İyunun 25-də “Azərbaycan” CinemaPlus-da rejissor Cəmil Quliyevin “Cansıxıcı əhvalat” filmi ilk dəfə Azərbaycan dilində nümayiş olundu. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova qeyd etdi ki, “Cansıxıcı əhvalat” müəllif kinomuzun ən maraqlı nümunələrindən biridir və filmin premyerası 1988-ci ildə rus dilində baş tutub: ”Bu gün isə “Cansıxıcı əhvalat” ilk dəfə Azərbaycan dilində nümayiş olunacaq. Film dilimizə Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi ilə, peşəkar aktyorlar Elşən Rüstəmov və Nəcibə Hüseynovanın iştirakilə dublyaj edilib”.
Filmin nümayişindən sonra yaradıcı heyət moderatorun və tamaşaçıların suallarını cavablandırdı. Moderatorun “Filmin premyerasını necə xatırlayırsınız və 36 ildən sonra filmə böyük ekranda, üstəlik, Azərbaycan dilində baxmaq sizdə hansı təəssüratları yaratdı?” sualına cavab verən Cəmil Quliyev bildirdi ki, filmin premyerasında cəmi 4-5 adam iştirak edib: “Elə təşkil olunmuşdu ki, heç kim gəlməmişdi. Heç kimə deyilməmişdi. Operator Vaqif Behbudov həyat yoldaşı ilə, Xalq rəssamı Rafiz İsmayılov, kinoşünas Jenya Kovolenko. Ona görə bu gün filmə möhtəşəm premyera təşkil etdiyinizə görə sizə minnətdaram. “Cansıxıcı əhvalat” mərkəzi televiziyanın sifarişi ilə çəkilmişdi, ona görə rus dilində olmalı idi. Dialoqları Ramiz Fətəliyev tərcümə edib. Filmi səsləndirmək üçün rus peşəkar dublyaj aktyorları Bakıya gəldilər. Filmə musiqi ona görə yazılmadı ki, düşündüm ki, bu, əhvalatın atmosferini yumşaldar. Əcnəbi aktyorları dəvət etdik ki, o yaşda və fakturada bizdə aktyor tapmaq çətin idi”.
Filmin ssenari müəllifi Eldəniz Quliyev premyeranı xatırlamadığını dedi: “Amma bu, daha çox televiziya bədii filmidir. O vaxt televiziya bədii filmlərinin elə də möhtəşəm premyeraları olmurdu. Əsas odur ki, bu gün burada darıxdırıcı filmə dözüb sonadək baxdınız. Əlbəttə, çox adam fərqinə varmır ki, televiziya filminin, bədii filmdən fərqi var. Fərq ondan ibarətdir ki, bədii filmdə əsas olan obrazların inkişafıdırsa, televiziya filmində fikrin inkişafı əsas götürülür. Bu gün Azərbaycan Kinematoqrafçılar İttfaqına təşəkkür edirəm ki, bizi yığdınız və 36 ildən sonra bir duyğu keçirdim. Əlbəttə, bu gündən baxanda istərdim ki, bir az başqa cür olsun. Cəmil də istəyərdi. Amma film yenə də toxundu. Bu, mənim bir hekayəmdən yazılan ssenaridir. Özümə də yaxındır mövzu”.
Filmin operatoru Rafiq Quliyev də filmə 36 ildən sonra diqqət ayrıldığına görə təşəkkür etdi.
Filmdə ikinci rejissor qismində çalışan Elman Şeydayev dedi: “Bu gün artıq bu cür filmləri çəkmək mümkün deyil. O məkanlar da yoxdur. Tamamilə dəyişib hər şey”.
Ata obrazının cavanlığını oynayan Əliqulu Səmədov da çıxışına təşəkkürlə başladı: “Bu filmdən mənə yadigar qalan Cəmil müəllimin bir sözü oldu: “Əliqulu, sən mənim filmimin talismanısan”. Bilmirəm, hansı prizmadan çıxış edərək onu dedi. Amma o, mənim yaddaşımda qaldı. Mənim iştirak elədiyim kadrlar bir günə çəkildi. Və məni Yaltadan çəkilişə dəvət elədilər. O vaxt orada bir filmə çəkilirdim. Cəmil müəllimə, yaradıcı heyətə təşəkkür edirəm. Heç bu əsərin adında olduğu kimi cansıxıcılıqdan əsər-əlamət yoxdur”.
