“Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı Azərbaycan Knematoqrafçılar İttifaqı, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının dəstəyi ilə “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” tərəfindən 1996-cı ildə təsis olunub. Festivalın ümumi ideologiyası iki mədəniyyətin – Şərq və Qərbin qarşılıqlı zənginləşməsinə xidmət edir.
Festivalın keçirilmə yeri kimi Azərbaycan və onun paytaxtı Bakının seçilməsi təsadüfi deyil. Avropa və Asiyanın Böyük Qafqaz dağ silsiləsi ilə kəsişən sərhədi Azərbaycandan keçir. Çindən Mərkəzi Avropaya kimi uzanan Böyük İpək yolu Şərq və Qərbi birləşdirərək buradan keçir. Qədimdən Azərbaycan müxtəlif mədəniyyətlərin kəsişdiyi mərkəz olub, Şərq və Qərb sivilizasiyası, müxtəlif milliyyətlər, dinlər, ənənələr və mədəniyyətlər Bakıda sülh içində yaşayıb, bir-birini zənginləşdiriblər. “Şərq-Qərb” kinofestivalının əsas vəzifəsi isə bu tendensiyanı qorumaq və artırmaq olub.
İlk beynəlxalq “Şərq-Qərb festivalı 1996-cı ilin oktyabrında keçirildi və o zamandan da Bakının mədəni prosesinin ayrılmaz hissəsi oldu. Eyni zamanda festival bütün postsovet məkanında böyük və əhəmiyyətli mədəni tədbirlərdən biri kimi avtoritet qazandı.
Bakı Beyəlxalq “Şərq-Qərb” festivalı böyük miqyaslı rejissorları, kino dramaturqarı, aktyorları, prodüserləri, kinoşünasları, kinosənaye rəhbərlərini, sənətşünasları və jurnalistləri əlaqələndirdi. “Şərq-Qərb” əsl kino peşəkarları üçün böyük bir disskusiya meydanına çevrildi, peşəkarlar bu festivalda qlobal miqyasda kinematoqrafiyanın müasir vəziyyətini, inkişafını, perspektiv və tendensiyalarını müzakirə etmək, araşdırmalar aparmaq imkanı qazandılar.
Müzakirələr kuluarlarda olduğu kimi, kiniofestivalın seminarlarında və dəyirmi masalarında da aparılırdı. Festival çərçivəsində “Postsovet məkanı: Kinematoqrafiya və həyat”mövzusunda dəyirmi masa keçirildi ki, bu masada MDB və Baltikyanı ölkələrin 90-cı illərdəki kino problemləri müzakirə olundu.