükafatı təqdim olunur. Elə mən də 24-cü CEONCU kinofestivalında NETPAC münsiflərinin sədri qismində iştirak edirdim. Heyətimizin digər iki üzvü, koreyalı kinotənqidçilər Kim Hyunq Seok və Çoi Yunla birlikdə dörd gün ərzində Asiya ölkələrində (Çin, Yaponiya, Koreya, İran, Monqolustan və s.) istehsal olunmuş 11 tammetrajlı bədii və sənədli filmə baxdıq və aralarında vizual həlli, dramaturji strukturu və mövzu aktuallığı baxımından seçilən Yaponiya istehsalı “Daş divar” (“Stonewalling; rejissorlar Ji Huang, Ryuji Otsuka) filmini mükafatlandırdıq. Düzü, NETPAC jürisinin nümayiş proqramı bütün vaxtımızı aldığına görə, digər bölmələrdəki filmləri görmək imkanımız olmadı. Baxdığımız filmlərdə isə daha çox klassik narrativə, poetik kino elementlərinə üstünlük verilmişdi. Onların əksəriyyətində hekayələr pandemiya fonunda cərəyan edirdi, lakin bu, sadəcə filmin zamanını göstərən detal deyildi. Müəlliflər pandemiyanı dramaturji strukturda vacib rol oynayan obraza çevirərək psixoloji, iqtisadi fəsadlarını araşdırmağa, dərk etməyə çalışmışdılar.

Onu da qeyd edim ki, festivalın nəzdində azərbaycanlı kinematoqrafçılar üçün də maraqlı olacaq “Jeonju Project” adlı istehsalat-market proqramı da var. Sözügedən proqram “Jeonju lab”, “Next edition” (“Növbəti variant”), “Work in progress” (“Davam etməkdə olan iş”) adlı bölmələrdən ibarətdir və müstəqil, eksperimental, art-haus film layihələrinin istehsalı və təbliği ilə məşğuldur. Maraqlananlar jeonjufest.kr saytının “Jeonju project” bölməsində proqram haqqında ətraflı məlumat əldə edə bilərlər.

Bu yazdıqlarım, necə deyərlər, rəsmi hissə idi. İndi keçək bədii hissəyə, həsəd doğuran məqamlara. Kinofestival sanki bütün şəhər sakinləri tərəfindən coşqu ilə, bayram kimi qeyd olunurdu. Müqayisə üçün deyim ki, mayın 5-də Koreyanın milli bayramlarından biriydi, amma şəhərin həyatında heç bir dəyişiklik, xüsusi bayram əhval-ruhiyyəsi görmədim, adi bir gün kimi idi. Halbuki kino festivalının davam etdiyi səkkiz gün ərzində, sonrakı günlərdə də küçələrdə, üzərində festivalın atributlarını gəzdirən, əksəriyyəti gənclərdən ibarət olan insanlar görmək mümkün idi. Üstəlik, həmin atributların – festivalın emblemi vurulmuş köynəklər, çantalar, papaqlar, dəftərçələr, qələmlər və s. satıldığı xüsusi mağaza fəaliyyət göstərirdi və hər gün dolu olurdu. Nümayişlərin keçirildiyi kinoteatrların ətrafında könüllülər əllərində fosforlu çubuqlarla gediş-gəlişi, maşınların hərəkətini tənzimləyir, sıxlıq yaranmasına imkan vermirdilər, kinoteatrların qarşısında canlı konsertlər verilirdi. Bir sözlə, əsl bayram!

Və təbii ki, bütün nümayişlər biletlə idi. Hətta münsiflər üçün də. Sadəcə bu biletlər təşkilatçılar tərəfindən alınmışdı və hər gün səhər saatlarında münsif heyətlərinə təqdim olunurdu. Hamımız filmlərə tamaşaçılarla birlikdə zalda baxırdıq, film bitən kimi dərhal zalı tərk edirdik – münsiflərin film müzakirələrində iştirakı, bir heyətin izlədiyi filmləri digər heyətlə müzakirə etməsinə icazə verilmirdi.

Ceoncuda olduğum səkkiz gün ərzində Honq-Konqdan, Yaponiyadan, Koreyadan olan bir neçə kinotənqidçi, prodüserlə tanış oldum. Çoxlarının onlara daha yaxın Qazaxıstan, Qırğızıstan kimi ölkələrin kinosu haqqında məlumatları olsa da, Azərbaycan kinosu haqqında, demək olar, heç nə bilmirlər. Ona görə də çoxlu suallar verirdilər: kino istehsalı hansı səviyyədədir, hər il neçə film istehsal olunur, hansı mövzulara üstünlük verilir? Utana-utana cavab verirdim, “yeganə maliyyə mənbəyi dövlətdir; iki ildir, film istehsal olunmur” demək elə də xoş deyil. Yaxşı ki müstəqil kinomuz var, Busan festivalından Elvin Adıgözəli, Tokio festivalından isə Hilal Baydarovu tanıyırlar. Yaponiyalı prodüser, Tokio kinofestivalının proqram direktoru İşiyama Şozo Azərbaycandan gəldiyimi eşidəndə “Oo! Hilal Baydarov!” dedi, sonra masamızda oturanlara “Durna çırağı” filmindən danışdı.

Azərbaycan Kinematorafçılar İttifaqının dəstəyilə qazandığım bu səkkiz-on günlük gözəl təcrübədən sonra bu qənaətə gəldim ki, biz kinofestival deyəndə gözümüzü, əsasən, Avropaya dikirik. Halbuki Asiya qitəsində də müasir tendensiyaların konyunktura toruna düşməmiş, “üçüncü, beşinci dünya ölkələrinə aid mövzular” kimi bölgülər  qoymayan sanballı festivallar var. Filmlərimizi göndərmək üçün festival axtaranda onları da nəzərə alsaq, pis olmazdı.

Yeri gəlmişkən, iki gün fasiləsiz yağışa məruz qalanda maraq güc gəldi, soruşdum; koreyalılar da yağış yağanda sosial mediada romantik statuslar yazıb şeir paylaşırlarmış.

Aygün Aslanlı