“Filmin vizual dili, estetikası necə formalaşıb?” sualına Cəmil Quliyev cavab olaraq bildirdi:
“Film üzərində işləyəndə əsas məsələ, bədii təsvir həllini tapmaq idi. Bu işdə Rafiq Quliyevin böyük zəhməti olub. Həm işığın quruluşu, rənglərin, məkanların seçimi baxımından. Quruluşçu rəssam Nazim Hacıyevin də əməyi çox oldu. Ümumiyyətlə, bu film debütantların işidir. O zaman “Azərbaycanfilm” kinostudiyasında şərait çətin idi, gənclərlə münasibət bir az başqa cür qurulurdu. Və onda Ramiz Fətəliyev bizə çox kömək etdi. Məkanları təmizləməyə qədər hər şeyi özümüz edirdik. Çünki işçilər yox idi. Həvəsimiz vardı ki, filmi ərsəyə gətirək. Ssenarini Ramiz Fətəliyev təklif elədi. Ssenari portfelində bu vardı. Onda Ramiz Rövşən baş redaktor idi. Onlar hər ikisi tövsiyə etdilər və biz çəkdik”.
Rejissor, AKİ-nin katibi Əli İsa Cabbarov bildirdi ki, filmin premyerası zamanı AzTv də yaradıcı heyəti bir verilişə dəvət etmişdilər: “Əsas yadımda qalan Rafiq müəllimin sözləri oldu. Təqribən belə bir fikir dedi ki, biz çalışırdıq filmin atmosferini, ideyasını kameranın sürətli hərəkəti və vizual dillə verək. Onda 12-13 yaşım vardı. Və fikirləşdim ki, filmin məzmunu, atmosferi, sən demə, kameranın hərəkəti ilə də bağlı olurmuş. Zaman keçdikcə, kino təcrübəm artdıqca, filmin dəyərini başa düşdüm. Filmə səssiz də baxsaq, çox şeyi anlamaq olar. Çünki ssenarinin əsasında rejissor və operatorun birgə işi dayanır və məzmunu çatdıra biliblər. Burada əsl kino dili var. Çox filmlərimizdə kino dırnaq arasında var, amma kino yoxdur. Burada kino var, atmosfer var. Bizim çox filmlərimizdə süjet, aktyor oyunu, yaxşı mətn var, amma atmosfer yoxdur. Səs operatoru Vladimir Savin çox yaxşı səs atmosferi yaradıb. Səs və küylərin vasitəsilə qəhrəmanların tənhalığını, müəllifin ona münasibətini verib. O vaxt Türkiyə kinosu Yeşilcam filmləri çəkirdi, biz isə belə filmlər. Sonra Türkiyə bu estetikaya keçdi. Avropaya çıxa bildi, amma təəsüf ki, bizdə bu estetika öz dəstəyini tapmadı. Bu film bir tamaşaçı kimi mənim üçün böyük hərflə kinodur, çünki burada təsvir dili var. Kimsə desə ki, kinonun teatr və ədəbiyyatdan fərqi nədir, bu filmi göstərmək olar. Bir də Abşeron mövzusuna toxunmaq istəyirəm. “Baladadaşın məhəbbəti”, “Bağ mövsümü” filmlərində fərqli bir Abşeron var. Burada isə tamam fərqli Abşeron. Deyəsən, Pirşağıdakı günbəzli hamamda da çəkilişlər vardı. Təsvirin gücüdür ki, Abşeron tamam yeni gözlə verilir və avtobusdakı səhnə, əminəm ki, son 50 ilin ən güclü epizodlarından biridir. Aktyor oyununa görə də film seçilir. Və burada deyilməmiş fikirlər, deyilmiş fikirlərdən daha çox söz deyir. Repressiyalara eyham var, azadlığın boğulmasına eyham var. Bir ailənin modelində cəmiyyət haqda hekayəni görürük. Ata və oğulların simasında cəmiyyətin müxtəlif qollarını görürük. Tamaşaçı olaraq təşəkkür edirəm müəllif heyətinə. Təsvirlə mətndən daha çox şey deməyi bacardığı üçün”.
Rafiq Quliyev bu ssenarinin Ramiz Rövşən və Ramiz Fətəliyev tərəfindən təklif edildiyini dedi: “Dedilər ki, belə bir maraqlı iş var, siz gənclər üçün maraqlı olar. Rejissor da Cəmil Quliyevdir. İmkan yarandı və fikirləşdim ki, xalq artisti ilə işləsəm, böyük şücaətlər göstərə bilməyəcəm. Ondansa, debütantla işləyim. Biz Cəmillə material üzərində işləyəndə, atların ölümü bədii ssenaridə maraqlı ritmə otuzdurulmuşdu, rejissor ssenarisində biz bunu önə çəkdik. Birinci hissənin üzərində işləməyə başladıq. Və o elə quruldu ki, sözə ehtiyac qalmadı. O vizual nəqllə bütün məqamlar aydınlaşdı. Ondan sonra məlum oldu ki, filmin hamısı bu estetika formasında çəkilməlidir. Sadəcə nə idi problem? Yazmışıq, çəkmək mümkün olacaqmı? Kağız üzərində film başqa, çəkiliş vaxtı film başqa, çəkilişdən sonra hazırlanan film başaqa, montajdan sonra başqa. Bu baxımdan o nəfəsi uzlaşdırmaq, tamaşaçıya o məqamları çatdırmaq, kadrarxası mənalarla ab-hava yaratmaq, düşündürmək vacib idi. “Cansıxıcı əhvalat” kino dilini öyrənmək baxmından axtarışlardır. Aydın idi ki, bu filmin geniş tamaşaçı auditoriyası böyük olmayacaq, amma öz tamaşaçısını tapacaq”.
Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov film haqda maraqlı fikirlər dedi: “Nəzərə alsaq ki, filmin rejissorunun 25, operatorun 30, ssenari müəllifinin 35 yaşı olub və filmin yükünü hiss edəndə, yaxşı mənada dəhşətə gəlirsən: bu cür psixoloji dram və bu cür gənc komanda. Dövrünə, zamanına etiraz var filmdə. Və son dövrlərin bir aktual məsələsi var ki, onda bu filmə necə yayım vəsiqəsi verilb? Susan ata sanki dövrünə etiraz edir. Onun övladlarının hər biri cəmiyyətin bir təbəqəsini təmsil edir. Bu film sanki bir ustad dərsidir. Rejissorun aktyorla, özü də gənc rejissorun peşəkar aktyorlarla, əcnəbi aktyorlarla işi baxımından. Rafiq müəllimin hansı səviyyədə operator olmasını deməyə ehtiyac yoxdur. Müstəqillik illərində, 1990-cı illərdə çəkilmiş filmlərimiz “Yarasa”, “Özgə vaxt”, “Hər şey yaxşılığa doğru” tamam başqadır, klassik filmlərimizdən fərqlənir. Bu filmdə 1990-cı illərdə çəkilmiş filmlərin hənirtisi var. “Cansıxıcı əhvalat” onlar üçün təkan olub. Tamaşaçı auditoriyası az olsa da, film sənət əsəridir”.
Aktrisa Xalidə Quliyeva bildirdi ki, bu estetikada filmləri XX əsrin ortalarında Tarkovski, Berqman çəkmişdi: “Çünki onlar filmin materialını hərəkət yox, zaman hesab edirdilər. Və biz filmə baxdıqca zamanı canlı olaraq hiss edirik. Bu ssenaridən gəlir həm də. Eldəniz müəllim Tarkovskinin tələbəsi olduğundan bu, onun şüuruna işləmişdi”.
Bu fikri davam etdirən Eldəniz Quliyev qeyd etdi ki, operatorun yaratdığı ab-havada vaxtın hərəkəti dəri ilə hiss olunur: “Eyzenşteyn deyirdi ki, kinonun materialı montaj və hərəkətdirsə, Fellini, Tarkovski və digərlərinə görə kinonun materialı təkcə bunlar yox, həm də zamandır. Sonra isə bu qənaətə gəldilər ki, vaxtın hərəkətidir. Biz intuitiv olaraq bu filmdə vaxtın hərəkətinə işarələr etmişik”.
Kinoşünas Sədaqət Kamalın fikrincə, “Cansıxıcı əhvalat” dərsliklərə salınmalıdır: “Mən düşünürəm ki, bu film universitetdə tədris olunmalıdır, çünki öyrəniləsi çox şey var. Adı “Cansıxıcı əhvalat” olsa da mən sıxılmadım, əksinə zövq aldım, xüsusən, estetikasına görə. Məncə, bu, geniş ekran üçün çəklimiş filmdir. Burada elə məqamlar var ki, onu geniş ekranda daha rahat görürsən”.
Elçin rolunun ifaçısı Eyyub Qiyas bildirdi ki, bu, onun aktyor kimi ikinci filmidir: “ Filmə çəkilməyim təsadüf oldu. Sevinirəm ki, bu filmdə mənim bir parçam var”.
Kinoşünas Kamran Qasımov da fikrilərini bölüşdü:
“Avtobus səhnəsi çox sevdiyim səhnələrdən biridir. Avtobus səhnəsi zaman və məkan şərtiliyinin ən bariz nümunələrindən biridir. Bu, həmin dövrün xaotikliyini və ətalətini göstərir. Çünki Sovet dövrünün insanlarına elə gəlirdi ki, zaman irəli gedir. Amma bu filmdə əksini görürük”.
Qeyd edək ki, rejissor Arif Babayevin xatirəsinə həsr olunmuş “Cansıxıcı əhvalat” Eldəniz Quliyevin “Mürşid kişi niyə susur?” hekayəsinin əsasında çəkilib. Süjetə görə, dinib-danışmayan ahıl Murad kişi (Giuli Çoxonelidze) arvadı (Fatma Xizroyeva) ilə dəniz kənarında, köhnə daxmada yaşayır. Qonşu Əliheydər (Dadaş Kazımov) onun şəhərdə yaşayan oğullarına atalarının xəstə olması barədə xəbər verir.
Uzun müddətdir ki, valideynlərini yoluxmayan oğulların hər birinin öz qayğısı var.Muradın oğullarından biri Fuad (Hamlet Xanızadə) milis orqanlarında işləyir. Ortancıl oğul Rauf (Rafiq Əliyev) qeyri-qanuni yollarla pul qazanır. Kiçik oğul Elçin (Əyyub Qiyas) isə yazıçıdır.
Oğullar valideynlərinə baş çəkməyə gələndə ata sevinmir, ancaq susur. Atalarını yoluxmağa gələn oğulların konflikti, qarşılıqlı ittihamları onların bir0birinə soyuq münasibətini aydınlaşdırır. Məlum olur ki, qardaşlar arasında yadlaşmada diktator xarakterli atanın xüsusi payı var. Müəlliflər ata və oğullar problemini, onların hər birinin daxili dünyasını əsasən vizual nəql vasitəsilə açıblar. Vəziyyətlər zəruri psixologizmlə yüklənir, çoxsaylı detal, adamsız, soyuq rənglə işlənmiş məkan təsvirlərində hekayə mətnsiz belə anlaşılır, əhvalatın atmosferi çılpaqlığı ilə hiss olunur. Doğmalar arasında ünsiyyətsizliyi təbiətin və gündəlik məişət işlərinin səs-küyü əvəz edir. Ailə arasında qırılmış bağı düzəltməyə çalışan təkcə anadır.
Yuxularında tez-tez gənc ikən güllələdiyi atları görən ata, etdiyi əməldən peşmandır. At, filmdə muradı simvolizə edir. Adı da Murad olan ata, atı – muradı qətlə yetirməklə günaha batır: ailədəki istiliyi məhv edir, uşaqların arzularını, azadlığını boğur. Tale onu övladlarının laqeydliyi, soyuqluğu ilə cəzalandırır. Tez-tez radioda sənaye və istehsalatdakı problemlər barədə diktor mətnlərinin səslənməsi yenidənqurma illərinin ab-havasını çatdırır.
Qeyd edək ki, “Cansıxıcı əhvalat” AKİ-nin təşəbbüsü ilə nümayiş olunub.